Dünən qeyd edilən yoluxma sayı avqustun əvvəlindən qeydə alınan ən yüksək saydır. Trend-in məlumatına görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, hazırda xəstəxanalarda reanimasiya şöbələrində 113 xəstə müalicə alır. Onların 16-sı süni tənəffüs aparatına qoşulub.
Y.Qarayeva əlavə edib ki, son zamanlar dünyada, xüsusilə bir çox Avropa ölkələrində karantin qaydaları yenidən sərtləşdirilir.
"Biz əsgərlərimizin qulluğunda durmağa hazırıq, amma bunun üçün bizə cəmiyyətimizin də dəstəyi lazımdır" - deyən TƏBİB-in şöbə müdiri bildirib ki, ötən gün Azərbaycanda 530 yeni yoluxma halı qeydə alınmışdı ki, bu da avqustun ortasından indiyə qədər ən böyük rəqəmdir: “Biz gözləməməliyik ki, rəqəmlər daha da artsın, biz tədbirlər görməliyik: “28 sentyabrdan etibarən tibb işçiləri cəbhə bölgəsində əsgərlərimizə xidmət göstərirlər. Bu baxımdan bizim cəmiyyətimizdən istəyimiz odur ki, diqqətli olsunlar, çünki bu vəziyyətdə bizim üçün ikinci cəbhənin açılması deməkdir. Koronavirusla mübarizə ordumuza dəstəkdir, qələbəyə dəstəkdir. Biz kütləvi tədbirlərdən uzaq durmalıyıq, qoruyucu maskalardan istifadə etməliyik, ara məsafəsi saxalayaq və bu şəkildə qələbəmizə dəstək olaq”.
Y.Qarayeva deyib ki, Gigiyena və Epidemologiya mərkəzləri təhsil müəssisələrini nəzarətdə saxlayır. O bildirib ki, mərkəz koronavirus ocaqları olan müəssisələrin hamısına nəzarət edir: “Təhsil və digər müəssisələrdə virus alovlanırsa, həmin müəssisə nəzarətə götürülür və tədbir görülür. Kursların davam etdirilməsinə gəlincə isə, hazırda kurslara gedən şagirdlər böyük yaşlılardır və onların maskadan istifadə etməsi mümkündür. Biz tövsiyə etmişdik ki, azyaşlı şagirdlər maskadan istifadə etməsin. Amma yuxarı siniflərin maskadan istifadəsi üçün heç bir problem yoxdur. Ona görə də kurslarda gigiyenik qaydalara və tibbi maskadan istifadəyə nəzarət olmalıdır”.