26/10/2020 02:41
728 x 90

Virusun yayılma dalğası artdıqca, həkim azlığı qorxusu – peşəkarlar nə deyir…

Vasif Əliyev: “Xəstələrin sayı artarsa, xəstəxanalarda yer qıtlığı yaranmaqla bərabər, həkim azlığı ilə də üzləşə bilərik”

img

Məlum olduğu kimi, son günlər Azərbaycanda virusa yoluxanların sayında kəskin artım müşahidə olunur. Keçən aylarda yoluxma dinamikası aşağı düşsə də, sağalanların sayı yoluxanların sayını üstələsə də, oktyabrın ilk həftələrindən bunun əksini görürük. Bu gün virusa yoluxanların sayının 360 nəfəri keçməsi, onlar arasında, həmçinin, şagirdlərin də olması cəmiyyətdən daha məsuliyyətli davranış göstərmək tələbini ortaya qoyur.

 

Yoluxma sayının artması, virus dalğasının genişlənməyə doğru getməsi bir sıra məsələləri gündəmə gətirir. Həkimlərimizin xeyli hissəsi ön cəbhədədir. Bu baxımdan, virusa yoluxanların sayı sürətlə artarsa, biz həkim çatışmazlığı ilə üzləşə bilərikmi?   

Qeyd edək ki, həkim-infeksionistlərin böyük əksəriyyəti hesab edir ki, koronavirusa yoluxma sayı artarsa, həkim çatışmazlığı yarana bilər.

  • “Karantin rejimində bəzi qaydalar yenidən sərtləşdirilməlidir”

TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev “Bakı-Xəbər”ə vəziyyəti belə təhlil etdi: “Düşünürəm ki, insanlar qaydalara riayət etməzsə, yoluxmaların qarşısının alınması üçün qəti tədbirlər görülməzsə, karantin rejiminin tələblərində də bəzi sərtləşdirmələr olmazsa, gələcəkdə yoluxmaların sayında artım da, həkim çatışmazlığı da ola bilər. Xəstələrin sayı artarsa, xəstəxanalarda yer qıtlığı yaranmaqla bərabər, həkim azlığı ilə də üzləşə bilərik. Düzdür, bu gün cəbhədə yaralılara kömək edənlər daha çox terapevt və cərrahlardır. Amma yenə də ölkə daxilində koronovirusun yayılması, sadəcə, vətəndaşları deyil, eyni zamanda, ordumuzun da üzvlərini təsir altına ala bilər. Bu baxımdan, infeksiyanın yayılması bu şəkildə davam edərsə, istər həkimlər, istər mülki vətəndaşlarımız, istərsə də ordumuz olsun, daxildə yayılma olacaq və bu da çox mənfi təsirlərə gətirib çıxara bilər”.

V.Əliyevin fikrincə, karantin qaydalarına yenidən baxılmalıdır və buna ehtiyac var: “Bu məsələdə yalnız bir həkim kimi öz fikrimi deyə bilərəm. Srağagün yoluxanların sayı 277 idi. Sonradan 369-a qədər yüksəlmə müşahidə olunub. Amma sonrakı günlərdə yoluxanların sayında 450-yə qədər artım olarsa, sərtləşdirmə qaçılmaz olmalıdır. Xatırlayırsınızsa, yay aylarında  500-600 civarında yoluxma sayı vardı. Biz mövcud vəziyyətdə iki cəbhədə savaş apara bilmərik -  həm ön, həm də arxa cəbhədə. Yəni burada düşünün ki, həm həkim, həm də xəstəxanalarda yer çatışmazlığı yaransa, necə ola bilər? Birincisi, bu nəzarətə götürülməlidir. Eyni zamanda da insanlar öz məsuliyyətlərini anlamalıdırlar. Həmçinin, insanların fərdi məsuliyyətinə güvənmək olmaz. Mövcud vəziyyətdə ciddi addımlar atılmalıdır. Karantin rejimində bəzi qaydalar yenidən sərtləşdirilməlidir. Bilirsiniz ki, bəzi rayonlara giriş-çıxış qadağan olunub. Virus bu şəkildə artmağa doğru gedərsə, təbii ki, mütləq mənada insan təmasını azaltmaq lazımdır. Bu gün bütün insanların diqqəti ön cəbhəyə yönəldiyinə görə koronavirus aktuallığını itirib. İnsanlar koronavirusa adi gözlə baxmağa başladılar, bu onlar üçün bir az adiləşdi. Amma bu baxımdan, insanlar zəruri tədbirlərə riayət etməkdən uzaqlaşdı. Virusun yayılmasına bu amilin də güclü təsiri oldu”.

İradə SARIYEVA

Son xəbərlər