Paytaxt məktəblilərinin təşəbbüsü ilə Azərbaycan Ordusuna çoxsaylı dəstək aksiyası keçirilir. Onlardan ən geniş vüsət alanı şagirdlərin böyük həvəs və ruh yüksəkliyi ilə əsgərlərə məktublar yazma aksiyasıdır. Xalqımızın həmrəyliyini simvolizə edən bu kimi təşəbbüslər xalqın monolit birliyinin sübutu və ölkəmizin haqq etdiyi böyük qələbəyə kiçik bir töhfədir.
Məktublarda Azərbaycan əsgərinə göstərdiyi qəhrəmanlığa və möhkəm iradəyə görə minnətdarlıq edilir, xalqımızın hər bir nümayəndəsinin döyüşə hazır olduğu bildirilir və ərazi bütövlüyümüzün bərpasına sonsuz inam ifadə olunur.
Məktəblərdə şagirdlər tərəfindən torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının ruhu yad edilir. Vətənpərvərlik mövzusunda keçirilən dərslərdə də şagirdlər Ermənistan silahlı birləşmələri tərəfindən dinc əhalinin intensiv atəşə tutulması, Azərbaycan Ordusu tərəfindən düşmən təxribatının qarşısının qəhrəmanlıqla alınması barədə fikirlərini bildirirlər.
Məktəblilər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üçrəngli bayrağımızın doğma Qarabağın hər bir guşəsində dalğalanacağına inandıqlarını bildirir, "Qarabağ bizimdir, bizim olacaq!", "Şəhidlər ölməz, Vətən bölünməz!", "Biz birlikdə güclüyük!", "Azərbaycanın güclü ordusu var!" və digər bu kimi fikirləri ifadə edirlər.
Məktəblilərin əsgərə məktub layihəsi hər kəs tərəfindən yüksək qiymətləndirilir.
“Məktəblilərin əsgərlərə yazdıqları məktublar Azərbaycan xalqının ovqatını, əhval-ruhiyyəsini əks etdirir”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, məktəblilərin əsgərlərə yazdıqları məktublar Azərbaycan xalqının ovqatını, əhval-ruhiyyəsini əks etdirir: “O məktublar qorunub saxlanacağı təqdirdə, gələcək nəsillər bu gün ölkəmizdə baş verən hadisələrdən onlar vasitəsilə xəbər tutacaq. O məktub sayəsində hərbçi Azərbaycan xalqının öz əsgərini necə sevdiyini, əsgərə necə inam bəslədiyini və qələbə xəbərlərini gözlədiyini öyrənəcək. Bu bir salnamədir. İllər, əsrlər sonra insanlar biləcək ki, xalq öz əsgərinə nə yazıb. Bir var əsgər yalnız öz ailəsi ilə, doğmaları ilə əlaqə saxlayır, bir də var ölkənin müxtəlif bölgələrindən olan məktəblilər onlara ürək sözlərini yazırlar. Əsgərlərin məktəblilərin ürək sözünü oxuması onlar üçün stimul olacaq. Əsgər həmişə xalqın sevimlisidir. Amma əsgər Vətən torpağını qoruyursa, Vətən torpağını işğaldan azad edirsə, o əsgər xalqın baş tacıdır!”.
Günel CƏLİLOVA