Sentyabr ayının 27-dən cəbhədə şiddətli döyüşlər gedir. Əvvəlki döyüşlərdən fərqli olaraq, bu dəfə ölkədə hərbi vəziyyət elan olundu və internetin verilməsində, eləcə də sosial mediaya daxil olmaqda məhdudiyyətlər tətbiq edildi.
Hazırda bir çox yerdə internet məhdudiyyəti var və xüsusi proqramlar olmadan sosial mediaya daxil olmaq mümkün deyil. Cəbhə ilə bağlı bütün məlumatlar ancaq bir mənbədən yayımlanır – Müdafiə Nazirliyinin rəsmi saytından. İnternetin və sosial mediaya girişin məhdudlaşdırılması dezinformasiyaların yayılmasının qarşısını almağa hesablanıb.
İnternetin məhdudlaşdırılma səbəblərindən asılı olmayaraq, provayderlər onlardan xidmətlərin tam qiymətini tələb etməklə istehlakçı hüquqlarını pozurlar. Belə çıxır ki, istehlakçılar paketin hamısını ödəyirlər və eyni zamanda, müqavilədə göstərilən internet həcminin yarısından azını alırlar. Belə olan halda, təklif olunur ki, provayderlər internet məhdudiyyəti olduğu dönəmdə istehlakçılardan aldığı pulu geri qaytarsın, ya da əhaliyə pulsuz internet versinlər.
Xatırladaq ki, sentyabrın 27-də Milli Məclisin növbədənkənar iclasında Azərbaycan Respublikasında hərbi vəziyyət rejimi elan olunması haqqında Prezident İlham Əliyevin Fərmanının təsdiq olunması barədə məsələ müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra parlament Fərmanın təsdiq edilməsi ilə bağlı qərar qəbul edib.
Fərmana əsasən, 28 sentyabr 2020-ci il tarixindən, saat 00.00-dan etibarən Azərbaycan ərazisində hərbi vəziyyət elan edilib.
Ondan bir gün əvvəl isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq edəcəyi haqda məlumat yayıb: "Azərbaycan vətəndaşlarının münaqişə vəziyyətində internetlə bağlı yarana biləcək məhdudiyyətlər səbəbindən anlayış göstərəcəklərinə ümid edirik”.
“…istehlakçı hüquqlarının kobud şəkildə pozulması deməkdir”
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, provayder ilə müştərilər arasında müqavilə tərtib edilərkən internetin sürəti üçün tarif nəzərə alınır və xidmətlər üçün vahid tarif yoxdur: "Qiymət internetin sürətindən asılıdır. Azərbaycanda iki həftə ərzində internetin sürəti azaldı, bu da provayderlər tərəfindən müqavilə öhdəliklərinin pozulması və istehlakçı hüquqlarının kobud şəkildə pozulması deməkdir".
Onun fikrincə, indi iki yol var, ya provayderlər istehlakçılara itirilmiş sürəti əlavə olaraq ödəməlidirlər, ya da provayderlər bir-birilə razılaşmalı və müştərilərinə bu günə qədər interneti məhdudlaşdırdıqları müddət üçün pulsuz internet təqdim etməlidirlər.
Günel CƏLİLOVA