Vətənpərvərlik və milli-mənəvi şüurun təbliği və aşılanması məsələsinə xüsusilə pedaqogikada diqqət edilməlidir. Vətənpərvərlik pedaqoji prosesdə tədris olunan mövzunun məqsədində mütləq yer almalıdır. Torpaqlarımızın 20%-nin işğalda olduğu, hazırda ərazilərimizin geri qaytarılması üçün müharibə aparıldığı bir vaxtda orta məktəblərdə milli şüur tərbiyəsi ən aktual problemlərdən biridir.
Qeyd edək ki, hazırda Azərbaycanda ümumtəhsil müəssisələrinin 10 və 11-ci siniflərində oğlan və qız şagirdlərinə il boyu 68 saat və həftədə 2 saat olmaqla “Çağırışaqədərki hazırlıq” dərsləri tədris olunur. Ancaq ali məktəblərdə hərbi dərslər tədris olunmur. Bu səbəbdən də ekspertlər təklif edirlər ki, əvvəllər ali təhsil müəssisələrində mövcud olan hərbi kafedralar yenidən bərpa edilsin. Ali təhsilli şəxslərə hərbi dərslər, hərbi bilik və bacarıqlar aşılanmalıdır.
Üzeyir Cəfərov: “Azərbaycanın ali və orta məktəblərində hərbi dərslər keçirilməlidir”
Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Azərbaycanın ali və orta məktəblərində hərbi dərslər keçirilməlidir: “Nəzərə almaq lazımdır ki, biz müharibə şəraitində olan ölkənin vətəndaşlarıyıq. Hərbi dərslərin yenidən keçirilməsi təbii ki, təqdirəlayiq haldır. Ona görə ki, istər orta, istərsə də ali məktəbdə təhsil alan şəxs müəyyən müddətdən sonra hərbi xidmətə gedir. Orada ona silahla davranmaq və s. barədə dərs keçirilir.Amma artıq müəyyən hərbi hazırlıq görmüş, vətənpərvərlik ruhunda tərbiyə olunmuş tələbələr hərbi hissələrə hazır gedəcəklər. Yəni hərbidə onlara sıra hazırlığı, atəş hazırlığı keçməyə heç ehtiyac da qalmayacaq. Bir sözlə, bu məsələ üzərində işləmək və təkmilləşdirmək lazımdır”.
Kamran Əsədov: “Əvvəllər ali təhsil müəssisələrində mövcud olan hərbi kafedralar yenidən bərpa edilməlidir”
Təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, hərbi fənni tədris edən müəllimlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin hərbi hazırlıq və fiziki təlim fakültəsini bitirən məzunlar və eyni zamanda silahlı qüvvələrdən ehtiyata buraxılan zabitlərdir. Azərbaycanın müharibə şəraitində olması gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasını labüd edir. Yeniyetmə və gənclərə milli ruhun aşılanması prosesi hələ körpə yaşlarından həyata keçirilməli, məktəblərdə davam etdirilməli və təkmilləşdirilməlidir. Bu baxımdan orta məktəblərdə tədris olunan hərbihazırlıq fənlərinin böyük əhəmiyyəti var”.
Təhsil eksperti qeyd etdi ki, əvvəllər ali təhsil müəssisələrində mövcud olan hərbi kafedralar yenidən bərpa edilməlidir:“Ali təhsilli şəxslərə hərbi dərslər, hərbi bilik və bacarıqlar aşılanmalıdır. Çünki biz müharibə şəraitində yaşayırıq, hər kəs ilkin hərbi bilik və bacarıqlara sahib olmalıdır”.
Günel CƏLİLOVA