"Kontakt Home" torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə iştiraka çağırılan hərbçilərin və onların birinci dərəcəli ailə üzvlərinin kredit ödənişlərini dayandırıb. Bu güzəşt hərbi mükəlləfiyyəti olan şəxslərə, hərbçilərə, tibb işçilərinə aid edilib.
"Kontakt Home" səfərbərliklə bağlı hərbi xidmətə çağırılan bütün müştərilərin, eyni zamanda, onların birinci dərəcəli ailə üzvlərinin kredit ödənişlərini səfərbərlik bitənədək dayandırmaq qərarına gəlib.
Şirkətin məlum qərarı hər kəs tərəfindən yüksək qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, insanların əksəriyyətinin müxtəlif banklara kredit borcu var. Hazırkı məqamda kommersiya bankları qazancı düşünməli deyil. Bəzi banklar yenə də ödənişin vaxtında ödənilməsi üçün sözügedən kateqoriyadan olan vətəndaşların ailələrini narahat edirlər.
“Təkcə şəhidlərin özlərinin yox, həm də ailə üzvlərinin bank borcları bağışlana bilər”
Məsələ ilə bağlı fikir bildirən sosial sahə üzrə ekspert İlqar Hüseynli qeyd etdi ki, Azərbaycanın əhalisinin böyük əksəriyyətinin bank borcları var, onların içində hərbçilər və ailə üzvləri də az deyil: “Hesab edirəm ki, təkcə şəhidlərin özlərinin yox, həm də ailə üzvlərinin - ata, ana, bacı, qardaş, övladlar və həyat yoldaşlarının bank borcları bağışlana bilər. Çünki o şəxslər vətənə elə bir qurban veriblər ki, onların borclarının bağlanmasına ehtiyac var. Ancaq, təbii ki, heç bir bankı buna məcbur etmək olmaz. Bu, bankın öz təşəbbüsü, öz qərarı olmalıdır”.
Günel CƏLİLOVA