Xalqımız Azərbaycan Ordusunun düşmənə qarşı mübarizəsində onu tək qoymur. Sentyabrın 27-də düşmənin cəbhəboyu ərazilərdə təxribatından sonra Azərbaycan Ordusu əks-hücuma başlayıb və işğal altındakı bir sıra kəndlərimiz azad edilib. Xalqımızda qələbənin gətirdiyi ruh yüksəkliyi müşahidə olunur və bunu həyatımızın bir çox sferasında müşahidə edə bilərik.
Ölkəmizdə elan olunan hərbi vəziyyətdən sonra Qan Bankına yaxınlaşaraq, könüllü qan verənlərin sayı kəskin şəkildə artıb. Belə ki, qan verənlər izdiham yaradıblar.
Qeyd edək ki, insan izdihamını biz bankların, müxtəlif obyeklərin qarşısında şəxsi problemlərinin həll olunması üçün görmüşdük. Ancaq bu gün yaşından, vəzifəsindən asılı olmayaraq, hər kəs cəbhəboyu ərazilərdə baş verən hadisələri düşünür. Döyüşdə iştirak edən əsgərlərə yardım etmək istəyirlər. Çoxlu sayda insan ordumuz üçün könüllü qan vermək üçün izdiham yaradıb. Mərkəzi Qan Bankının qarşısına toplaşan vətəndaşlar Azərbaycan Ordusuna mənəvi dəstək olmaq məqsədilə qan verirlər. Onu da qeyd edək ki, qan verən insanlar xüsusi karantin rejiminin qaydalarına əməl edirlər.
“...bizim vətənpərvər ruhda olmağımız düşmən dövlətə sarsıdıcı zərbədir”
“Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, səhhəti imkan verən hər kəs orduya birlik və həmrəylik nümayiş etdirmək məqsədilə qan verir: “Donorlar yaralı əsgər və zabitlər üçün qan verməklə Azərbaycan Ordusunun düşmənə qarşı mübarizəsində onları tək qoymurlar. Bu çox sevindirici haldır ki, insanlarımız orduya dəstək olmaq məqsədilə qan vermək üçün saatlarla növbədə dayanırlar. Ordumuz üçün könüllü qan verənlərin izdihamının şahidi olmaq qürurvericidir. Rəsmi məlumata görə, hazırda qan ehtiyatı tam olaraq təmin olunub”.
Həmsöhbətimiz son olaraq bildirdi ki, orduya dəstək olmaq üçün insanlar əllərindən gələni etməyə hazırdırlar: “Nəzərə almaq lazımdır ki, insanlar 30 ildir bu günün arzusunda idilər. İnşallah, yaxın zamanda qələbə xəbəri bütün dünyaya yayılar. Onu da qeyd edim ki, bizim vətənpərvər ruhda olmağımız düşmən dövlətə sarsıdıcı zərbədir”.
Günel CƏLİLOVA