23/10/2020 00:54
728 x 90

Karantin rejimi sentyabrın 30-da bitir, virus yoluxmalarında isə yeni artımlar var – nə etməli…

img

Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən karantin rejiminin sentyabrın 30-da bitməsi gözlənir. Lakin bəzi mütəxəssislər karantin rejiminin uzadılacağını düşünürlər. Səbəb isə son günlər koronavirusa yoluxma sayının artmasıdır.

Maraqlıdır, bu həftə Azərabaycanda karantin rejimi yenidən uzadılacaqmı?

  • Musa Quliyev: “Karantinin sərtləşməsi epidemioloji şəraitdən asılıdır”

Millət vəkili Musa Quliyev bildirdi ki, yumşalma olan kimi yoluxma sayında artım olur: “Nəzərə alaq ki, üzü qışa doğru gedirik, soyuq, küləkli, rütubətli günlərin sayı artacaq. Bu aylarda insanların immunitetləri də aşağı düşür. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu il karantin rejimi uzun müddət davam etdiyi üçün insanlarda immun sistemi də bir o qədər güclü formalaşmayıb".

Komitə sədri onu da əlavə etdi ki, bütün bu amilləri nəzərə alaraq, karantin rejiminin gələn aylarda da davam etdirilməsi daha yaxşı olar: “Karantinin sərtləşməsinə hələlik ehtiyac yoxdur. Karantinin sərtləşməsi epidemioloji şəraitdən asılıdır. Yoluxma halları 150, 200-dən yuxarı olarsa, virusun aqressivliyi, ölüm hallarının artımını müşahidə edəriksə, onda yenidən sərt karantin rejiminə keçmək haqqında danışmaq olar. Amma hələlik yumşaldılmış karantin rejiminə davam etməliyik. Maskadan istifadəyə nəzarəti artırmalıyıq. Son müşahidələr göstərir ki, artıq maskadan istifadəyə bir qədər biganə yanaşma var, xüsusilə metroların çıxışlarında olan xırda ticarət mərkəzlərində. İri marketlərdə maskadan istifadəyə nəzarət var, kiçiklərdə isə o qədər də ciddi yanaşma yoxdur. Çalışmalıyıq ki, insanların kütləvi toplandığı qapalı məkanlarda məhdudiyyət tədbirləri tətbiq olunsun”.

Millət vəkili hesab edir ki, məktəblər yenidən tam şəkildə onlayn tədrisə keçməlidir: “Müşahidələr məktəblər açıldıqdan sonra yoluxma hallarının artmasını göstərir. Bunun üçün  məktəbləri də, ən azı, bu ilin sonuna, daha yaxşı olar ki, gələn ilin mart ayına kimi onlayn təhsil rejiminə keçirmək lazımdır".

  • Vasif İsmayıl: “Peyvənd tapılana kimi karantin rejimi davam etdirilməlidir”

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl bildirdi ki, Azərbaycanda karantin rejimi yenidən uzadılacaq, çünki koronavirusdan canımızı qurtarmağın effektli yolu tapılmayıb: “Bu gün önəmli olan sağlıqdır. Peyvənd tapılana kimi karantin rejimi davam etdirilməlidir. Bir qədər səbrli olub, qaydalara əməl edərək, bu xəstəlikdən qorunmalıyıq”.

Günel CƏLİLOVA

Son xəbərlər