23/10/2020 01:01
728 x 90

Bakının avtodayanacaqlarında informasiya terminallarının gün-dirriyindən xəbərdar olanlar varmı…

Ərşad Hüseynov: “İnformasiya monitorlarının işləməməsinin bir səbəbi də sistemin düzgün təşkil olunmamasıdır”

img

Bakıdakı avtobus dayanacaqlarında quraşdırılan avtobus informasiya terminallarının çoxu işləmir. Hazırda dayanacaqların bəzilərində terminal ümumiyyətlə yoxdur, olanların çoxu işləmir, işləyən monitorda isə ya reklam gedir, ya da Bakı Nəqliyyat Agentliyinin loqosu yazılıb. Bir sözlə, işləyən terminalların da çoxu təyinatı üzrə xidmət göstərmir.

Qeyd edək ki, informasiya terminalı cəmi 2 il işlək vəziyyətdə olub. Lakin sonradan monitorlara hər hansı bir proqram yüklənmədiyindən, cihazlar istifadəsiz qalıb. Bəzilərini toz-torpaq basıb, digərlərinin isə ekranı sınıb. Sərnişinlərin işini asanlaşdırmaq üçün nəzərdə tutulan monitorlar işləmədiyindən, indi dayanacaqlarda lazımsız avadanlığa çevrilib.

Məlumat üçün bildirək ki, intellektual idarəetmə sisteminin təkcə paytaxtda reallaşdırılması üçün təxminən 100 milyon manat vəsaitin ayrıldığı bildirilir. Bakıdan sonra bu layihənin bütün bölgələri əhatə etməsi də nəzərdə tutulurdu. Lakin nəqliyyat sahəsində buraxılan ciddi səhvlər ucbatından sistem hazır vəziyyətə gətirilə bilmədi. Bununla yanaşı, ötən müddət ərzində intellektual sistem üçün çəkilən elektrik və fiberoptik xətlərin də yollarda aparılan müxtəlif təyinatlı işlər zamanı zədələnib sıradan çıxdığı bildirilir. Bu xətlərin bərpa olunması üçün isə əlavə vəsait tələb olunur.

  • “Sistemin yenidən işlək vəziyyətə gətirilməsi üçün külli məbləğdə vəsait tələb olunur”

Məsələ ilə bağlı fikir bildirən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, informasiya monitorlarının işləməməsinin bir səbəbi də sistemin düzgün təşkil olunmamasıdır: “Sistemin yenidən işlək vəziyyətə gətirilməsi üçün külli məbləğdə vəsait tələb olunur. Həmin vəsaitdən nə dərəcədə təyinatına uyğun olaraq şəffaf şəkildə istifadə olunacağı bəlli deyil. Bu məsələdə dövlətin xüsusi nəzarəti olmalıdır ki, sistem normal qaydada işləyə bilsin”.

Günel CƏLİLOVA

Son xəbərlər