Azərbaycanda koronavirusa qarşı peyvəndlə bağlı strategiya hazırlanır… Vaksinlər ilk kimlərə vurulacaq? – TƏBİB açıqladı

Azərbaycanda koronavirusa qarşı peyvəndin kimlərə vurulacağı ilə bağlı strategiya hazırlanır. “Trend”in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
R.Bayramlı bildirib ki, hazırda Azərbaycan koronavirusa qarşı peyvəndlə bağlı həm ikitərəfli, həm də çoxtərəfli danışıqlar aparır.
O qeyd edib ki, hazırda dünyada 9 şirkət peyvənd hazırlığının 3-cü mərhələsindədir. Həmin peyvəndlərdən hansı beynəlxalq səhiyyə qurumları tərəfindən təsdiq olunacaqsa, Azərbaycan da vaksini tətbiq edən ilk ölkələr sırasında olacaq.
Koronavirusla Mübarizəyə Dəstək Fondunun (KMDF) İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında çıxış edən R.Bayramlı deyib ki, hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət stabildir.
R.Bayramlı qeyd edib ki, ölkəmizdə koronavirusla mübarizə istiqamətində tədbirlər öz nəticəsini göstərib. Vaksinlərin alınması üçün vəsait KMDF-dan ayrılacaq: "Bugünkü iclasda İctimai Nəzarət Şurasına məlumat veriləcək və Şuranın razılığı ilə vaksinin alınması üçün KMDF-dən vəsait ayrılacaq".
“Aparılan araşdırmalara əsasən, ilkin mərhələdə əhlinin 20 faizinə koronavirusa qarşı vaksinin vurulması epidemioloji vəziyyətə müsbət təsir göstərə bilər” – deyən R.Bayramlı qeyd edib ki, vaksinlərlə bağlı Azərbaycanda iki istiqamətdə iş aparılır. Bir istiqamət vaksinin ölkədə istehsal edilməsi, digər istiqamət isə xaridən alınaraq Azərbaycana gətirilməsidir: “Vaksinlərin hazırda Azərbaycanda istehsalı mümkün görünmür. Nəinki Azərbaycanda, bir çox ölkələrdə bu mümkün deyil. Ona görə də əsas istiqamət vaksinlərin xaricdən gətirilməsidir”.
R.Bayramlı deyib ki, Azərbaycanda ilkin mərhələdə əhalinin 20 faizi koronavirusa görə vakinasiya olunacaq. R.Bayramlı bildirib ki, kimlərin vaksinasiya olunması ilə bağlı risk qrupları müəyyən edilib. O qeyd edib ki, yəqin ki, bu həftə sonu strategiya hazırlanacaq və ictimaiyyətə açıqlanacaq.
R.Bayramlının sözlərinə görə, risq qrupuna səhiyyə işçiləri, əhali ilə sıx təmasda olan hüquq mühafizə orqanları, eyni zamanda əhalinin yanaşı xəstəliyi olan hissəsi, o cümlədən dializ xəstələri, şəkərli diabet xəstələri, ürək qan damar xəstəlikləri, böyrək çatışmazlığı və digər xəstəliyi olan şəxslər daxildir.
TƏBİB sədri əlavə edib ki, vaksinasiya könüllü xarakter daşıyacaq.