25/10/2020 17:12
728 x 90

Taksi şirkətlərinin xüsusi proqramları - hər kilometrin qiymətini 50-60 qəpikdən 80-90 qəpiyə qaldırırlar…

Azər Allahverənov: “Bu, süni qiymət artımı da ola bilər”

img

Son vaxtlar Bakıda fəaliyyət göstərən taksilərdə gediş qiyməti əvvəlki vaxtlarla müqayisədə 15-20 faizədək artıb. Məlumdur ki, karantin rejimi ilə əlaqədar olaraq şənbə-bazar günü ictimai nəqliyyatın hərəkəti dayanıb.

Vəziyyətdən istifadə edən bəzi işbaz taksi sürücüləri həftənin son günləri gedişhaqqını qaldırırlar. Ancaq bəzi taksi sürücüləri də var ki, onlar nəinki həftənin axırı, ümumiyyətlə, süni şəkildə qiyməti qaldırırlar. Belə ki, bəzi taksi şirkətləri xüsusi proqramlar vasitəsilə qiymətləri artırırlar. Gedişhaqqı hər kilometrə görə 50-60 qəpik təşkil etdiyi halda, bəzi taksilərdə proqram vasitəsilə gedişhaqqı 80-90 qəpikdən hesablanır.

  • “…taksinin hansı gündə və hansı saatda sifariş edilməsi də qiymətə təsir edir”

Məsələ ilə bağlı fikir bildirən nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov qeyd etdi ki, taksilərdə gediş qiyməti artımının bir neçə səbəbi var: “Birincisi, bu, süni qiymət artımı da ola bilər. Yəni taksi şirkətləri öz aralarında razılığa gəliblər ki, qiyməti qaldırsınlar. İkincisi, taksiyə tələbin artması da qiymət artımını qaçılmaz edir. Bildiyimiz kimi, bir müddət ictimai nəqliyyata müəyyən məhdudiyyətlər tətbiq edildi, metronun fəaliyyəti dayandırıldı. Bu səbəbdən də insanların bir qismi işə gecikməsin deyə, taksilərdən istifadə etmək məcburiyyətində qaldı. Bu da qiymət artımına gətirib çıxardı”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, bəzi taksi şirkətləri xüsusi proqramlar vasitəsilə qiymətləri artırır: “Normalda gedişhaqqı hər kilometrə görə 50-60 qəpik təşkil edir. Bəzi taksilərdə isə gedişhaqqı 70 qəpikdir. Lakin taksinin hansı gündə və hansı saatda sifariş edilməsi də qiymətə təsir edir. Taksi sifarişlərində qiymət artımı onlayn aqreqatorlar vasitəsilə həyata keçirilir. Həftənin günü və ya günün saatından asılı olaraq, sifariş edilən taksiyə tələbat artdıqda, yüksələn əmsal sistemi işə salınır. Bu da, nəticə etibarilə, qiymətin artmasına səbəb olur. Bu, süni müdaxilə nəticəsində baş verir. Buna görə də şənbə və bazar günləri qiymət artımı müşahidə edilir”.

Günel CƏLİLOVA

Son xəbərlər