01/11/2020 02:08
728 x 90

Azyaşlı qızlar arasında intihar faktları çoxalır – intim görüntü şantajlarının fəsadı…

Vəfa Rəşidova: “…onu ölümə sürükləyirik”

img

Son zamanlar azyaşlı qızların və gənc xanımların intihar xəbərləri ilə tez-tez rastlaşırıq. Bu intiharların səbəbi kimi onların intim görüntüləri ilə şantaj olunması göstərilir.

Qeyd edək ki, ötən həftə Bakıda 27 yaşlı müəllimə intihar edib. İntim fotoları ilə şantaj olunduğu deyilir. Ümumiyyətlə, intim məzmunda şantaj olunan qadın və qızlar az deyil.

Bəllidir ki, intim mövzuda şantaj olunan xanımlar ictimai qınaqdan ehtiyat edirlər. Çünki namus məsələsində cəmiyyətin nə qədər zalım olduğunun fərqindədir. Peşman olub normal həyatına davam etmək istəsə də, insanların imkan verməyəcəyini, “camaat”ın qınağına tab gətirə bilməyəcəyini düşünür. Beləcə, biz onu etdiyi xətadan daha böyük yanlışa - intihara sürükləyirik. Elə bir səhvə ki, geriyə dönüşü yoxdur. Bacara bilməyəcəyini düşünüb, həyatını bitirir.

  • “Bilmədən zərərli insanlarla dostluq edirlər, yaxşını pisdən ayıra bilmirlər”

Psixoloq Vəfa Rəşidova bildirdi ki, intiharlar ailə mühitindən və məlumatsızlıqdan qaynaqlanır: “Sual oluna bilər ki, niyə intihar ailə mühitindən qaynaqlanır? Çünki valideyn övladını vaxtında bəzi məsələlər haqda xəbərdar etmir. Halbuki, biz bütün məsələləri övladlarımıza başa salmalıyıq. Uşaqlarımız üçün zərərli nə varsa, hamısı haqqında onları məlumatlandırmalıyıq. Bəzi hallarda elə olur ki, onlar analiz edə bilməyib, müəyyən təhlükəli qrupların əhatəsinə düşürlər. Bilmədən zərərli insanlarla dostluq edirlər, yaxşını pisdən ayıra bilmirlər. Bunların hamısı ailədə ünsiyyətin azlığından xəbər verir. Bir sözlə, əksər halda azyaşlı qızlarımız özlərinə qarşı ailə dəstəyini hiss etmədikdə, belə hallar daha da çoxalır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, azyaşlı qızlarımızın hər hansı qeyri-etik videosu yayılan zaman cəmiyyət, ilk olaraq, görüntüsü yayılan qızın üzərinə düşür, onu tənqid edir: “Videonu paylaşan şəxs isə kənarda qalır. Ona heç nə deyilmir. O da danışmalıdır, onun haqqında da insanlar öz fikirlərini bildirməlidirlər. Sadəcə, xanımın üzərinə düşərək, onu ölümə sürükləyirik”.

Son olaraq bildirək ki, intihar heç bir problemin həlli deyil. Hər kəs səhv edər, edir də. Xətanı düzəltmək üçün yaşamaq lazımdır. Sizi ölümədək qovan adamlara isə əhəmiyyət verməyin. Əmin olun ki, etdiyiniz səhvdən daha betərini ediblər, yaxud da edəcəklər.

Günel CƏLİLOVA

Son xəbərlər