«Ağ qızıl - 2020» - FOTO

Nəhayət sentyabrın 18-də rayonumuzda da böyük ürək coşqusu və intizarla gözlədiyimiz pambıq yığımı kampaniyası başladı. Mövsümün ilk nübar məhsulunun yığılması iri pambıqçılıq təsərrüfatı olan «MKT-İK» MMC-nin Yevlax filialı ilə müqavilə bağlamış Səmədabad kənd sakini Həsən Əhmədovun sahəsindən start götürdü.
Həmin gün səhər erkən filialın direktoru Vaqif Məmmədov, baş aqronom Zirəddin Həsənov, Səmədabad kənd bələdiyyəsinin sədri Asif Qurbanov da yığıma start veriləcək anı izləmək məqsədilə Həsən Əhmədovun ağ örpəyə bürünmüş 2 hektarlıq pambıq tarlasına gəlmişdilər. Aqrar sektorun mütəxəssisləri yığım başlamazdan öncə fikir mübadiləsi etdilər. Məhsulu aşıb-daşan sahəni göstərib, əminliklə bildirdilər ki, ötən il hər hektardan 40 sentner məhsuldarlığa nail olmuş fermer təsərrüfatının rəhbəri bu il həmin göstəricini mütləq 45 setnerə çatdıracaqdır.
Səhər günəşinin zərrin şüasının təsiri altında pambıq kollarının şehi quruyub çəkildikdən sonra baş aqronom Zirəddin Həsənovun işarəsi ilə sürücü-mexanizator Famil Məmmədov idarə etdiyi «Conder» markalı yüksək məhsuldalıqlı pambıqyığan maşını cərgələr arasına salır. Hamımız bu prosesi böyük maraqla izləyirik. Cəmi 28 dəqiqə sonra nəhəng bunkeri gümüş telli saçaq-saçaq «ağ qızıl»la dolu pambıqyığan maşın sahənin kənarına yan alaraq elimizin misilsiz şöhrət tacı olan məhsulu traktorun arxasına qoşulmuş lafetlərə boşaldır. İlk kiloqramlar, ilk tonlar ürəkaçan olur. Hamı nübar məhsula görə bir-birini təbrik edir, sevinir, gözaydınlığı verir. Bax beləcə, könül xoşluğu, yüksək əhval-ruhiyyə, pambıqçılıqda daha möhtəşəm nailiyyətlər qazanmaq arzusu ilə ölkəmizin iqtisadiyyatına həlledici təsir göstərən, dövlətimizin büdcəsinə valyuta gətirən, torpağa bağlı insanların daha xoş güzaranını təmin edən məhsulun rayonumuzda kütləvi yığımına start verildi. Hələ qarşıda bol məhsulla dolu ucsuz-bucaqsz tarlalar bizi gözləyir.
İşiniz avand, məhsulunuz bol, üzünüz ağ olsun, pambıqçılar!
Ramiz HƏMİDOV
Yevlaxda çıxan «KÜR» qəzetinin müxbiri