18/09/2020 20:30
728 x 90

Bakıda satılan "Head&shoulders” şampunlarına qarşı ciddi irad – “saxtadır”…

Eyyub Hüseynov: “Bu tip məhsulların satılmasında məqsəd yalnız daha çox gəlir əldə etməkdir”

img

Əvvəllər daha çox tanınmamış markalardan olan saç şampunları keyfiyyətsiz olurdusa, indi tanınmış markaların da məhsulları arasında saxtaları geniş yayılıb. İstehlakçılar deyirlər ki, əvvəllər saxta şampunlara daha çox bazarlarda, kiçik dükanlarda rast gəlmək olardı. İndi isə belə mallar şəhərin supermarket şəbəkələrinə də ayaq açıb.

Məşhur brendin keyfiyyətsiz məhsulları ilə bağlı son vaxtlar şikayətlər çoxalır. Tanınmış jurnalist Ləman Ələşrəfqızı şəxsi sosial media şəbəkəsində "Head&shoulders" şampunu ilə bağlı narazılığını qeyd edib: "Uzun illərdir saçımı ancaq "Head&shoulders" şampunu ilə yuyuram. Bu dəfə uşaq gedib marketdən kiçik, üstündə yasəmən şəkli olan şampun aldı. Elə bil zirzəmidə hazırlanıb, "Head&shoulders"in iyi yüngülvari gəlir, amma içi zibil. Əslində, bunu salonda mənə illər qabaq demişdilər ki, bu şampuna da əl qatırlar, inanmamışdım. Yaxşı, bəs, bu ünlü şirkətin Azərbaycanda nümayəndəliyi yoxdurmu? Hara baxırlar? İstehlakçını belə aldatmaq olarmı? Biz buna pul verib alırıq, sizin qablaşdırdığınız zibili yox. Əcəb işə düşmüşük, dünyaca məşhur brendi gətirib Azərbaycanda özümüzə oxşadırıq. Keçən dəfə "Sisley"in timsalında gəldi başıma, indi də belə. Ölkədə normal məhkəmə də yoxdur ki, vurub belini qırasan bunların".

Bildiyimiz kimi, dünyada saxta geyimlər, aksesuarlar, təmizlik vasitələri və ya elektronika məhsulları, hətta qidalar belə geniş yayılıb. Avropa ölkələrinin özündə belə bu cür ajiotaj dolu xəbərlərə rast gəlmək mümkündür. Azərbaycanda da bu baxımdan vəziyyət heç də ürəkaçan deyil.

  • “…bütün istehsal olunan mallarda bu kimi hallara rast gəlmək mümkündür”

Məsələ ilə bağlı fikir bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, dünyanın hər yerində bu kimi məhsullar insanlara satılır: “Bu tip məhsulların satılmasında məqsəd yalnız daha çox gəlir əldə etməkdir. Azərbaycanda illər boyu bu problem davam edir. İldən-ilə bunun sistemi dəyişir, yəni bir mal qrupundan başqasına keçir. Bütün istehsal olunan mallarda bu kimi hallara rast gəlmək mümkündür”.

Günel CƏLİLOVA

Son xəbərlər