20/09/2020 11:05
728 x 90

AMEA-nın Naxçıvan Bölməsində “Ədəbi-bədii dil və dilçilik araşdırmaları” adlı kitabın təqdimatı oldu

img

AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Ədəbi-bədii dil və dilçilik araşdırmaları” adlı kitabının I cildinin təqdimatı keçirilib.

AMEA Naxçıvan Bölməsinin Mətbuat xidmətindən “Bakı Xəbər”ə bildirildiyinə görə, tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Azərbaycan dilinin dünya dilləri arasında layiqli yer tutmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, Prezident İlham Əliyevin Azərbaycan dilinin geniş təbliği istiqamatində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışıb. O, bu sahədə müxtəlif illərdə imzalanan mühüm dövlət sənədlərini xatırladaraq dil siyasətin Naxçıvanda da uğurla davam etdirildiyini qeyd edib.

Akademik Azərbaycan dilinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi məqsədilə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşları tərəfindən uğurlu tədqiqatlar aparıldığını deyib. Diqqətə çatdırıb ki, Zülfiyyə İsmayılın ictimaiyyətə təqdim olunan “Ədəbi-bədii dil və dilçilik araşdırmaları” adlı kitabının I cildi Azərbaycan dilinin və dilçiliyinin aktual mövzularını əhatə edir.

Bölmə sədri müəllifin son illərdə apardığı məhsuldar tədqiqatın uğurlu nəticəsi olan yeni kitabını yüksək qiymətləndirib və ona elmi fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Naxçıvanşünaslığa layiqli töhfə: Ədəbi-bədii dil və dilçilik araşdırmaları” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, “Ön söz”, 2 fəsil, istifadə olunmuş ədəbiyyat siyahısından və mündəricatdan ibarət olan əsərin birinci fəslində Azərbaycan ədəbiyyatının böyük simalarının dil və üslub xüsusiyyətləri müzakirə müstəvisinə gətirilir, ikinci fəsildə isə Azərbaycan dilçilik elminə adını böyük hərflərlə yazdıran dilçi alimlərimizlə yanaşı, bu irsə töhfələr verən yeni nəsil dilçilərin də elmi yaradıcılıq yoluna nəzər yetirilir.

Vurğulanıb ki, vəsait ali məktəblərin filologiya fakültələrində bir sıra əsas və seçmə fənlərin, ədəbi dilin, dilçilik tarixinin tədrisində əhəmiyyətli mənbədir.

Sonra institutun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyeva və Folklorşünaslıq şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova mövzu ətrafında çıxış ediblər. Diqqətə çatdırılıb ki, Dilçilik şöbəsində son on ildə sayca 35-ci kitab olan yeni nəşr dilçi alimlərimizin Azərbaycan dilçilik elmindəki uğurlu fəaliyyətlərini əks etdirmək baxımından böyük dəyərə malikdir.

Sonda kitabın müəllifi Zülfiyyə İsmayıl çıxış edərək, Azərbaycan elminə göstərilən diqqət və qayğıdan söz açaraq kitabın ərsəyə gəlməsində bu gün elmi işçilərə yaradılan şəraitin, göstərilən diqqət və qayğının, dəstəyin böyük rolu olduğunu qeyd edib.

Son xəbərlər