20/09/2020 18:36
728 x 90

Azərbaycanda uşaqların peyvəndlənməsi nədən aşağı düşüb...

Aynur Əliyeva: “Peyvəndlənmədən imtina edən valideynlər uşaqlarını böyük risq altına salırlar”

img

Peyvənd insan sağlamlığı tarixində qazanılmış ən böyük nailiyyətlərdən biri olub, orqanizmin immun sistemini qıcıqlandıraraq, xəstəliyə qarşı immunitet yaradan bioloji profilaktika üsuludur. Hazırda peyvənd yoluxucu xəstəliklərdən qorunmaq üçün ən etibarlı yanaşma üsulu hesab edilir.

Peyvəndlənmənin aparılmasında məqsəd insanları infeksion xəstəliklərdən qorumaqdır. Bu səbəbdən də uşaqların yoluxucu xəstəliklərə qarşı peyvənd edilməsi vacibdir.

Ancaq son zamanlar ölkəmizdə bu sahədə müəyyən problemlər yaşanır. Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycanda bu il uşaqlar arasında peyvəndlə əhatələnmə bir qədər aşağı düşüb.

  • “Bir müddətdir uşaqların vaksinasiya olunma prosesi pozulub, qrafikə uyğun olaraq yerinə yetirilməyib”

Məsələ ilə bağlı fikir bildirən pediatr Aynur Əliyeva dedi ki, mövsümi xəstəliklərdən təkcə qripə qarşı vaksin var: “Bir də Ümumdünya Səhiyyə Təşkilatının proqramı çərçivəsində bir sıra xəstəliklərə qarşı vaksinasiya mövcuddur. Bunların bəziləri vaksinasiya, bəziləri isə passiv immunizasiyadır. Amma bunların koronavirusa aidiyyəti yoxdur. Payız aylarında koronavirusla yanaşı, mövsümi xəstəliklərin də olmasını nəzərə alaraq, diqqətli olmaq lazımdır. Operativ Qərargahın bununla bağlı konkret təlimatları olmalıdır. Bu prosesin, ilk növbədə, uşaqlar arasında aparılması zəruridir. Çünki koronavirus uşaqlar arasında simptomsuz formada müşahidə edilir. Təəssüf ki, bir müddətdir uşaqların vaksinasiya olunma prosesi pozulub, qrafikə uyğun olaraq yerinə yetirilməyib”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, uşaqlara peyvəndin vurulması mütləqdir: “Peyvəndlənmədən imtina edən valideynlər uşaqlarını böyük risq altına salırlar. Nəzərə almaq lazımdır ki, peyvənd edilməmiş uşaq istənilən zaman təhlükəli yoluxucu xəstəliyə tutula bilər. Mövcud qanunvericiliyə görə, yaş qruplarına uyğun olaraq, uşaqlara mütləq peyvənd vurulmalıdır. Bu heç də yeni qərar deyil. Sovet dövründən üzü bu yana bu proses həyata keçirilir. Amma son zamanlar peyvənd əleyhinə çox güclü kampaniya başlanıb. Hətta bu kampaniya təkcə Azərbaycanda yox, Rusiya, Avropa ölkələrində də gedir. Deyək, bizim valideynlər daha çox peyvəndin keyfiyyətinə görə narazılıq edirlər. Bunun da səbəbi Hindistandan gətirilən vaksinlərdir. Amma qəribəsi odur ki, Rusiyadakı həmkarlarımla da söhbət zamanı bəlli olur ki, bu problem onlarda da var. Hansı ki, Rusiyanın özü peyvənd istehsal edir”.

Günel CƏLİLOVA

Son xəbərlər