20/09/2020 17:18
728 x 90

Distant təhsil və universitet müəllimlərində “əməkhaqları azalacaq” sıxıntısı…

img

Koronavirus pandemiyası dövründə ali məktəblərdə təhsilin onlayn həyata keçirilməsi nəzərdə tutulsa da, heç bir təhsil müəssisəsi təhsilhaqlarına güzəşt tətbiq etmək istəmir. Bu məsələyə narazılıq bildirən tələbələr sosial şəbəkələrdə distant təhsilin əyani təhsillə müqayisədə keyfiyyətcə aşağı olduğunu, bu səbəbdən də təhsilhaqlarında güzəşt edilməli olduğunu bildirirlər.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar mart ayından ölkədə tədris prosesi tamamilə dayandırılıb. Yeni tədris ilindən isə ali təhsil müəssisələrində dərslər məsafədən təşkil olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl bir qrup valideyn təhsilhaqlarında endirim tələbilə Təhsil Nazirliyinə müraciət ünvanlamışdı. Onların arasında övladları özəl orta və ali təhsil müəssisələrində təhsil alan valideynlər vardı. Onu da xatırladaq ki, özəl orta təhsil müəssisələri də təhsilhaqlarında heç bir güzəşt etmirlər.

Məlumdur ki, distant təhsil alan tələbə universitetin bir çox resursundan istifadə edə bilmir. Bu hal təhsilhaqlarının aşağı düşməsinə səbəb olacaqmı?

  • Vəfa Yaqublu: “Tələbələrin təhsilhaqqında hər hansı dəyişikliyin olması gözlənilmir”

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu bildirdi ki, tələbələrin təhsilhaqqında hər hansı dəyişikliyin olması gözlənilmir: “Təhsilalan ali məktəblə müqavilə imzalayanda qeyd edir ki, ödəniş edəcək. Hazırkı şəraitdə forma dəyişsə də, məzmun eyni olacaq, eyni dərslər keçiriləcək. Tələbələr distant təhsili keyfiyyətli hesab etmirlərsə, akademik məzuniyyət götürüb növbəti il yenidən təhsillərini davam etdirə bilərlər. Ali təhsil müəssisələri təsərrüfat fəaliyyətlərini öz pulları ilə edirlər, bu səbəbdən təhsilhaqqında hər hansı güzəştə gedilməsi gözlənilmir. Həm də həssas qrupdan olan tələbələrin təhsilhaqqına güzəşt ediləcək".

  • Alxan Xələfov: “Distant təhsil alan tələbə universitetin bir çox resursundan istifadə edə bilmədiyindən, onun illik təhsilhaqqı…”

Marketinq və strateji planlama üzrə mütəxəssis Alxan Xələfov bildirdi ki, distant təhsil alan tələbə universitetin bir çox resursundan istifadə edə bilmədiyindən, onun illik təhsilhaqqı da müvafiq qaydada azaldılmalıdır: “Beynəlxalq standarlara əsasən, universitetlər təhsil verdiyi tələbələr üçün çəkəcəyi xərclər üzrə orta smeta çıxarır və buna uyğun hər bir fakültə üzrə illik təhsilhaqqı təyin edilir. Təhsil distant olduğu zaman isə bu xərclər azalır. Bu baxımdan, ölkəmizdə də pandemiya dövründə distant təhsil alacaq tələbələrin təhsilhaqqına endirim edilməlidir. Çünki təhsilhaqqı tələbəyə tədris zamanı çəkilən xərclərə uyğun olaraq müəyyən edilir. Distant təhsil alan tələbə isə universitetin bir çox resursundan yararlana bilmir. Hazırda MDB ölkələrinin bəzilərində distant təhsil prosesi qanunla tənzimlənsə də, Azərbaycanda bu istiqamətdə hələ ki, konkret addım atılmayıb. Bu isə ölkəmizdə ikinci təhsil almaq və işləyərək təhsil almaq istəyən şəxslərə maneə yaradır. Ona görə də ölkədə distant tədrisi nizamlayacaq qanunun qəbuluna ehtiyac var”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, distant tədrisə cəlb olunan tələbələr uzaq məsafə qət etmədən informasiya texnologiyaları resursları hesabına həm təhsilini rahat şəkildə davam etdirir, həm də daha az illik təhsilhaqqı ödəyirlər: “Dünyada bir çox nüfuzlu universitet çoxdan distant təhsil modelini tətbiq edib. Pandemiyanın fəsadlarını nəzərə alaraq, ölkəmizdə distant təhsil modelinin həyata keçirilməsi və bu təhsil formasının qanunla tənzimlənməsi çox müsbət nəticələr verə bilər. Dövlət pandemiya səbəbindən əhaliyə və biznesmenlərə iri həcmdə maliyyə yardımı göstərib. Bu dəstəyin təhsil sahəsində də davam etdirilməsi sözügedən sferanın inkişafına təkan verəcək”.

Günel CƏLİLOVA

Son xəbərlər