Son illər Azərbaycanın bir sıra bölgələrində müasir tipli xəstəxanalar tikilir. Bəzi xəstəxanalar yenidən qurulur. Tibb müəssisələri dünyanın müxtəlif ölkələrindən gətirilən müasir tipli tibbi avadanlıqlarla təchiz edilir.
Xüsusən mərkəzlərdə qurulan tibb avadanlıqları müayinə ilə yanaşı, bəzi cərrahiyyə əməliyyatlarının da aparılmasına imkan verir. Burada qurulan tibbi avadanlıqlar bəzi səhiyyə müəssisələrinə nisbətən daha çox proseslərin həyata keçirilməsinə şərait yaradır.
Buna baxmayaraq, diaqnostika mərkəzləri yerləşən və ətraf rayonlarda yaşayan əhali müayinə və yaxud əməliyyat olunmaq üçün kütləvi şəkildə Bakıya axışır. İnsanlarla söhbətimizdən məlum olur ki, insanlar hətta əlavə vəsait sərf etmələrinə baxmayaraq, Bakıda müayinə və müalicə olunmağa üstünlük verirlər. Səbəbini isə peşəkar kadr qıtlığı ilə əlaqələndirirlər. Bəs, regionlarda bu cür imkanların yaradıldığı təqdirdə insanların paytaxta axını nə vaxtadək davam edəcək? Yaxud kadr çatışmazlığı nə vaxt aradan qaldırılacaq?
Məşhur Məmmədov: “Bu gün rayonlarda, demək olar ki, ginekoloqlar yoxdur”
Millət vəkili Məşhur Məmmədov bildirdi ki, təhsilini başa vurub rayonda işləmək istəyənlərə şərait yaradılmalıdır: “Rayonlarda həkimlərlə bağlı müəyyən çatışmazlıqlar var. Regionda həkimlərin sayının artırılması üçün addım atmasaq, inanın ki, əhalinin paytaxta köçü daha da artacaq. Bu gün rayonlarda, demək olar ki, ginekoloqlar yoxdur”.
Adil Qeybulla: “Azərbaycanın sərhədyanı bölgələrində həkimlərə daha çox tələbat var”
Professor, həkim-ekspert Adil Qeybulla bildirdi ki, Azərbaycanın sərhədyanı bölgələrində həkimlərə daha çox tələbat var: “Səhiyyə sahəsində kadrların böyük əksəriyyəti Bakıda toplanıb. Amma Sovet dövründə təyinat icbariliyi var idi. İndi təyinat azadlığı olduğundan, əksər kadr rayonlara getməkdən çəkinir. Regionların inkişafı proqramı çərçivəsində səhiyyə sahəsində kadrlara xüsusi şəraitin yaradılması lazımdır. Rayona gedən mütəxəssis gəlir və həyat səviyyəsi baxımından sıxıntı çəkməməlidir. İndiki ağır yaşam şərtlərində minimal maaş alan həkim, əlbəttə, rayonda qalmayacaq. Sovet dönəmində həkimin aldığı maaş onun həyat ehtiyaclarını ödəyirdi”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, problemin aradan qaldırılması bölgələrdə həkimlərin şəraitinin yaxşılaşdırılması ilə bağlıdır: "Rayonlarda yeni, müasir standartlara cavab verən mərkəzlər və xəstəxanalar tikilir. Həmin obyektlərdə geniş cərrahiyyə əməliyyatları keçirildikcə, ali kateqoriyalı mütəxəssislər Bakıya gəlməyi o qədər də əhəmiyyətli saymayacaq. İkinci tərəfdən, hazırda həkimin özünütəsdiqi məsələsi də önəmlidir”.
Günel CƏLİLOVA