Ermənistanda baş verən hadisələrdən sonra bu ölkənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətində hansı mövqe sərgiləyəcəyi günün ən aktual mövzuları sırasında yer alır. Məsələ burasındadır ki, erməni xalqı uzun illərdir “Qarabağ klanı” deyilən bir xuntanın ölkəni idarə etməsindən əziyyət çəkir.
Əvvəlcə Robert Köçəryan, ardınca Serj Sarkisyan, Ermənistandakı ağır iqtisadi problemlərə rəğmən, “Qarabağ kartı”ndan istfiadə edərək iqtidarda qala bildi. Amma onlar, o cümlədn də Serj Sarkisyan prezident olduğu müddətdə erməni xalqına heç bir şey vermədi. Bu fonda Ermənistanda yaxşı başa düşürlər ki, ölkədə normal hakimiyyət qurulmayınca, Azərbaycan ərazilərinin işğalına son qoyulmayınca vəziyyət düzəlməyəcək. Çünki Ermənistanın xilası Azərbaycanla əməkdaşlıqdan keçir. Azərbaycanla əməkdaşlıq etmək üçün Ermənistan mütləq işğal etdiyi Dağlıq Qarabağ regionunu və ətraf rayonları geri qaytarmalıdır. Əks təqdirdə, Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, ölkənin məhvə getməsi qaçılmaz sayılır.
Serj Sarkisyanın istefası ilə Ermənistanda bu həqiqətləri başa düşəcək qüvvələrin iqtidara gəlməsinə ümidlər artıb. Azərbaycan tərəfi bu halda İrəvanla səmərəsi olan danışıqlar aparmağa hazır olduğunu bildirir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyinin Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edə biləcəyini şərh edərkən bu xüsusda qeyd edir: ”Serj Sarkisyanın rəhbərlik etdiyi hərbi diktatura rejiminin hakimiyyətdən getməsindən sonra Ermənistanda hakimiyyətə sağlam siyasi qüvvələrin gələcəyinə ümidvarıq. Ermənistan xalqını əsarətdə və müharibə xofu altında saxlayan Sarkisyan rejiminin yürütdüyü siyasət nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində indiyə qədər irəliləyiş əldə etmək mümkün olmayıb. Qoşunların təmas xəttində Azərbaycan tərəfindən guya hərbi texnika və canlı qüvvənin cəmləşdirilməsi barədə keçmiş Sarkisyan rejiminin ünsürlərinin isterik açıqlamaları həqiqəti əks etdirmir və keçən ilə aid məlumatlara əsaslanır. Burada məqsəd yalnız ictimai fikri çaşdırmaq idi. Amma fakt ondan ibarətdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olmaqda davam edir. Gərginlik risqini aradan qaldırmaq üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbləri əsasında sülh yolu ilə tezliklə həlli üçün Ermənistandakı sağlam siyasi qüvvələrlə danışıqları davam etdirməyə hazırıq. Münaqişənin tezliklə sülh yolu ilə həll edilməsi regionda davamlı sülh və sabitliyin bərqərar olmasını və hərtərəfli regional əməkdaşlıq imkanlarının yaranmasını təmin etmiş olar. Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin edəcək”.
Hələlik isə erməni cəmiyyətinə məlum olan odur ki, Ermənistan bu vaxta qədər yürütdüyü işğalçılıq siyasətinin qurbanına çevrilib. Bu siyasətin nəticəsidir ki, Azərbaycan Ermənistanı bütün beynəlxalq layihələrdən kənarda qoyub, bu ölkə təcrid vəziyyətindədir. Bir sözlə, işğalçılıq siyasəti Ermənistana baha başa gəlib. Azərbaycan isə bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır, bir çox önəmli layihələrin təşəbbüskarı, onları həyata keçirən bir dövlətdir. Belə bir ölkə ilə əməkdaşlıq Ermənistanın xilası deməkdir. Sadəcə, bu vaxta qədər “Qarabağ klanı” buna imkan verməyib. İndi “Qarabağ klanı”nın devrilməsindən sonra müəyyən yeniliklərin olması istsina deyil. Bunu Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov da xüsusi olaraq vurğulayır. O qeyd edir ki, Serj Sarkisyanın və “Qarabağ klanı”nın gedişi Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi təsir göstərəcək, amma nə cür təsir göstərəcəyi məlum deyil: “Məsələ ondadır ki, bu təkcə Sarkisyanın uzaqlaşdırılması deyil: bu, amerikayönümlü erməni “maydan"ının qələbəsidir. Nikol Paşinyan erməni dilində "Çıxış” mənası verən “Yelk”in rəhbəridir. O dəfələrlə deyib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmalıdır. Yəqin ki, bununla bağlı danışıqlar aparılacaq, amma Ermənistanın bu qurumdan çıxması az ehtimal olunur. Həm də ölkə quruma tam daxil də deyil”. Markov bu xüsusda bildirir ki, Ermənistanın ABŞ-ın təsiri altına düşməsi və etibarsız müttəfiqə çevrilməsi ehtimalı şəraitində Rusiya, Dağlıq Qarabağ münaqişəsi məsələsi də daxil olmaqla, Cənubi Qafqazda üstünlüyü məhz Azərbaycana verməlidir. O hesab edir ki, Ermənistanda iğtişaşlar başlaya bilər, çünki bu çevrilişin nə dərəcədə dinc şəkildə başa çatacağı məlum deyil. Amma “Qarabağ klanı”nın hakimiyyətdən uzaqlaşdırılması Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ciddi imkan verir: “Heç də bütün ermənilər Dağlıq Qarabağ ətrafındakı rayonların saxlanması və Azərbaycana qaytarılmamasına görə blokadadan əziyyət çəkmək istəmir. Ona görə də "Kazan formulu" əsasında dinc yolla nizamlanma imkanı artır. Bu formula əsasən Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana verilir və bunun qarşılığında Ermənistanın blokadası qaldırılır”.
Məsələyə eyni prizmadan yanaşanlandan biri isə sabiq dövlət müşaviri Qabil Hüseynlidir. O bildirir ki, artıq Ermənistanda rusların istəklərini yerinə yetirə biləcək bir adam belə qalmayacaq. O üzdən Moskva üzünü Bakıya tuta və Azərbaycana Dağlıq Qarabağı işğaldan azad etməyi təklif edə bilər. Politoloq vurğulayıb ki, Rusiya Ermənistanda son baş verənlərdən sonra Dağlıq Qarabağ məsələsi ilə bağlı susqunluğunu poza bilər: “Rusiya Serj Sarkisyana arxayın olaraq Ermənistandakı proseslərə o qədər də fəal müdaxilə etmədi. Çünki Sarkisyan söz vermişdi ki, məxməri inqilabı silah gücünə də olsa yatıracaq. Göründüyü kimi, Sarkisyan İrəvan inqilabını yatıra bilmədi. Nəticədə rusların ən çox etibar etdiyi adam hakimiyyətdən getdi. Artıq Rusiya əmindir ki, İrəvanda inqilabi proseslər dərinləşsə, yeni parlament seçkiləri keçiriləcək, prezident Armen Sərkisyan və hazırda baş nazir vəzifəsini icra edən Karen Karapetyan vəzifədən getməli olacaq, nəticədə Ermənistanda qərbyönümlü simalar hakimiyyətə gələcək. Beləliklə, Rusiyanın Ermənistanda təsiri tamamilə azalacaq. Artıq Ermənistanda rusların istəklərini yerinə yetirə biləcək bir adam belə qalmayacaq. O üzdən ehtimal olunur ki, Moskva üzünü Bakıya tuta və Dağlıq Qarabağı işğaldan azad etməsi üçün şans tanımaqla, Azərbaycanla əlaqələri qoruyub saxlaya bilər”.
Q.Hüseynlinin sözlərinə görə, Azərbaycan çox diqqətli olmalı və əlverişli məqamın yetişməsinə rəğmən, Dağlıq Qarabağ məsələsinin həllində tələsməməlidir: “Fikir verin, Azərbaycan İrəvandakı etirazlar zamanı Sarkisyanın təxribatlarına getmədi və Dağlıq Qarabağa hücuma keçmədi. Məncə, bu, Azərbaycan prezidentinin uzaqgörənliyindən irəli gəlirdi. İlham Əliyev yaxşı başa düşürdü ki, İrəvandakı hadisələr Sarkisyanın siyasi səhnədən getməsi ilə nəticələnəcək. İrəvanın Moskvanın nəzarətindən çıxması Ermənistandakı rusyönlü siyasətçilərin siyasi səhnədən uzaqlaşdırılmasına gətirib çıxaracaq. İrəvan inqilabı hələ tam məqsədinə çatmayıb. Nikol Paşinyan baş nazir olmaq, yeni prezident və parlament seçkiləri keçirmək istəyir. Bu isə Ermənistanın tamamilə Rusiyanın nəzarətindən çıxaraq Avropa Birliyinin, ABŞ-ın təsirinə düşməsi deməkdir. Rusiyanın qorxduğu şeylər başına gəlir, çünki cənub sərhədində Gürcüstandan sonra ikinci bir dövlət Qərbə üz tutur. Bu isə münaqişənin dinc, ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinə imkan yaradır.
Mitinq iştirakçılarının mövqeyini də yəqin ki, xatırlayırsınız. Onların arasında “Tüpürüm Qarabağa” deyəcək səviyyədə mövqeyini ortaya qoyan şəxslər vardı. Çünki onlar yaxşı başa düşür ki, Dağlıq Qarabağ problemi faktiki olaraq Ermənistan dövlətinin müstəqilliyini əlindən alıb, bu ölkəni defolt səviyyəsinə çatdırıb və Ermənistanın dövlət kimi mövcudluğunu sual altına qoyub. Fakt ondan ibarətdir ki, Ermənistan sürətlə boşalır və 2030-cu ildə, Sarkisyanın özünün dediyi kimi, sərhədlərini qorumağa belə əsgər tapmayacaqlar. Belə vəziyyətdən çıxış yolu Qarabağ kartı ilə öz ölkəsində xunta quran, Ermənistanı səfil günə qoyan Sarkisyan və onun komandasından qurtulub, qonşularla normal əlaqələr yaratmaq və sivil dünyaya açılmaqdır”. Beləliklə, səslənən şərhlərdən aydın olur ki, həm Ermənistanda məlum hakimiyyət dəyişikliyi, həm də yeni geosiyai şəraitdə Qarabağ məsələsində hansısa yenilik ola bilər. Azərbaycan bu halda məsələnin dinc yolla həllində maraqlı olduğunu bildirir. İndi əsas məqam Ermənistanda formalaşacaq yeni hakimiyyətin bu istiqamətdə hansı addımlar atacağıdır. Burada düşmən tərəf onu nəzərə almalıdır ki, kiçik Ermənistan güclü ölkələrin qarşısına çıxa bilməz. Həmin ölkələrdən biri isə Azərbaycandır. Hər halda, hadisələrin hansı səpkidə inkişaf edəcəyi yaxın tezlikdə məlum olacaq. Ermənistan reallıqlardan obyektiv nəticə çıxarıb Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamtəində addımlar atsa, zəbt olunmuş ərazilərdən silahlı qüvvələrini çıxarsa, bu ölkənin hansısa gələcəyi ola bilər. Əks halda Azərbaycan güc variantına əl atılması hüququnu özünə saxlayır və Qarabağda hərbi əməliyyatların yenilənməsi Ermənistanda yaşanan çöküşü daha da sürətləndirəcək. Bu, həm də Ermənistanda iqtidara kimin gəlməsindən asılı olmayaraq, onun hakimiyyətdən mümkün qədər tez getməsini şərtləndirəcək amil olacaq. Bu mənada erməni iqtidarının həm öz taleyi, həm də Ermənistanın gələcəyi baxımından Qarabağ məsələsində obyektiv addımlar atması mühüm şərtdir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.