Fikrət Sadıqov: “Çünki Paşinyan baş nazirin istefasına nail oldusa...”
Məlum olduğu kimi, aprelin 13-dən başlayaraq İrəvanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyaları öz nəticəsini verdi. Etirazların nəticəsi olaraq Sarkisyan istefa verməli oldu. Proseslərin bu həddə gəlib çatacağı hardasa gözlənilən idi. Ona görə ki, Ermənistan cəmiyyəti Sarkisyan rejimindən bezib. 2015-ci ildə Konstitusiyanı dəyişdirən Serj Sarkisyanın 10 illik prezidentliyi başa çatdıqdan sonra baş nazir qismində ölkəni idarə etmək istəyi qəbul olunmadı. Ölkədəki iqtisadi, sosial vəziyyətin son dərəcə ağırlaşması, Sarkisyan ailəsinin xüsusi imtiyazları vəziyyəti bu həddə gətirib çıxardı.
Etirazların səbəblərindən biri də Sarkisyanın xalqı aldatmasıdır. Belə ki, o, 2014-cü ildə Konstitusiya islahatları ərəfəsində prezidentlik müddəti başa çatdıqdan sonra daha heç bir vəzifəyə iddia etməyəcəyini bəyan etmişdi. Onun öz sözünün üstündə durmaması, preizidentin səlahiyyətlərinin məhdudlaşdırılıb baş nazirə verildiyi yeni siyasi sistem yaratması həm daxildəki müxalifəti, həm xaricdəki erməni diasporunu xeyli qəzəbləndirib. ABŞ və Avropa Birliyi ölkələri liderlərinin Sarkisyanı baş nazir seçilməsi münasibətilə təbrik etməmələri Ermənistanın siyasi elitasında narahatlıq yaratmışdı. Ermənistanda etiraz edən siyasi qüvvələr və əhali Sarkisyanın başçlıq etdiyi Qarabağ klanını hakimiyyətdən birdəfəlik uzaqlaşdırmaq istəyirlər.
Aydın məsələdir ki, Ermənistanın hazırkı parlamenti ötən ilin aprelində formalaşıb və çoxluq hakim Respublikaçılar Partiyasına məxsusdur. Seçkilərin saxtalaşdırılaraq parlament çoxluğunun Sarkisyanın maraqlarına uyğun formalaşdırıldığını nəzərə alsaq, bundan sonra kimin baş nazir olmasının elə bir mənası yoxdur. Ona görə ki, hazırki parlamentdə çoxluq Sarkisyanın maraqlarına xidmət edir. Bu baxımdan Ermənistanda yeni parlament seçkilərinin keçirilməsi nə dərəcədə realdır?
Sözügedən məsələni dəyərləndirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun fikrincə, Ermənistanda yeni parlament seçkilərinin keçirilməsi istisna deyil: “Hakimiyyətə bu hadisələrə bulaşmayan, korrupsiyadan uzaq olanlar gəlməlidirlər. Ona görə Karapetyan qalacaq, Sarkisyanın yerinə başqa adamın təyin ediləcəyi ilə bağlı proqnozlar bir az gülünc görünür. Çünki Paşinyan birmənalı şəkildə bəyan etdi ki, bu hakimiyyət getməlidir, yeni parlament seçkiləri keçirilməlidir. Həmçinin, yeni baş nazir təsdiq olunmalıdır və bu insanlar yeni fiqurlar olmalıdırlar. Nə Sarkisyanın, nə Karapetyanın, nə də digər indiki siyasətçilərin partiyalarından və yaxın adamlarından olmamalıdırlar. Düşünürəm ki, o buna nail ola biləcək. Çünki o, baş nazirin istefasına nail oldusa, insanlar meydanlara, küçələrə çıxıb öz etirazlarını bildirdilərsə, buna da nail olacaq. Çox güman ki, Ermənistanda yeni parlament seçkiləri keçiriləcək. Paşinyan özü parlamentin üzvüdür. Onun yeni seçkilərdə də mandat alıb baş nazir olacağını, ətrafına yeni hökumət üzvlərini, öz inandığı insanları təyin edəcəyini istisna etmirəm. Artıq Ermənistanda Qarabağ klanına son qoyuldu, onlar hakimiyyəti birmənalı şəkildə itirdilər. Çünki uzun illər ərzində bu klana Serj Sarkisyan-Köçəryan cütlüyü başçılıq edib. İndi yeni adamlar gəlir, amma biz aldanmamalıyıq. Qarabağ məsələsi ilə bağlı strateji məqsədləri eynidir və onların arasında elə bir siyasətçi yoxdur ki, Qarabağdan imtina etsin. Amma onların arasında müəyyən taktiki fərqlər var. Serj Sarkisyan çox radikal bir siyasətçidir. Paşinyan hələ ki, bu məsələ ilə bağlı geniş şəkildə açıqlama verməyib. Ancaq, hər halda, yeni insanlar, yeni nəslin nümayəndələri güzəştli addımlar ata bilərlər. Çünki başa düşürlər ki, iqtisadi inkişafa nail olmaq, təcrid vəziyyətindən çıxmaq istəyirlərsə, hansısa güzəştlərə getməlidirlər”.
Vidadi ORDAHALLI