Seyid Camal Əzimbəyli: “Ölkədə sosial siyasət həyata keçirilir və bu, ümumilikdə, bütün sferaları əhatə edir”
Məlum olduğu kimi, “Addım” hərəkatının təşkilatçılığı ilə aprelin 13-də Ermənistanda baş nazir Serj Sarkisyanın istefası tələbi ilə başlayan aksiyalar aprelin 23-də məqsədinə çatdı. Bunun nəticəsində baş nazir Serj Sarkisyan istefa verməli oldu.
Təbii ki, bu etirazların xalq arasında, ölkə xaricində müdafiəçiləri olduğu kimi, Ermənistanda və ondan kənarda əleyhdarları da var idi. Buna baxmayaraq, görünən odur ki, Ermənistanda “məxməri inqilab” baş tutdu. Ümumiyyətlə, Nikol Paşinyanın liderliyi ilə başlayan hərəkata ABŞ, Fransa, Almaniya və başqa ölkələrdəki erməni lobbi təşkilatları da dəstək verirdilər. Son 11 gündə Ermənistanda baş verənlər, Serj Sarkisyanın baş nazir postunda oturduqdan 7 gün sonra hakimiyyətdən uzaqlaşdırılması, xalqın istefa tələbinin yerinə yetirilməsi bəzi ümumiləşdirmələr aparmağa əsas verir. Ermənistan hibrid dövlətdir. O, üç ayağın - diaspor, kilsə və Moskvanın yaratdığı dayağın üstündə mövcud ola bilir. S.Sarkisyanın hakimiyyətdən getməsində Qərb amilinin rolu danılmazdır. Çünki həyata keçirilən ssenarinin məzmununa baxanda görürük ki, bunun elementləri açıq-aydın özünü göstərir. Necə ki, bir vaxtlar bənzər ssenarilər digər postsovet ölkələrində də tətbiq olunub. Bəzilərində bu cür inqilablar öz məqsədinə çatıb. Məsələn, Gürcüstanı, Qırğızıstanı, Ukraynanı göstərmək olar.
O da məlumdur ki, müəyyən dairələr Ermənistanda həyata keçirdikləri “məxməri inqilabı” bir vaxtlar Azərbaycanda da reallaşdırmağa cəhd ediblər. Belə ki, 2005-ci ildə Azərbaycanda keçirilən parlament seçkilərində buna ciddi cəhd oldu, amma alınmadı. Eyni zamanda, 2010-cu ildə də buna çalışdılar. Hətta 2015-ci il parlament seçkilərində də belə istəkləri oldu. Bütün hallarda, nədən Ermənistanda “məxməri inqilab”ı keçirə bildikləri halda, Azərbaycanda bunu reallaşdıra bilmirlər? Bu nə ilə bağlıdır?
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Ermənistandan fərqli olaraq, Azərbaycanda xalq Prezidentin ətrafında sıx birləşib: “Başlıca olaraq bu səbəbdən indiyə qədər Azərbaycanda həyata keçirmək istədikləri bütün “məxməri inqilab” cəhdləri fiaskoya uğrayıb. Prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət hakimiyyətin cəmiyyətdəki sosial dayaqlarını əsaslı şəkildə möhkəmləndirib. Bu bir reallıqdır və bunu heç cür danmaq olmaz. Azərbaycan mürəkkəb bir regionda yerləşməsinə baxmayaraq, çox uğurlu balanslaşdırılmış siyasət həyata keçirir. Ölkədə sosial siyasət həyata keçirilir və bu, ümumilikdə, bütün sferaları əhatə edir. Belə olan halda, əlbəttə ki, bəzi xarici dairələrin Azərbaycanda həyata keçirmək istədikləri istənilən pis niyyət məğlubiyyətlə nəticələnməli idi. Ancaq işğalçı Ermənistanda bunların heç biri yoxdur. Faktiki olaraq ölkə əhalisi səfalət içində yaşayır və Ermənistandan miqrasiya ilbəil sürətlənir. Zəif bir durumda olan ölkədə istənilən inqilab ssenarisini, təbii ki, həyata keçirmək mümkündür. Necə ki, bir sıra Afrika ölkələrində belə hallar tez-tez baş verir. Bir məqamı da xüsusi qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin beynəlxalq aləmdə olan böyük nüfuzu, peşəkar siyasi xadim imicinə malik olması çox önəmli faktordur. Bir sıra aparıcı dövlət başçıları Prezident İlham Əliyevlə hesablaşırlar. Onun beynəlxalq siyasi arenada böyük nüfuza malik olması Azərbaycanın davamlı inkişafına xidmət edir”.
Vidadi ORDAHALLI