Aydın Quliyev: “O əvvəlcə Ermənistanın özündə axıtdığı qanların hesabını verməli olacaq” Elçin Mirzəbəyli: “Serj Sarkisyan cinayətkar kimi tək Azərbaycan xalqı qarşısında deyil, eyni zamanda, erməni xalqı qarşısında da cavab verməlidir”
Məlumdur ki, dünən Sarkisyan xalqın zərbələri altında istefa verdi. Xalq onun dağıdıcı hakimiyyətinin davam etməsinə dözmədi. Lakin Sarkisyan 1992-ci ildə Xocalıda törədilmiş qətliamda birbaşa iştirakına görə məsuliyyət daşıyır və hələ bu günədək cəzasına çatdırılmayıb. Onun hakimiyyətdən getməsinin ardınca Xocalı cinayətinə görə cəzalandırılması perspektivləri hazırda Azərbaycanda hamını düşündürür.
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirdi ki, Sarkisyanın cinayətkar klanı və xuntası Xocalı cinayətinin məsuliyyətindən heç vaxt can qurtara bilməyəcək: “İstefa verəndən sonra o əvvəlcə Ermənistanın özündə axıtdığı qanların hesabını verməli olacaq. 2008-ci ildə hakimiyyətə gələndə tökdüyü 40-a yaxın dinc sakinin qanı, gizlicə qətlə yetirdiyi siyasi və biznes rəqiblərinin, müxaliflərin qanı soruşulacaq. Bunun ardınca isə onun Xocalı qətliamında birbaşa iştirakına hətta azacıq şübhə edənlər də anlayacaqlar ki, Sarkisyan necə bir qatil imiş. Ermənistanda faşist cinayətkarlardan olan Nijdenin adı bəlkə də yaşadılacaq. Sarkisyanın adı yaşadılmayacaq. Qarabağda qırğına verdiyi gənc erməni uşaqlarının ana-bacılarının Sarkisyandan qisas almağa çalışacaqlarını da gözləmək lazımdır. Hələ onun qohum-əqrəbasının talançı və cinayətkar biznes müstəvisində kimlərə necə divan tutduqlarına görə də cavab verməli olacaq. Sabiq prezidentlər Petrosyan və Köçəryan Ermənistanda rahat yaşayırlar. Sarkisyanın taleyi klanı ilə birlikdə çox dəhşətli olacaq”
Siyasi şərhçi Elçin Mirzəbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ilk növbədə işğalda olan Azərbaycan torpaqlarının geri alınmasına nail olmaq lazımdır: “Bu prosesdən sonra Serj Sarkisyanın və digər cinayətkarların ədalət məhkəməsi qarşısında dayanması üçün hər hansı bir problem qalmayacaq. Hətta Serj Sarkisyan cinayətkar kimi tək Azərbaycan xalqı qarşısında deyil, eyni zamanda, erməni xalqı qarşısında da cavab verməlidir. Çünki o şəxs Ermənistanın özündə belə dinc insanlara qarşı terror aksiyaları həyata keçirib. Çoxsaylı cinayətlərə yol verib”.
Həmsöhbətimiz hesab edir ki, S.Sarkisyanın beynəlxalq məhkəməyə verilməsi onun hakimiyyətdə olduğu dönəmdə də mümkün idi. Bu, hüququ prosedur idi. Bu gün də mümkündür: “Sadəcə, Ermənistan hakimiyyətinin Serj Sarkisyanı Azərbaycana təhvil verəcəyini düşünmürəm. İlk növbədə işğal altından ərazilərin azad olunmasına nail olmaq lazımdır. Bu perspektivin də yaxında olduğunu düşünürəm. Onu da nəzərə almaq lazımdır ki, Ermənistanda Qarabağ mövzusunun siyasi manipulyasiyalarına son verilmək üzrədir”.
E.Mirzəbəylinin sözlərinə görə, Xocalı soyqırımında birbaşa rolu olan hərbi cinayətkarların məsuliyyətə cəlb olunması Azərbaycan xalqının iradəsindən, hakimiyyətin qətiyyətindən və dövlətimizin gücündən asılıdır.
Günel CƏLİLOVA