Elşən Həsənov: “Ermənipərəst konqresmenlərin bu dəfə sayının da çox olmasını məhz bu məsələ ilə əlaqələndirə bilərəm”
ABŞ Konqresinin 102 üzvü prezident Donald Trampa müraciət edib. Konqresmenlər ABŞ Prezidentini qondarma “erməni soyqırımı”nı tanımağa çağırıblar.
Amerika Erməniləri Milli Komitəsinin məlumatına görə, məktubu Konqresin erməni məsələləri üzrə komitəsinin həmsədrləri Frenk Pallone, Djek Spier, Devid Trot, Devid Valdado, həmçinin, Adam Şiff və Qus Bilirakis kimi ermənipərəstlər də imzalayıblar. Beləliklə, erməni lobbisi hər il 24 aprel ərəfəsində olduğu kimi, bu il də ABŞ prezidentinə saxta “soyqırmı” tanımaq üçün xitab ediblər.
Bu müraciət qardaş Türkiyədə ciddi narahatlıqla qarşılanıb. Prezident olduğu müddətdə sürpriz qərarları ilə daim gündəmdə olan Trampın ölkəsinin Türkiyə ilə gərgin münasibətləri fonunda belə bir qərar verə biləcəyi ehtimalı müzakirə predmetidir. Aydındır ki, bu müraciətə daim ermənipərəst mövqeyi ilə tanınan konqresmenlər imza atıblar. Onların istəkləri aydındır, 24 aprellə bağlı ənənəvi fəallıqdır. Ancaq Erməınistandakı hazırkı gərginliyi nəzərə alsaq, bu müraciətin daha bir məqsəd daşıdığını iddia etmək olarmı? Ola bilərmi ki, belə müraciətlə erməni lobbisi bütün diqqəti İrəvanda dinc nümayişçilərə Sarkisyan rejiminin tutduğu divandan yayındırmaq istəyir?
Ekspert Elşən Həsənov qəzetimizə bildirdi ki, bu dəfə sayca bir qədər çox konqresmenin Trampa müraciət etməsi bir qədər xoş olmayan mənzərə yaradıb: “Biz belə müraciətləri, demək olar ki, hər il görürük. 24 aprel tarixi gələn kimi erməni diasporunun bu istiqamətdəki fəallığı artmağa başlayır. Hazırda geopolitik vəziyyət bir qədər qarışıqdır. Məlumdur ki, qondarma “soyqırım” iddiaları daha çox Türkiyəyə təzyiq etmək mahiyyətini daşıyır. İndiyə qədər ABŞ-la Türkiyə arasındakı münasibətlər çox yaxşı, hətta müttəfiqlik səviyyəsində olduğu üçün, həmin ölkənin prezidentləri bu məsələdən yayınıblar. Hazırda ABŞ-la Türkiyənin maraqları ciddi şəkildə kəsişir. Ona görə də, belə üsullarla Türkiyəni şantaj edirlər. İnanmıram ki, Tramp qondarma ”erməni soyqırımı"nı tanıyar. Bu müraciət əsasən Türkiyəyə bir hədə-qorxu mesajıdır, şantaj da demək olar. Amma artıq Türkiyə şantaj edilən ölkələrdən deyil. ABŞ qondarma “soyqırım”ı tanısa, birdəfəlik Türkiyəni itirə bilər. Bu yalnız Tükiyənin məsələsi deyil. Bilirsiniz ki, ermənilərlə mübarizədə bizim diplomatiyamız və diaspor təşkilatlarımız birgə fəaliyyət göstərirlər. İndiki məqamda 24 aprellə bağlı əvvəlkilərdən bir qədər də geniş kampaniyanın aparılmasında Ermənistanda baş verən hadisələrin də rolunun olduğunu istisna etmirəm. Dünyada demokratiyanın carçısı kimi tanınan ABŞ, əslində, Ermənistanda baş verənlərlə bağlı ciddi reaksiyalar verməlidir. Nədənsə, biz bunu müşahidə etmirik. Hadisələr bir qədər drammatik hal aldığı üçün, ABŞ-dakı erməni lobbisi belə metoda əl atıb. Cünki 24 aprel tarixində Ermənistan müxalifəti də məsələyə nöqtə qoymaq istədiyini bəyan edib. Ermənipərəst konqresmenlərin bu dəfə sayının da çox olmasını məhz bu məsələ ilə əlaqələndirə bilərəm”.
Məhəmmədəli QƏRİBLİ