Yeganə Hacıyeva: “Bu faktoru xüsusi olaraq Dağlıq Qarabağ separatçılarının rəhbəri Bako Saakyan qabardaraq...”
Ermənistan mətbuatının verdiyi məlumata görə, aprelin 22-də qondarma “Dağlıq Qarabağ Respublikası”nın başçısı Bako Saakyan İrəvanda yeni seçilən prezident Armen Sarkisyanla görüşüb. Bildirilir ki, görüşdə iki erməni “dövlətinin” qarşlıqlı əməkdaşlığı haqda fikir mübadiləsi aparılıb.
Həmçinin, Ermənistanın paytaxtında baş verən hadisələr ətrafında müzakirələr edilib. Görüşdə iştirak edən hər iki tərəfin sabitliyin qorunub saxlanmasının zəruriliyə qənaətinə gəldiyi deyilir. Belə qarışıq bir dönəmdə qondarma qurumun rəhbərinin Ermənistana səfər etməsi nə ilə əlaqəli ola bilər?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, Bako Saakyanın məhz belə həssas məqamda İrəvana getməsi təsadüfi deyil: “İlk onu qeyd edim ki, Ermənistan parlamentində 2015-ci ildə ölkədə parlament idarəetmə formasının tətbiq edilməsi üçün yeni Konstitusiya qəbul olunub və yeni ölkə Konstitusiyasına əsasən, Ermənistan prezidenti 7 illik müddətə parlament tərəfindən seçilir. Yeni Konstitusiya görə, prezidentdən daha geniş səlahiyyətlərə malik olan baş nazir də, həmçinin, parlament tərəfindən, parlamenti formalaşdıran partiyalar tərəfindən namizədliyi irəli sürülməklə seçilməlidir. Həmçinin, parlament hökumətin gələcək proqramının əsas bəndlərini təqdim etmək hüququna malik olur. Serj Sarkisyanın prezidentlik müddəti başa çatdığı üçün bu il aprel ayında parlament Ermənistana yeni prezidenti kimi Armen Sarkisyanı seçib. Sabiq prezident Serj Sarkisyan aprel ayının 17-si yenidən parlamentdə baş nazir kimi təsdiq olundu. Artıq dünya ölkələrinin başçıları Sarkisyanı Ermənistanın baş naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik etməyə başladılar. Buna paralel olaraq İrəvan küçələrində Sarkisyanın baş nazir seçilməsinin əleyhinə kütləvi etiraz mitinqlərinə start verildi. Bir haşiyəyə çıxım ki, S.Sarkisyanın prezidentliyə gedən yolu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında səhra komandiri kimi iştirak etməkdən, Azərbaycanın mülki vətəndaşlarına qarşı terror törətmiş hərbi cinayətkar olaraq etdiyi vəhşiliklərdən keçir. Sarkisyanın prezidentliyə namizəd kimi təbliğatının əsasını da məhz Dağlıq Qarabağdakı hərbi-terror fəaliyyəti üzərində qurmuşdu. Prezidentliyinin ilk günlərində də Sarkisyan öz vətəndaşlarına qarşı qanlı cinayətlər törədib. Xatırladım ki, 2008-ci il martın 1-də İrəvanda onun prezident seçilməsinin əleyhinə qanlı iğtişaşlarda 10 nəfər dinc sakin öldürülüb, 200-ü müxtəlif dərəcəli xəsarət alıb, daha 100 nəfər isə həbs edilib. Serj Sarkisyanın 10 illik prezidentliyi dövründə Ermənistan bütün regional iqtisadi layihələrdən kənarda qalıb, ölkə iqtisadiyyatının 80 faizi Rusiyanın iri dövlət konsernlərinin nəzarətinə keçməklə, siyasi və iqtisadi məsələlər üzrə qərarların qəbulunda Rusiyadan asılılığı ilə Ermənistan bir dövlət kimi, faktiki olaraq, Rusiyanın fedarasiya subyektlərindən birinə çevrilib. Baş verən etirazların fonunda diqqətçəkən məqam isə Ermənistanın yeni prezidenti Armen Sarkisyanın bu günlərdə İrəvanda Qarabağdakı separatçı rejimin lideri Bako Saakyanla görüşməsidir. Paralel olaraq Ermənistan Müdafiə Nazirliyinin İdarə Heyəti Azərbaycan Ordusunun zirehli texnikasını təmas xəttinə yaxınlaşdırması görüntüsü paylaşaraq guya sərhəddə gərginlik yaratması ilə həqiqətə uyğun olmayan məlumatlar yaymışlar. Yayılan videodan görünür ki, Azərbaycan Ordusu qoşunların təmas xəttində əlavə canlı qüvvə və döyüş texnikası yerləşdirir. Bako Saakyanla görüşü və yayılmış məlumatları bir-birilə bağlı iki faktorla izah etmək istəyirəm. Birinicı faktor, əlbəttə, Serj Sarkisyan hakimiyyəti bu yalan məlumatları erməni ictimaiyyətinin diqqətini etirazlardan yayındırmaq, ölkədə vəziyyət gərginləşərsə, Azərbaycan Ordusunun hücuma keçməsi ilə bağlı açıqlamalar verərək xalqı sakitləşdirməyə çalışmaq, yəni həmişəki kimi, Qarabağ kartından istifadə etmək məqsədilə yayır. Ermənistan guya müharibə təhlükəsi ilə üz-üzə qalmasını göstərməklə, xarici təhlükə ətrafında süni təbliğat fonunu yaratmaqla, cəmiyyətin prioritetlərini dəyişdirmək məqsədilə belə informasiyalar yayır. İkinci faktor kimi, əlbəttə, Ermənistan Azərbaycan torpaqlarını necə, hansı şərtlər altında işğal etməsini unutmayıb. Belə ki 90-cı illərin əvvəlində müharibə zamanı Azərbaycan ərazilərinin işğalı məhz Bakıda yaşanan kütləvi etirazlar, mitinqlər və hərc-mərcliklər fonunda baş verib. Ermənistan bu gün eyni proseslərin baş verə biləcəyindən narahatdır. Bu faktoru xüsusi olaraq Dağlıq Qarabağ separatçılarının rəhbəri Bako Saakyan qabardaraq, Ermənistandakı etirazların Dağlıq Qarabağ üçün mənfi nəticələri ola biləciyi barədə xəbərdarlıq edib, kütləvi aksiya iştirakçılarını daxili qeyri-sabitliyə səbəb ola biləcək tədbirlərdən çəkinməyə çağırıb”.
Qeyd edək ki, yazı Sarkisyanın istefasından xeyli əvvəl hazırlanıb.
Məhəmmədəli QƏRİBLİ