Qabil Hüseynli: “Aparılan bu kadr islahatları ictimai tələblərə və sosial sifarişə tam cavab verir”
Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, yeni Baş nazir və bəzi dövlət qurumlarının rəhbərliyinə yeni şəxslər təyin olunub.
Prezidentin Milli Məclisə göndərdiyi təqdimat əsasında Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələ müzakirə edilib. Milli Məclis Konstitusiyanın 118-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən, bu barədə qərar qəbul edib və Novruz Məmmədov yeni Baş nazir seçilib. Prezidentin imzaladığı sərəncamla İnam Kərimov Azərbaycanın kənd təsərrüfatı naziri təyin edilib. Buna qədər o, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsində çalışıb. Yeni təyinatlar sırasında Sahil Babayevin də adı var. Prezidentin imzaladığı sərəncama əsasən, o, əmək və əhalinin sosial müdaifəsi naziri təyin edilib. Qeyd edək ki, S.Babayev bu təyinatadək iqtisadiyyat nazirinin müavini işləyib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə də yeni sədr təyin edilib. Sərəncama əsasən, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini bundan sonra Rövşən Şükür oğlu Rzayev daşıyacaq. O, bu postda Baş nazirin müavini Əli Həsənovu əvəzləyib. Qeyd edək ki, yeni hökumətdə baş nazirin üç keçmiş müavini: Elçin Əfəndiyev, Abid Şərifov və İsmət Abbasov postlarına təsdiq edilməyiblər. Onlardan birini Bakının meri Hacıbala Abutalıbov əvəzləyib. Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postu da vakant olaraq qalır. Bəzi qurumlarla bağlı isə hələ ki, sərəncam verilməyib. Lakin yeni təyinatların davam edəcəyi gözlənir.
Prezidentin kadr islahatları dəyişikliyi ictimai tələblərə və sosial sifarişə necə cavab verdi?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, cənab Prezident İlham Əliyevin sosial, iqtisadi və s. sahələrdə apardığı çoxsaylı islahatların tərkibində məhz kadr və struktur islahatları da yer almaqdadır: “Əlbəttə, bu islahatlar birbaşa xalqın rifahına və dövlətin daha güclü olmasına hesablanır. Azərbaycan Prezidenti bütün çıxışlarında vətəndaşların hüquqlarının qorunmasını, onların ərizə və şikayətlərinə ciddi diqqət yetirilməsini bir vəzifə kimi qarşıya qoyub, özünü xalqın xidmətçisi adlandıraraq, hər bir dövlət qulluqçusunun və məmurun da xalqa xidmət etməli olduğunu dəfələrlə qeyd edib. Ona görə də kadrların təyinatı məsələsi daim dövlət başçısının diqqət mərkəzində və marağında olub. Prezidentin son sərəncamı bir daha göstərdi ki, xüsusilə idarəetmə sistemində islahatların həyata keçirilməsinə böyük önəm verir. Dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, idarəetmədə mövcud olan paralelliklər, bir-birini təkrarlayan qurumların ləğvi kimi problemlər Azərbaycanın hazırkı inkişaf mərhələsində daha çox diqqət tələb edir. Baş nazir postuna təyin olunan Novruz Məmmədovun da Azərbaycan siyasi həyatında müsbət imici var. Dövlətə, dövlətçiliyə sədaqəti ilə seçilən, peşəkar insandır. Hazırkı islahatların fonunda bu iki önəmli cəhətə diqqət edilir. Xüsusilə də bəzi postlara gənc kadrların təyinatı çox təqdirəlayiqdir. Prezidentin zərgər dəqiqliyilə seçdiyi həmin kadrlar gənc olmalarına baxmayaraq, bir çox uğurlara imza atıblar, sınaqdan çıxıblar. Artıq dünyanın yeni reallıqları məhz bu cür hazırlıqlı kadrların irəli çəkilməsini tələb edir. Hesab edirəm ki, aparılan bu kadr islahatları ictimai tələblərə və sosial sifarişə tam cavab verir. Ümidvaram ki, yerdə qalan qurumlara olunan təyinatlarda da cənab Prezident bu amilləri xüsusi olaraq nəzərə alacaq”.
Məhəmmədəli QƏRİBLİ