Yaxın Şərqdə vəziyyət hələ də gərgin olaraq qalır və bunun nəticəsində böyük dövlətlər arasında savaş çıxma ehtimalı da artır. Məsələ burasındadır ki, Qərb ölkələri yenidən Suriyaya zərbə endirilməsini istisna etmir. Öz növbəsində Rusiya da mümkün belə zərbələrə kifayət qədər sərt cavab veriləcəyini bildirir. "Kommersant" qəzeti yazır ki, yaranmış durumda Rusiya yaxın zamanlarda "S-300" tipli "Favorit" zenit-raket komplekslərinin Suriyaya təmənnasız göndərilməsinə başlaya bilər.
Hərbi-texniki əməkdaşlıq sahəsindəki diplomatik mənbələr qeyd edir ki, əsasən siyasi müstəvidə qalan komplekslərin tədarükü məsələsi demək olar həll edilib. Qeyd olunur ki, bu tip yeni sistemlərin alınması üçün suriyalıların pulu yoxdur, kredit xətti ayrılması isə Rusiyanın planlarına daxil deyil. Mənbələrin məlumatına görə, Suriyada qısa müddətdə "Favorit"lərin əsasında Suriya Hava Hücumundan Müdafiə Sistemi (HHMS) yaradılması planlaşdırılır. HHMS Dəməşqin və aviasiya texnikasının yerləşdiyi ərazinin bombardmandan qorunması üçün hazırlanacaq. Bu vəziyyət, Qərb ölkələri ilə yanaşı, İsrailin də böyük narahatlığına yol açıb. Çünki "S-300" tipli "Favorit" zenit-raket komplekslərinin Suriyaya yerləşdirilməsi İsrail hərbçilərinin imkanını xeli məhdudlaşdırır. Amma əsas təlükə baş verənlərin Rusiya və Qərb arasında qorxunc savaşı tətikləyə biləcəyidir. “Nezavisimaya qazeta” yazır ki, belə vəziyyətdə ümid generalların Bakı görüşünədir: “Qərb “aqressiv Rusiya”nı öz düşmənlərinin və “yaramaz ölkələr”in siyahısına daxil etsə də, nəticədə bunun yeni Dünya Müharibəsinə gətirəcəyini əla anlayaraq, Moskva ilə aralarında möhkəm, keçilməz dəmir pərdə qoymaq istəyi ilə alışıb yanmır. Bundan yayınmaq üçün tərəflər, heç olmasa, hərbi sferada mütəmadi olaraq, necə deyərlər, “saatlarını tutuşdurmalıdır”. Bunun üçünsə hərbi rabitə kanalları, heç olmasa, yarıaçıq tutulmalıdır. Onlar bu gün məhz belə, yəni yarıaçıqdır. Bax buna görə Rusiya baş qərargahının rəisi, ordu generalı Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin baş komandanı general Kertis Skaparotti Bakıda görüşməli oldular.
Görüş Moskvada olsaydı, bu o mənaya gələrdi ki, ABŞ da daxil olmaqla, NATO ölkələri, şübhəsiz, “Xəncər”lərdən, “Avanqard”lardan və “Poseydon”lardan həqiqətən qorxdular və Kremlə təzim etməyə gəldilər. Görüş Brüsseldə və ya xüsusilə okeanın o tayında olsaydı, o halda Donald Tramp həmən “Twitter”də yazardı ki, guya Moskvanı o “əydi” və onu “Amerikanın gücü” qarşısında təslim olmağa məcbur etdi. Eyni zamanda əlavə edərdi ki, bu, 14 apreldə Suriyaya endirilən zərbənin nəticələri haqqında Amerika versiyasının doğru olduğunun sübutudur və bütün raketlər, hər halda, hədəfə və ya hədəflərə dəyib.
Neytral ərazidə, yəni Bakıda görüşməklə isə tərəflər öz mövqelərində qalıb, eyni zamanda iş də görüblər. Belə ki, hərbi doktrina və təlimlərlə bağlı problemləri müzakirə ediblər, həmçinin hərbi rabitə kanallarının bundan sonra da açıq saxlanması haqqında razılığa gəliblər.
“RİA” agentliyi NATO-nun mətbuat xidmətinə istinad edərək göstərir ki,“Hərbi rəhbərlər proqnozlaşdırmanı və şəffaflığı təmin etmək üçün nəzərdə tutulan kanaldan istifadə etdilər. Danışıq mövcud durumla və təlimlərlə bağlı məsələlərə həsr edilmişdir. NATO-nun dialoq və şəffaflıq siyasətinə uyğun olan bu üzbəüz görüş, hərbi rabitə xəttinin saxlanmasına qarşlıqlı marağı aydın nümayiş etdirir”.Reallıqda həqiqətən də general Gerasimov və Skaparotti mühüm iş gördülər, belə ki, alyansın mətbuat xidmətindən verilən məlumata görə, onlar gələcəkdə də hərbi rabitə kanallarından istifadəyə davam etmək barədə razılığa gəlib. Və həqiqətən də, birbaşa öz təyinatı üzrə silah nümunələrini istifadə etməkdənsə, hərbi rabitə kanallarını istifadə etmək daha yaxşıdır”. Qeyd edilənlərdən aydın görünür ki, Bakı görüşünə, onun nəticələrinə ümidlər hələ böyükdür. Məhz bu görüşdən sonra Qərb və Rusiya arasında hərbi gərginlik azalıb. Amma gərginliyin tam aradan qalxması üçün tərəflər arasında yeni təmaslara hələ də ehtiyacın olduğu bildirilir. Bu mənada Rusiya və NATO generallarının növbəti Bakı görüşü də istsina olunmur. Xüsusən də Suryia ətrafında vəziyyət yenidən gərginləşsə, Bakıda daha bir görüşün keçrilməsi qaçılmaz sayılır. Bu, ən azından, yeni dünya savaşının qarşısının alınması baxımından vacib sayılır.
Tahir TAĞIYEV