Fikrət Yusifov: “Bu struktur dəyişikliyi nəzarətin daha ünvanlı olması və onun səmərəliliyinin təmin edilməsi baxımından çox uğurlu bir addım hesab edilməlidir”
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 15 il ərzində idarəetmə fəaliyyətində struktur islahatları sistemli və ardıcıl xarakter daşıyıb. Bununla əlaqədar ölkədə həm yeni nazirliklər yaradılıb, ayrı-ayrı nazirliklərin təkrarlığı aradan qaldırılıb, birləşmə prosesi gedib, həm də bəziləri ləğv edilib. Bir sözlə, dövlət başçısı hər zaman çevik idarəetmə mexanizminə xüsusi diqqət yetirib.
Hazırda da struktur islahatları davam etdirilir. Yola saldığımız həftə dövlət başçısının ölkə iqtisadiyyatı üçün mühüm olan sərəncamları ilə yadda qaldı. Bunlardan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv edilərək iki dövlət agentliyinin yaradılmasını, idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsini, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin ləğv olunaraq bir nazirlik və dövlət agentliyinin təsis olunmasını qeyd etmək olar. Mədəniyyət və Turizm Nazirliyi əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradıldı. İkinci sərəncam istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlıdır. Məhz bu sərəncam əsasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edildi. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradıldı. Həmçinin, Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə isə Əqli Mülkiyyət Agentliyi təsis edildi. SMP DK-nin səlahiyyətləri isə bu qurumlar arasında bölüşdürüldü. Ən nəhayət, bundan sonra bir sıra idxal-ixrac əməliyyatlarına Dövlət Gömrük Komitəsi tək deyil, həm də Vergilər Nazirliyi ilə birgə nəzarət edəcək. Göründüyü kimi, hər üç sərəncam struktur islahatlarının mühüm tərkib hissəsidir. Ümumilikdə, bu günə qədər aparılan struktur islahatlarını necə xarakterizə etmək olar? Ekspertlər bunu necə şərh edirlər?
Sözügedən məsələni dəyərləndirən iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun sözlərinə görə, aparılan struktur islahatları mühüm əhəmiyyət kəsb edir. O bunu bir sıra arqumentlərlə əsaslandırdı: “Ölkə başçısının imzaladığı üç sərəncamla islahatların növbəti mərhələsi başlanmış oldu. İlk imzalanan sərəncam Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyinin və Dövlət Turizm Agentliyinin yaradılmasını nəzərdə tutur. Dünyanın 40-dan artıq ölkəsi turizm məsələlərində dövlət tənzimlənməsini məhz belə müstəqil qurumlar vasitəsilə həyata keçirirlər. Biz ümumdaxili məhsulumuzda turizm sektorunun payının yaxın perspektivdə ən azından ümumdünya göstəricisinə - yəni 10 faizə yaxınlaşmanı hədəfləyirik. Bu səbəbdən də ölkədə turizm məsələləri ilə müstəqil bir qurumun yaradılması təqdirəlayiqdir. Prezident növbəti sərəncamla istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetməni təkmilləşdirmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşdirilməsi və yenidən təşkili yolu ilə Əqli Mülkiyyət Agentliyi yaratdı. Bu struktur dəyişikliyi nəzarətin daha ünvanlı olması və onun səmərəliliyinin təmin edilməsi baxımından çox uğurlu bir addım hesab edilməlidir. Bundan əlavə, ölkə başçısı maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanların fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi məqsədilə Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi tərəfindən birgə nəzarət mexanizminin yaradılması tapşırığını verdi. Belə əlaqələndirmə bu sahədəki bütün uyğunsuzluqların aradan qaldırılmasına imkan verəcək. O baxımdan aparılan struktur islahatların böyük əhəmiyyəti var”.
Vidadi ORDAHALLI