Məhəmməd Əsədullazadə: “Cəbhə xəttində son günlər təxribatların artması məhz bu niyyətdən irəli gəlir”
Bir müddət əvvəl Ermənistanda start verilən konstitusiya islahatları əhali tərəfindən sakit qarşılansa da, aprel ayında Serj Sarkisyanın özünü parlamentdə baş nazir təsdiq etdirməsi planı problemlərlə qarşılaşıb. Əhali artıq bir neçə gündür ki, İrəvanda izdihamlı etiraz aksiyaları keçirir.
Əslində, parlament respublikasına keçid nəticəsində səlahiyyətləri artacaq baş nazir vəzifəsinin yenidən Sarkisyanın tutacağı məsələsi Ermənistandakı nüfuzlu siyasi qruplaşmalarla razılaşdırılmış bir qərar idi. Bununla Sarkisyan öz hakimiyyətini konstitusiyaya yalnız bir dəyişiklik nəticəsində yox, konseptual islahatlar donu geydirməklə saxlamaq istəyirdi. Belə islahatlar Qarabağ ətrafında danışıqlar prosesindən hər bir bəhanə ilə yayınmaq niyyəti olan erməni hakimiyyəti üçün əlverişli idi. Belə ki, bir çox ölkələrdə olduğu kimi, baş nazir prezidentdən fərqli olaraq, demək olar ki, imzaladığı bütün sənədləri parlamentin təsdiqinə verməlidir, əsasən də beynəlxalq razılaşmalara aid sənədləri. Bu isə beynəlxalq təşkilatlar qarşısında heç bir məsuliyyət daşımadan hansısa bir müqavilənin təsdiqini illərlə yubatmağı çox asan edir. Ancaq məlum oldu ki, bu imitasiya belə S.Sarkisyanı xilas etmir. Erməni cəmiyyətində Sarkisyana nifrət o qədər böyükdür ki, onlar daha onun ölkəyə rəhbərlik etməsini istəmirlər.
Belə olan halda, son vaxtlar ermənilərin cəbhə bölgəsində müxtəlif xarakterli təxribatlarının genişlənməsi müşahidə olunur. Bir neçə gün əvvəl Ağcabədi sakini Rəhim Hacıyev öz evində erməni hərbçilərinin açdığı atəş nəticəsində yaralanıb. Bundan başqa, erməni tərəfi guya Azərbaycan Ordusunun cəbhə bölgəsində fəallaşmaları barədə məlumatlar yayır. İrəvanda etirazların başladığı ilk günlər ərzində erməni mətbuatı öz ərazilərinin bizim Qazax-Tovuz rayonları, Naxçıvan Muxtar Respublikası ərazisindən atəşə tutulması haqqında informasiya dalğası yaradır və dövlət sərhədinin bu hissələrində təxribat yaratmaqdan çəkinmirdilər.
Maraqlıdır, bütün bunlarda ermənilərin məqsədi nədir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə prizmadan yanaşdı: “Məsələ ondadır ki, Ermənistanda Serj Sarkisyanın növbəti dəfə hakimiyyətdə qalmaq üçün baş nazirliyə gəlməsi bu ölkədə geniş xalq kütləsinin etirazı ilə qarşılandı. Çünki xalq növbəti dəfə iqtisadi və sosial çöküş yaşamaq istəmir. Hazırkı rejim iqtisadi baxımdan müsbət mənada onlara heç nə verməyib. İqtisadi sıxıntıdan və pis sosial vəziyyətdən başqa ermənilər heç nə görməyiblər. Qarabağ müharibəsindən istifadə edərək İrəvanda hakimiyyətə gələn müharibə partiyası Ermənistanın bir dövlət kimi müstəqilliyini Rusiyaya güzəştə gedib. Ona görə də xalq Serj Sarkisyanın baş nazirliyinə bu qədər aqressiya ilə müqavimət göstərir. Öz hakimiyyətini qorumaq üçün xalqına atəş açan Sarkisyan Qarabağda müharibəni alovlandırmaqla nümayişi yatıra bilər. Cəbhə xəttində son günlər təxribatların artması məhz bu niyyətdən irəli gəlir. Hakmiyyətdəki müharibə partiyasının mahiyyəti məhz qan üzərindədir. Hətta Sarkisyan da müxalif lider Paşinyanla görüşündə və ona mesajlarında çoxlu qan gördüyünə, 1 mart hadisələrini xatırlamaqla buna gedəcəyinə eyham vurur. İndi proseslər Sarkisyanın əleyhinə işləyir. Daxili Qoşunların bir qrup hərbçisi etirazçılar tərəfə keçib. Vəziyyət ciddiliyini qorusa, Sarkisyanın hakimiyyəti laxlaya bilər. Qarabağda törədə biləcəyi hər hansı təxribat əleyhinə işləyər”.
Qeyd edək ki, yazı İrəvanda Sarkisyanın istefasından əvvəl hazırlanıb.
Vidadi ORDAHALLI