Elşən Əliyev: “Ermənistan bununla bağlı hətta dünyadakı ermənilərin köçüb orada yaşaması üçün əlindən gələni edib, lakin nəticə olmayıb”
Ermənistanın yeni seçilən baş naziri Serj Sarkisyanın Rusiyada nəşr edilən “İzvestiya” qəzetinə verdiyi müsahibədə səsləndirdiyi ziddiyyətli fikirlər ətrafında müzakirələr davam edir. Sarkisyan müsahibədə daha bir ağ yalan danışaraq, ölkəsinin demoqrafik göstəricilərinin artırılacağına söz verib.
O bu sahədə Ermənistanda problemin olduğunu etiraf edib və bildirib ki, həmin hal yalnız Ermənistan üçün xarakterik deyil. Sitat: “Bizim vəziyyətimizi isə kritik həddə dəyərləndirmək olar. Bu mənfi tendensiya sonradan bizim üçün başqa problemlərin yaranmasına da səbəb ola bilər. Bu səbəbdən də deyilən istiqamətdəki neqativliyin aradan qaldırılması üçün xüsusi proqram üzərində işləyirik. Həmin proqramın başlıca məqsədi bizim əhalinin sayını 2040-cı ilə kimi 4 milyona çatdırmaqdır. Bu yaxınlarda biz ölkənin 2030-cu ilə qədərki inkişaf planını müzakirə etdik. Orda da bu məqama xüsusi toxunulub. Biz bütün vasitələrlə ailələrdə çoxuşaqlılığı stumulyasiya edirik. Bu istiqamətdə daha ciddi işləyəcəyik”.
Sarkisyanın əhalinin artımı ilə bağlı səsləndirdiyi rəqəmləri nə dərəcədə real saymaq olar və 2040-cı ildə Ermənistanın əhalisinin 4 milyona çatması mümkündürmü?
Ekspert Elşən Əliyev qəzetimizə bildirdi ki, Sarkisyan bu istiqamətdə istəyini dilə gətirib: “Görünür ki, onun səsləndirdiyi rəqəm aparılan ciddi təhlillərin nəticəsində ortaya çıxmayıb. Bunu sübut etmək üçün Ermənistanın öz dövlət qurumlarının ötən il üçün verdikləri bəzi rəqəmlərə diqqət edək. Həmin rəqəmlərin təhlili göstərir ki, Ermənistanda demoqrafik böhran get-gedə güclənir və nəticədə azalma tempi sürətlənir. Ermənistanın Statistika Xidmətinin məlumatına görə, 2017-ci il oktyabrın 1-nə ölkənin daimi əhalisinin sayı 2 979 600 nəfər təşkil edib. Bu, bir il əvvəlki göstəricidən 14 300 nəfər azdır. Bu, əvvəlki illər müşahidə olunan azalma tempindən xeyli yüksəkdir. Məsələn, ötən ilin 9 ayında əhali 6 900 nəfər azalıbsa, 2014-cü ilin analoji dövründə azalma 3200 nəfər olmuşdu. Maraqlıdır ki, bir müddət əvvəl Serj Sarkisyan 2040-cı iləcən əhali sayının 4 milyon nəfərə çatdırılması hədəfini elan edib. Bu yaxınlarda isə baş nazir Karen Karapetyan bildirib ki, ötən illə müqayisədə sosial rifahı yaxşılaşmış vətəndaşların sayı guya 4 faiz artıb.
BMT-nin Əhali Fondunun Ermənistandakı ofisinin hesabatından bəlli olur ki, Serj Sarkisyanın 2040-cı il üçün ölkə əhalisinin sayı barədə verdiyi vəd real deyil. Bu ambisiyalı bəyanatı dəlillərlə sübut etməkdə Sarkisyan acizdir.
Beynəlxalq təcrübə ölkə əhalisinin artımı üçün dəqiq mexanizm təklif edir və bu heç də ailələrə hansısa maliyyə yardımı ilə bağlı deyil. Ailə birinci və ya növbəti uşağın doğulması barədə qərar verməzdən əvvəl ilk növbədə özünü sosial və iqtisadi cəhətdən təminatlı hiss etməlidir. Ermənistandakı ailələr isə bu təhlili aparanda bədbinliyə düçar olurlar.
Müqayisə üçün deyim ki, Azərbaycan əhalisinin sayı ötən ilin əvvəlindən 57 min 269 nəfər və ya 0,6 faiz artaraq 2017-ci il sentyabr ayının 1-i vəziyyətinə 9 milyon 867 min 250 nəfərə çatıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, əhalinin bir kvadratkilometrə düşən sıxlığı 114 nəfər olub. Əhalinin ümumi sayının 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Göründüyü kimi, heç bir amil Sarkisyanın dediyi nəticənin əldə olunacağı ilə bağlı ümid vermir. Ermənistan bununla bağlı hətta dünyadakı ermənilərin köçüb orada yaşaması üçün əlindən gələni edib, lakin nəticə olmayıb.
Əhalinin durmadan azalmasının səbəbi Ermənistanda yaşayış səviyyəsinin çox aşağı olmasıdır. İnsanlar iş yerləri, sosial problemlərinin həlli üçün vəsait, sabaha ümid tapa bilmirlər. Bunun nəticəsində əhali durmadan Ermənistanı tərk edir. 1991-ci ildə Azərbaycan əhalisinin sayı 7 milyon, Ermənistanın isə 4 milyon idi. Hazırda Azərbaycan əhalisinin sayı 10 milyon nəfərə çatır. Ermənistan əhalisinin sayı isə 2.9 milyona düşüb. Bu fərq get-gedə artacaq”.
Məhəmmədəli QƏRİBLİ