Elşən Həsənov: “Məhz buna görə də yeni prezidentin andiçmə mərasimi hansısa ad günü partisi səviyyəsində keçirilib”
Aprelin 9-da Ermənistanda yeni prezident seçilmiş Armen Sarkisyanın inauqurasiya mərasimi keçirilib. Armen Sarkisyan əlini "İncil" kitabına basaraq and içib. Bununla da o, Serj Sarkisyandan prezident postunu təhvil alıb. Qeyd edək ki, 2008-ci ildən hakimiyyətdə olan Serj Sarkisyanın prezident kimi səlahiyyətləri artıq bitmiş sayılır.
İnauqurasiya mərasimi Bakı vaxtı ilə saat 12:00-da, "Demirçyan" idman-konsert kompleksində keçirilib. Mərasimə xüsusi olaraq xaricdən heç bir nümayəndə heyəti dəvət olunmayıb. Bununla da Ermənistanın parlament ölkəsinə çevrilməsi prosesi başa çatmış oldu.
Qeyd edək ki, aprelin 17-də ölkə parlamentində yeni baş nazir seçiləcək. Ekspertlərin fikrincə, bu postu Serj Sarkisyan tutacaq.
Yeni seçilən prezidentin inauqurasiya mərasiminə xaricdən nümayəndə heyətlərinin dəvət edilməməsi çox maraqlı görünür. Ermənistan rəhbərliyinin bu addımı nə ilə izah oluna bilər?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistan Respublikası prezidentinin inauqurasiya mərasiminə xarici dövlət və Ermənistanda təmsil olunan xarici diplomatik korpus nümayəndələrinin qatılmaması doğrudan da təəccüb doğurası bir məsələdir: “Adətən belə əhəmiyyətli tədbirə xarici dövlət nümayəndələrinin qatılması qarşı tərəfə olan diqqətdən irəli gəlir və beynəlxalq aləmdə qəbul edilmiş normadır. İndiki halda isə biz Ermənistanla bağlı bunu müşahidə etmirik. Bu, həqiqətən də bənzərsiz bir hadisədir.Yəni aydın olmayan situasiyadır. Prezident ilk dəfə parlament tərəfindən seçilsə belə, hər halda, tədbirdə aşağı ranqlı da olsa nümayəndə heyəti iştirak etməlidir. Bu onu göstərir ki, Ermənistanda həyata keçirilən islahat, quruluşun dəyişməsi kosmetik xarakter daşıyır. Hakimiyyət yenə də Serj Sarkisyanın əlində qalacaq. Bu cür oyunbazlığı bütün dünya bildiyi üçün, Ermənistan rəhbərliyi biabırçılığın beynəlxalq şahidlərin iştirakı ilə reallaşmasını istəməyib. Bu, eyni zamanda, yeni prezidentin aşağılanması anlamına gəlir. Köhnə qvardiya bu jestlə ona xatırlatmaq istəyir ki, onun yalnız adı prezidentdir. Düşünüblər ki, aşırı təmtəraq yeni Sarkisyanın başını dumanlandıra bilər. Bunun da nəticəsində özünü müstəqil prezident kimi aparmağa başlayar. Məhz buna görə də yeni prezidentin andiçmə mərasimi hansısa ad günü partisi səviyyəsində keçirilib. Armen Sarkisyanın ilk qədəmi sübut etdi ki, o, formal rəhbər titulunu daşıyacaq. Hakimiyyət yenə də köhnə qvardiyanın, daha doğrusu, Serjin əlində cəmləşəcək”.
Məhəmmədəli QƏRİBLİ