Yeganə Hacıyeva: “ABŞ-ın rəhbərliyi ilə koalisiyanın Yaxın Şərq regionunda bundan öncəki neqativ təcrübəsi bunu mümkünsüz edir”
Bəşər Əsəd qoşunlarının Suriyanın Şərqi Quta bölgəsindəki Duma şəhərində kimyəvi silah tətbiqi nəticəsində 100-dən çox insan ölüb, minlərlə yaralının olduğu bildirilir. Zəhərli qazla əlaqədar ölənlərin sayının artacağı istisna edilmir. Qeyd edək ki, Dumada atışmalar aprelin 6-da başlayıb. Əsəd tərəfdarları martın 19-dan Dumada kimyəvi silah tətbiq ediblər.
Duma şəhəri Şərqi Quta bölgəsində müxalif qüvvələrin nəzarətində olan son yaşayış məntəqəsidir.
Avropa İttifaqı (Aİ) Əsəd rejiminin Dumadakı kimyəvi silah hücumunu sərt şəkildə qınayıb.
Avropa İttifaqının Xarici Əlaqələr üzrə İdarəsinin yaydığı məlumatda bildirilib ki, Suriyada Əsəd rejiminin mühasirəsində olan Şərqi Qutanın Duma qəsəbəsinə edilən və tərkibində zəhərli qaz olan kimyəvi silah hücumundakı dəlillər məsuliyyətlinin yenə rejim olduğuna işarə edir.
Açıqlamada Aİ-nin hücumu sərt şəkildə qınadığı qeyd edilib və beynəlxalq ictimaiyyətə hücumla əlaqəli cavab verilməsi üçün sürətli addım atılması barədə çağırış edilib.
Açıqlamada İttifaqın kimyəvi silahlardan istifadə edilməsilə mübarizəni davam etdirəcəyi, mülki şəxslərin qorunmasının ilk planda yer tutan vacib olan məsələ olduğu bildirilib.
Əsədin bu davranışı Qərb ölkələrinin birləşərək onun üzərinə yürüməsi üçün əsas verə bilərmi?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, bir müddət öncə ABŞ Milli Kəşfiyyat Agentliyi ABŞ-ın Suriyadan çıxıb-çıxmaması ilə bağlı qərarın tezliklə açıqlanacağını, ABŞ prezidenti Donald Tramp ölkəsinin Suriyadan çıxmaq planı üzərində işlədiyini, ABŞ-ın regionda qalmasını arzu edən dövlətlərin, yəni Səudiyyə Ərəbistanının bu mövcudluğun haqqını ödəməli olacağını bildirdi: “Bu günlərdə Şərqi Quta əyalətinin Duma yaşayış məntəqəsində kimyəvi silahdan istifadə edilməsindən sonra Ağ Evin təhlükəsizlik və terrorla mübarizə üzrə müşaviri Tomas Bossert ölkəsinin Suriyaya qarşı hərbi əməliyyatı istisna etmədiyini bildirdi.
Kimyəvi hücumdan sonra Rusiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidlər mövzusunda toplantısı keçirildi. Bildirim ki, artıq Fransa, ABŞ və Böyük Britaniya BMT Təhlükəsizlik Şurasında Suriyadakı vəziyyətin müzakirəsi zamanı ölkələrinin hərəkətlərinin koordinasiyasını razılaşdırdılar. Qeyd edim ki, BMT Təhlükəsizlik Şurası məsələ ilə bağlı iki görüş keçirib. Rusiya tərəfindən başladılan, 9 ölkənin iştirakı ilə Şərqi Qutada baş verənlərə dair iddianın müzakirəsi üçün fövqəladə toplantı olacaq və ardınca Suriyadakı vəziyyətin müzakirəsi davam edəcək.
Hadisədən sonra Avropa İttifaqı Bəşər Əsəd tərəfdarları olan Rusiya və İranı hücumların qarşısını almaq və döyüşlərin dayandırılmasını, zorakılığın aradan qaldırılmasını təmin etmək üçün öz nüfuzlarını istifadə etməyə çağırdı.
Qeyd edim ki, beynəlxalq təşkilatların hesabatlarında müharibənin başladığı 2011-ci ildən 2018 -ci ilə qədər Suriyada kimyəvi silahlardan ən azı 130 dəfə istifadə edilməsi əksini tapıb.
Bunlardan ən faciəlisi 2017-ci il aprel ayında üsyançıların nəzarət etdiyi Xan Şeyxun şəhərinə hücum zamanı kimyəvi silahlardan istifadə oldu. Mənzil qərargahı Londonda yerləşən Suriya İnsan Hüquqları Müşahidə Mərkəzinin məlumatına görə, bu hücum nəticəsində, 20 uşaq da daxil olmaqla, 72 nəfər dinc əhali həlak oldu. Bu isə qəzəbli beynəlxalq reaksiya yaratdı, ABŞ və digər dövlətlər ölümlərə görə Suriya hökumətini ittiham etdilər. Kimyəvi silah hücumuna cavab olaraq, Suriyada hərbi hava bazasına qarşı ABŞ-ın raket zərbələri endirməsi baş verdi. ABŞ-ın Suriya prezidentinin rəhbərliyi altında olan qüvvələrə qarşı ilk dəfə birbaşa hərbi əməliyyatı planı işə düşdü, nəticədə Suriya Hərbi Hava Qüvvələrinə ölkənin mərkəzindəki Şəyrət aviabazasına ABŞ-ın raket zərbələri ilə böyük maddi itkilərlə nəticələnən hücum təşkil olundu.
Bu hücum isə, özlüyündə Suriya səmasında ABŞ və Rusiya hərbi hava qüvvələri arasında toqquşmalardan yayınmaq üçün razılaşdırılmış hava təhlükəsizliyinə dair sazişin aradan qaldırılmasına səbəb oldu.
ABŞ Dövlət Departamenti Bəşər Əsədin dəstəklənməsi səbəbindən, bu və digər kimyəvi hücumlara görə Rusiyanın məsuliyyət daşıdığını bəyan etdi. Qeyd edim ki, bu kimyəvi hücum AB-nin patronajlığı ilə Brüsseldə 70 donor ölkənin Suriyaya yardım səyləri barədə danışıqlarla eyni zamanda baş verib. Suriyada sülhün bərqərar olunmasına çalışan beynəlxalq ictimaiyyətin səylərinin qarşısını almağa yönəlik təxribat idi.
Xüsusi olaraq bu günlərdə Şərqi Quta əyalətinin Duma şəhərinə baş verən kimyəvi hücum və onun ətrafında baş verənləri bundan öncəki hücumlardan fərqləndirən bir neçə məqam haqqında danışmaq istəyirəm.
Birinci, Şərqi Quta əyalətinin Duma şəhərindəki hücum Suriya müxalifəti və terrorist qrupların əlində olmayan bir silahla həyata keçirildi, bu cür silahlar ümumiyyətlə çox az dövlətlərin hərbi arsenalında mövcuddur.
İkinci, kimyəvi silahla hücumun ardınca Suriya Hava Qüvvələrinin ən qədim və ən böyük hava bazalarından biri olan Tifor hava limanına zərbələr endirildi. Bu aviabaza isə strateji cəhətdən vacib olan, Palmira yoluna yaxın, Suriyanın enerji təchizatında mühüm rol oynayan mavi yanacaq mənbələri yerləşən strateji ərazidir. Üçüncü isə hava limanına endirilən zərbələr anonim edilib, keçən ilkindən fərqli olaraq, kimin tərəfindən atılması məlum deyil. Hadisədən sonra heç kim rəsmi olaraq hücum üçün məsuliyyəti öz üzərinə götürmədi.
Fransa və ABŞ hücumda iştirak etmədiyini bildirdilər, İsrail isə hadisəni şərh etməkdən imtina etdi. Zərbələrin trayektoriyası onun qonşu dövlətlərin ərazisindən deyil, Aralıq dənizindən atılmasını göstərir. Aralıq dənizində isə münaqişədə iştirakçı və maraqlı dövlətlərin hamısının hərbi bazaları mövcuddur. Bu isə zərbənin kimin tərəfindən vurulduğunu aydınlaşdırmağı kifayət qədər çətinləşdirib. Belə qənaətə gəlinir ki, bu artıq sadəcə hücum deyil, beynəlxalq təcrübədə görünməmiş, müstəqil bir dövlət üzərinə müasir raketlərdən həyata keçirilən anonim hücum, yəni dövlət terrorizmi anlamına gəlir. Belə bir halın olması isə beynəlxalq hüquqda sadəcə, qəbuledilməzdir və şübhəsiz ki, beynəlxalq araşdırma aparılmalı, suveren dövlətə qarşı anonim təcavüz hərəkəti aydınlaşdırılmalıdır. Sırf bu hadisə “bütün Qərb ölkələrindən ibarət koalisiyanın Bəşər Əsədin üzərinə birlikdə yürüş etməsinə səbəb ola bilərmi” sualına gəlsək, mən bunu istisna edirəm. ABŞ-ın rəhbərliyi ilə koalisiyanın Yaxın Şərq regionunda bundan öncəki neqativ təcrübəsi bunu mümkünsüz edir. Biz daha çox ABŞ-ın dəstəklədiyi regional terrorist qrupların fəaliyyətlərinin yüksəlməsinin, Suriyadakı bütün yerli amerikalı qüvvələr, o cümlədən kürdlərin hücumlarının artmasının şahidi olacağıq”.
Məhəmmədəli QƏRİBLİ