Elşən Mustafayev: “Rəsmi Bakının oranı silahlandırmağa tam hüququ çatır” “Çünki bu addımlar ilk növbədə Naxçıvanın təhlükəsizliyi üçün önəmlidir”
“Daşnaksütyun” partiyasının mərkəzi ofisinin siyasi məsələlər üzrə rəhbəri Kiro Manoyan bildirib ki, Azərbaycan Türkiyə ilə birlikdə Naxçıvanı silahlandırır. Bu barədə məlumatı Ermənistan saytları verib. Sitat: “Biz bu məsələdə çox ehtiyatlı olmalıyıq. Türkiyə və Azərbaycan Naxçıvanı ciddi şəkildə silahlandırırlar.
Oradan böyük təhlükə gözlənə və başqa bir vəziyyət yarana bilər. Dağlıq Qarabağa Azərbaycan tərəfdən hücum olarsa, Rusiyanın prosesə qarışıb-qarışmayacağı hələ sual altındadır. Ancaq belə bir hücum Naxçıvandan Ermənistana edilərsə, Rusiya ilə yanaşı, Ermənistan da bütün hərbi arsenalını onun qarşısının alınmasına sərf etməli olacaq. Bu isə çox ciddi və sonu yaxşı olmayan nəticələrə gətirib çıxaracaq. Ermənistanın istənilən hissəsinə edilə biləcək hücum xoş nəticələrə səbəb olmayacaq, ancaq bu, Naxçıvandan olunacaqsa, vəziyyət daha qorxulu sonuc ala bilər. Bu heç də o anlama gəlmir ki, onlar bu prosesdən qalib çıxacaq”.
Manoyanın sözlərinə görə, vəziyyətin həmin cəbhədən gərginləşəcəyi halda Naxçıvan “ayaq altında” qalacaq: “Ora ya İran girəcək, ya da Ermənistan. Türkiyənin özü də bunu etməyə çalışır. Düşünürəm ki, onlar vəziyyəti dərk edib belə addımlara getməyəcəklər, ancaq bu heç də o anlama gəlmir ki, biz rahat oturmalıyıq.
Daşnak təfəkkürlü bu adamın Naxçıvanla bağlı səsləndirdiyi fikirlər nədən irəli gəlir?
Ekspert Elşən Mustafayev qəzetimizə bildirdi ki, ermənilərin Naxçıvanla bağlı narahatlıqları başadüşüləndir: “Onların Naxçıvanla bağlı ərazi iddiaları hər zaman olub. Yadınızdadırsa, 90-cı illərin əvvəllərində ermənilərin ilk həmlə etdikləri ərazi Naxçıvan oldu. Həmin istiqamətdə olduqca ağır döyüşlər gedib. Heç bir nəticə əldə edə bilmədikləri üçün çox üzgündürlər. Bilirsiniz ki, Naxçıvanla bağlı 1921-ci ildə Rusiya ilə Türkiyə arasında imzalanmış “Qars müqaviləsi” deyilən sənəd var. Yəni ora olunan istənilən hərbi təcavüzlə bağlı Türkiyə də söz sahibi sayıla bilər. Ermənilər gözəl bilirlər ki, elan olunmuş atəşkəs dönəmində Azərbaycan Ordusu çox güclü inkişaf edib. Naxçıvanda isə Ümumqoşun Ordusu yaradılıb ki, bu da çox böyük hərbi gücün orada cəmləşdiyi anlamına gəlir. Hətta dəfələrlə azərbaycanlı rəsmilərin dilindən eşitmişik ki, Naxçıvana Ermənistandan hansısa hərbi təcavüzə cəhd olunarsa, orada cəmləşən qüvvələr düşməni İrəvana kimi qovmağa qadirdir. Naxçıvanda keçirilən irimiqyaslı hərbi təlimləri ermənilər izləyib və həmin qüdrət onları sarsıdıb. Buna görə də sanki bizə xəbərdarlıq edirlər. Başqa sözlə desək, şantaj edirlər ki, oradan bir cəhd olsa, Rusiya, İran da məsələyə qarışa bilər. Bütün bunlar cəfəng fikirlərdir. Naxçıvan Azərbaycanın tərkib hissəsidir və olduqca həssas regionda yerləşir. Buna görə də rəsmi Bakının oranı silahlandırmağa tam hüququ çatır. Çünki bu addımlar ilk növbədə Naxçıvanın təhlükəsizliyi üçün önəmlidir. Həmin bölgənin silahlandırılmasında başqa xarici ölkələrin rolunun olmasına dair deyilənlər isə ermənilərin növbəti uydurmasıdır. Məqsəd Türkiyəni İran və Rusiya ilə üz-üzə qoymaqdır”.
Məhəmmədəli QƏRİBLİ