Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş müşahidəçilərin sayı açıqlanıb.
MSK-nın Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu günə qədər prezident seçkiləri ilə əlaqədar 60 təşkilat və 59 ölkədən 890 beynəlxalq müşahidəçi akkreditə olunub.
Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfərdir.
Prezident seçkilərinə müdaxilə cəhdlərinin olmadığını demək sadəlövhlük olardı. “Trend”in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “RİA Novosti”-yə müsahibəsində belə deyib.
M.Pənahov qeyd edib: "Müdaxilə cəhdlərinin olmadığını söyləmək, yumşaq desək, sadəlövhlük kimi çıxardı. Böyük təəssüflə təsdiq edirik ki, müdaxilə cəhdləri, arzuları müasir dünyanın reallığına çevrilib".
MSK sədrinin sözlərinə görə, ötən illərdə belə cəhdlər uğursuzluğa düçar olub, belə ki, onların ciddi amil olan sosial bazası mövcud deyil: "Seçkiqabağı kampaniya zamanı ciddi pozuntular qeydə alınmayıb".
M.Pənahov deyib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTHİB) prezident seçkilərinin müşahidəsi üzrə fəaliyyəti normal davam edir. M.Pənahov qeyd edib ki, onların fəaliyyəti normal gedir, artıq aralıq hesabatla çıxış ediblər: "Bizim razılaşmadığımız müəyyən məqamlar da var. Ondan başlayım ki, Azərbaycan yerində dayanmır, yəni inkişaf edir, dünyada tanınır. Bu reallıqdır, faktdır. Ölkəmiz haqqında müsbət fikirlər var. Problem isə hər yerdə mövcuddur. Düşünürəm ki, ölkə inkişaf etməklə münasibətlər, yanaşma da dəyişir. Azərbaycan, belə demək mümkünsə, demokratik ailənin bir hissəsidir. Konkret olaraq ATƏT-ə gəldikdə isə, bəli, yuxarıda deyilənlər bu təşkilata da aiddir. Bizim münasibətlərimiz, əlbəttə, 2000-ci illərin əvvəllərindəki kimi deyil. Biz hazırda fəal surətdə əməkdaşlıq edirik".
MSK sədri bildirib ki, müşahidə prosesinin özü çox həssas işdir: "Bu işin məqsədi nöqsanları aşkar etmək və qeydə almaqdır. Məhz o zaman aydın olur ki, kim konstruktiv mövqeyə sahibdir, kim yox. Bəziləri üçün nöqsanlar seçki prosesinə aidiyyəti olmayan məsələləri reallaşdırmağa bir bəhanədir".
Dağıstan parlamentinin sədri Xızrı Şıxsəidov Dağıstandan Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək nümayəndə heyətinin rəhbəri təyin olunub. “Trend”in məlumatına görə, Dağıstan nümayəndə heyəti 14 nəfərdən ibarətdir.
Nümayəndə heyətinə, həmçinin, parlamentin sədr müavini Kamil Davdiyev, deputatlar Murad Hacıyev və Zaur Asgəndərov, Nurməhəmməd Əliyev, Həmid Aliqişiyev, Məhəmmədxan Aratsilov, Zümrüd Buçayeva, Məhəmmədkadi Həsənov, Seyfulah İsakov, Leyla Kərimova, Marina Kotenko, Murat Payzulayev və Murtuzəli Murtuzəliyev daxil olub.
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-i keçiriləcək.
Prezident seçkiləri üzrə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası da artıq Bakıya gəlib. Missiyanın tərkibində yer alan AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak özünün "Twitter" səhifəsində bunu yazıb.
Qeyd edək ki, Viorel Rikard Badeanın (Rumıniya) rəhbərlik etdiyi AŞPA missiyasına 33 müşahidəçi daxildir.
Prezident seçkilərini müşahidə etmək üçün, dünyanın aparıcı KİV-i də daxil olmaqla, 150-yə yaxın jurnalist də artıq Azərbaycanda səfərdədir.
APA-nın məlumatına görə, onların arasında “The Washington Times”, “The Hill”, “The Jerusalem Post”, “The Tames of İsrael”, “Daily Caller”, “Muslim World Today”, “The Algemainer”, “İndependent Journal Review”, “RAİ” TV, “New Europe”, “Al Jaazeera”, ORT, RTR, Rossiya Seqodnya, Daily Times, TRT World və digər KİV-in nümayəndələri var.
ABŞ, Böyük Britaniya, İtaliya, Fransa, Belçika, Bolqarıstan, Qətər, Rusiya, Qazaxıstan, Pakistan, Əlcəzair, Livan, Mərakeş, İordaniya, Misir, İsrail, Türkiyə, İndoneziya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin aparıcı KİV-i Azərbaycandakı seçkiləri müşahidə edəcək.
Xəbər xidməti