Son günlər sosial şəbəkələrdə artıq hərcayi və söyüş qrupu kimi tanınan şəxslərin fəaliyyətində yeni istiqamət görünməyə başlayıb. Azərbaycanın milli-mənəvi, siyasi simvollarını, Prezidenti, onun ailəsini, yaxın ətrafındakı şəxsləri qeyri-etik və yolverilməz üsulla hədəfə alanlar bu üzdəniraq yollarını davam etdirməklə bərabər yeni ideya da “kəşf” ediblər. İddia edirlər ki, onların öz üslublarına uyğun, eyni etikasız jarqonla onlara cavab verən insanların bu fəaliyyətini guya Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənov təşkil edir. Guya onların öz əxlaqına uyğun bu sayaq cavab reaksiyaları o qədər “dahiyanə” taktika imiş ki, onun təşkilatçılığına Prezident Administrasiyasının çox yüksək çinli məmurları, o cümlədən də Əli Həsənov qoşulmalı olub.
Artıq Əli Həsənov özü bu tip yeni iddialara qısa və dəqiq cavab verib, qeyri-etik, qeyri-siyasi dildə ritorika-dialoq aparmağın onun əxlaqına uyğun gəlmədiyini, eləcə də əməkdaşlarının belə səviyyəsiz cavab üsullarından uzaq olduğunu bəyan edib. Prezidentin köməkçisi dəqiq etiraf edib ki, Azərbaycanın milli-mənəvi, siyasi simvollarını hədəfə alan hər cür təmayüllərə qarşı ictimai müqaviməti təşkil etmək onun birbaşa vəzifə borcudur. Lakin onu da deyib ki, qeyri-etik jarqonla cavab reaksiyaları qətiyyən ictimai müqavimət demək deyil və onun belə cavab reaksiyalarının təşkili ilə hər hansı əlaqəsi ola bilməz. Bir sözlə, sosial şəbəkəni söyüş-təhqir tribunasına çevirərək Azərbaycanın simvollarını hədəfə alanların yeni istiqaməti budur ki, guya sosial şəbəkədə onlara qarşı onların öz dilləri ilə cavab reaksiyalarını kimlərsə təşkil edir...
Sosial şəbəkələrdə dövlət simvollarını qeyri-etik formada hədəfə alan xaricdəki bəzi azərbaycanlılara qarşı ilk günlərdən mövqe göstərən bir şəxs kimi bilirəm ki, söyüş qrupunun “kəşf” etdiyi bu yeni ideya səbəbsiz deyil. Onlar görürlər ki, Azərbaycan cəmiyyəti əks-mövqe göstərdi, söyüşlə danışanları dəstəkləmədi, cəmiyyətin ən geniş və elitar qruplarını təmsil edənlər ayağa qalxdı, açıq dedilər ki, mövcud hakimiyyətlə və Prezidentlə mübarizə aparmaq istəyirsinizsə bunun yolu tərbiyəsiz hərəkətlər və sözlərdən ibarət deyil. Cəmiyyət onlara mesajlar verdi ki, nə qədər belə üsullardan istifadə edəcəksinizsə, cəmiyyəti özünüzdən bir o qədər iyrəndirəcəksiniz. Bəziləri söyüş-təhqir dolu çıxışlarını sosial şəbəkələrdə yerləşdirəndən müəyən müddət sonra onu neçə adamın izlədiyini yoxlayır, belə qənaətə gəlirlər ki, guya bu çıxışları izləyənlərin hamısı onları dəstəkləyir. Bu onların ən böyük yanlışıdır. İzləyənlər onlara dəstək verənlər yox, normal mübarizəni ifrat tərbiyəsizlik ritorikasına çevirənləri ittiham edənlərdi. Söyüş-təhqir videolarını izləyənlərin mütləq əksəriyyəti gördüyü tərbiyəsizliklərin dərəcəsindən dəhşətə gəlir və onlara elə öz üsulları ilə də cavab vermək istəyirlər, məsələnin mahiyyəti budur. Əgər kimlərisə qeyri-insani formada təhqir edənlərə cavab reaksiyaları varsa, bunun xüsusi təşkil olunmasına ehtiyac yoxdur, vicdanı olan hər kəs öz-özünə könüllü qərar verir ki, dövlətin simvollarını, tək-tək şəxsləri bu sayaq təhqir etmək qəbuledilməzdir. Vicdanın hökmü ilə formalaşan bu qərarı isə icra etməkdə kimlərsə təmkinli ifadələrə üstünlük verir, kimlərsə özünü əla ala bilmir və söyüşə əl atır. Yolverilməz olsa da, başa düşək ki, bu belədir.
Xaricdə oturub Azərbaycandakıları söyənlər də, onlara söyüşlə cavab verənlər də eyni ziyanlı yolla gedirlər. Məqsəd aranı qarışdrmaq, şəxsi qisas zəminində insanları bir-birinin üstünə qaldırmaq, hətta insan ölümünə bais olmaq və nəticədə xaos yaratmaqla sabitliyi pozmaqdır. Şübhələnirəm ki, xaricdən Azərbaycandakıları söyənlərin və onlara söyüşlə savab verənlərin hər ikisi eyni bir mərkəzin planlarının tərkib hissələridir. İndi başında azacıq ağıl olan kimsə necə iddia edə bilər ki, onların hər ikisini təşkil edən həmin adam Əli Həsənovdur?! Tam bir absurd... Sosial şəbəkələrdə söyüş söyənlər onlara kimlərinsə eyni üsullarla cavab verəcəyini deyəsən gözləmirdilər. Bu hesablarında da yanıldılar. Görəndə ki, artıq eyni formada cavablar verilməyə başlayıb, eyni zamanda normal olaraq həm də tam etik müstəvidə ictimai müqavimət prosesi gedir, iddia etdilər ki, guya qeyri-etik cavab reaksiyalarını kimlərsə təşkil edir. Burada onların məhz Əli Həsənovu hədəfə almalarının başqa səbəbləri də var. Məlumdur ki, Əli Həsənov sosial şəbəkədə söyüş qruplarına qarşı Azərbaycanda etikalı, siyasi və mədəni ictimai müqaviməti təşkil edən əsas rəsmi fiqurdur. Məhz bu müqavimətin təşkili sayəsində söyüşkənlər dəstəsinin əsas taktikası iflasa uğradı. Deməli, onların Əli Həsənova öz uğursuzluqlarının əsas baiskarı kimi baxmaqlarına əsaslar var. Digər tərəfdən, Əli Həsənov dövlət rəmzlərinə, Prezidentə və ailəsinə söyüş-təhqir çıxışlarına qarşı ilk anlardan ortaya kompromissiz və cəsarətli mövqe qoyan məmurlardan biri və bəlkə də birincisidir. Bununla da Prezidentə qarşı ünvanlanmış qeyri-etik çıxışların müəyyən hissəsini öz üzərinə götürməklə zərbəni paylaşdı, özü də onların əsas hədəflərindən birinə çevirildi. Əgər bu zərbənin müəyyən hissəsini Əli Həsənov kimi öz üzərinə çəkən məmurların sayı çox olsaydı, Prezidentə yönəlmiş tərbiyəsiz hücumların zərbə qüvvəsi xeyli parçalana bilərdi. Yəqin bu məqamın çox vacib olduğuna diqqət yetiriləcək.
Prosesi diqqətlə izləyirəm. Əndazə tanımayan çıxışları da, onlara eyni səviyyədə verilən cavabları da yolverməz sayıram. Kimlərsə müxalifətçilik etmək istəyirsə, bunu vəzifədən çıxarılandan sonra etməsin, əksinə, müxalifətçilik etmək üçün vəzifədən könüllü imtina etmiş olsaydılar, çox dürüst adamlar kimi görünə bilərdilər. Buna aid yaxın illərimizin tarixində unudulmaz nümunələr var, həm də əsl demokratrik müxalifətçiliyin jarqon dili ilə, kolxoz bazarı ifadələri ilə heç bir oxşarlığı olmamalıdır. Kimlərsə bu yollarla xalqın gözündə ucalmaq istəyirsə, bu ucalmaq yox, insana aşağılıq gətirən Herostat şöhrətidir. Əli Həsənovun bir neçə həftə öncəki sosial şəbəkələrdə üç statusu ilə də tanışam. Qeyri-etik ritorikaları mümkün qədər ortadan qaldırmağa yönəldilmiş maarifçi və dürüst çağırışlar idi. Bunlardan sonra da Əli Həsənov hər məqamda eyni təmkinli mövqeni davam etdirdi. İndi məntiqi sual yaranır ki, siyasi mövzulardakı müzakirə və polemikalarda küçə jarqonlarının kökünü kəsməyə çalışan bir adam özü bu sayaq axının təşkilatçısına necə çevirilə bilər? Əli Həsənovun yeni tezislə hədəfə alınmasının başqa bir həssas səbəbi də var. Bəziləri ”Söyüş-təhqir taktikası” qarşısında Prezidenti tək hədəfə çevirə biləcəklərinə ümidlərini hələ itirməyib. Buna görə də Əli Həsənovu şantaj edirlər, “cavab mövqeyində söyüş söyənləri təşkil edən sənsən” deyib də onu Prezidentin müdafiəsindən ... psixoloji-məişət hesabları ilə çəkindirmək istəyirlər, başqa məmurları da qorxudurlar ki, nəticədə Prezident vulqar bir mübarizənin tək hədəfi kimi ortada qalsın.
Hesab müəlliflərinin yanlışı söyüş-təhqir müstəvisində Prezidenti tək hədəfə çevirə biləcəklərinə, Əli Həsənovu isə bu mövqedən şantajla çəkindirə biləcəklərinə eyforikcəsinə inanmaqlarıdı. Azərbaycan cəmiyyətinin 100 faiz Prezidenti sevdiyini və siyasətinə etimad göstərdiyini iddia etmirəm. Az bir qisim opponentlər, təbii ki, var. Ancaq söhbət qeyri-etik, söyüş və şantaj müstəvisində personaları hədəfləmək cəhdlərindən gedirsə, bu müstəvidə nə Prezident, nə də onun müdafiəçiləri təklənməyəcək...Əli Həsənov da...
Əgər normal ritorikada və prinsipial siyasi mübarizə müstəvisində Prezidenti və onun köməkçisini təkləməyə qadir olanlar varsa, buyurub qabiliyyətlərini ortaya qoysunlar, biz də saf-çürük edib müqayisələr apara bilək...”
Aydın QULİYEV