Xəzər Teyyublu: “Uzun sürən Sarkisyan hakimiyyəti xalqa səfalət, acınacaqlı həyat tərzindən əlavə heç nə verməyib”
Ermənistanda baş nazir seçkisindən öncə maraqlı nəticələr ortaya çıxıb. Həmin ölkədə “Qallup” adlı bir şirkətin keçirdiyi sorğuda ermənilər Serj Sarkisyanı baş nazir postunda görmək istəmirlər. Ölkə əhalisinin cəmi 24,8%-i Sarkisyanı baş nazir kimi arzulayırsa, Karen Karapetyanı əhalinin 27,3%-i dəstəkləyib.
Maraqlı məqam odur ki, Sarkisyan bu göstərici ilə heç ikinci yerdə belə qərarlaşmayıb. Onu Karapetyanla bərabər, məşhur iş adamı Qaqik Sarukyan da üstələyib. Sarukyanı əhalinin 26,5%-i baş nazir görmək istəyir.
Sarkisyana qarşı kəskin mövqe tutan “Yelk” blokunun nümayəndəsi Nikol Paşinyan 15,3%, müdafiə naziri Vigen Sarkisyan isə cəmi 8,6% səs toplayıb.
Qeyd edək ki, Ermənistanda baş nazirin adı aprelin 9-da bəlli olacaq. Baş nazir parlamentdə keçirilən səsvermə əsasında müəyyən ediləcək. Prezidentlik postunu itirən Sarkisyanı əhali niyə hətta baş nazir postunda belə görmək istəmir?
Klassik Xalq Cəbhəsi partiyasının funksioneri Xəzər Teyyublu qəzetimizə bildirdi ki, bunun səbəbləri görünəndir və asan izah edilməsi mümkündür: “Bilirsiniz ki, Ermənistan bu il Konstitusiya islahatına gedərək, ölkənin siyasi idarəetmə sistemini dəyişdi. Ermənistan prezident üsul-idarəsindən parlamentli respublika modelinə keçdi. Bunu kosmetik bir islahat da adlandırmaq olar. Məlum addım heç də ölkədəki idarəetməni daha da funksional etmək üçün atılmayıb. Məqsəd Serj Sarkisyanın hakimiyyətə olan təsir imkanlarını qoruyub saxlamaqdır. Bundan əvvəl qüvvədə olan Konstitusiya Sarkisyana yenidən prezident olmağa imkan vermirdi. Yaranmış vəziyyətdən çıxış yolunu prezidentin səlahiyyətlərini məhdudlaşdırıb, bütün səlahiyyətləri baş nazirə verməkdə gördülər. Çünki Serj Sarkisyanın baş nazir seçilməsi üçün qarşısında heç bir qanuni maneə yoxdur. Serj Sarkisyan özü istədiyi bir fiquru gətirib prezident seçdirdi. Buna təyinat da demək olar. Onun hazırda olan ən başlıca hədəfi daha yüksək səlahiyyətlərə malik olan baş nazir postunu ələ keçirməkdir. Hesab edirəm ki, bu da onun üçün çətin olmayacaq. Çünki bütün seçkilər parlamentdə həyata keçirilirsə, çoxluğa malik olan hakim partiya üçün Serji baş nazir seçmək çətin deyil. Ermənistanda ədalətli quruluş olmadığı üçün, seçilən parlament xalqın iradəsini əks etdirmir. Ona görə də onların verəcəyi qərarlarla xalqın rəyi arasında kəskin fərq mövcuddur. Xalqın S.Sarkisyandan imtina etməsinin səbəbi bəllidir. Bunun üçün Ermənistanın düşdüyü real vəziyyətə baxmaq kifayət edir. Uzun sürən Sarkisyan hakimiyyəti xalqa səfalət, acınacaqlı həyat tərzindən əlavə heç nə verməyib. Buna görə də erməni xalqı köhnə qalıqlardan imtina etmək istəyir. Gənc əhali dözümsüz həyat şəraitinə görə ölkəni tərk edir, analar övladlarının müharibədə ölməsinə üsyan edir, Ermənistan, demək olar ki, regional layihələrin hamısından kənarda qalıb. Bütün bunlar Serj Sarkisyanın prezidentliyi dönəmində olubsa, əhali niyə onu dəstəkləməlidir?”
Məhəmmədəli QƏRİBLİ