Qabil Hüseynli: “Bu prinsipialsızlığı Layçakın özünün də təmsil olunduğu BMT-yə də aid edə bilərik”
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Layçak ADA Universitetində keçirilən “Çoxtərəfli əməkdaşlığın hazırkı durumu” mövzusunda tədbirdə Dağlıq Qarabağ problemindən danışıb: "Dağlıq Qarabağ məsələsi sizin üçün böyük ağrıdır. Bundan çox yaxşı xəbərdaram".
O xatırladıb ki, problemin həlli ilə Minsk Qrupu məşğul olur: "Bu sahədə aktivlik görə bilərik. Əldə edilən nəticələri inkişaf etdirməliyik. Minsk Qrupunun bu problemi həll etməyi bacarıb-bacarmadığına gəldikdə isə, bununla bağlı nəsə deyə bilmərəm".
M.Layçak qeyd edib ki, BMT həlli uzanan münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır.
Göründüyü kimi, cənab Layçak münaqişənin həlli ilə məşğul olan Minsk Qrupunun hansısa nəticə əldə edib-etməyəcəyi ilə bağlı suala konkret cavab verməyib. Daha doğrusu, bundan yayınıb. Layçakın bu mövqeyini ATƏT-in Minsk Qrupunun fəaliyyətinə bəslənən ümidsizlik kimi yozmaq olarmı?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Layçakın sualdan bu şəkildə yayınması başadüşüləndir: “Mən bu sualınıza cavab vermədən əvvəl diqqətinizi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 72-ci sessiyasında İlham Əliyevin etdiyi çıxışa yönəltmək istərdim. Ölkə başçısı həmin çıxışında çox məzmunlu şəkildə Dağlıq Qarabağ problemi və onun həllində rastlaşdığımız ikili standartları dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Əminəm ki, həmin çıxışın detalları Miroslav Layçakın da xatirindədir. ATƏT-in Minsk Qrupunun fəaliyyətindən Azərbaycanın rəsmi dairələri də daim narazılıq ediblər. Fəaliyyət göstərdiyi üçüncü on illik ərzində həmin qurum heç bir nailiyyətə imza atmayıbsa, onun perspektivdə görmək istədiyi böyük işlərə necə ümid bəsləmək olar? Təəssüflər olsun ki, dünya separatizm məsələsində ikili standartlar nümayiş etdirməklə Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-səmimi olduğunu sübut etmiş olur. Kiçik bir misal çəkim. İspaniyada baş verən hadisələrə Avropa Birliyinin və digər təsisatların münasibətinə baxanda ikili standartların nə qədər xəcalətli, nə qədər zərərli olduğunu bir daha müşahidə etdik. Azərbaycanda baş qaldıran aqressiv separatizm daha sonra rusların və ermənilərin köməyi ilə qanlı müharibəyə çevrilib. Azərbaycan torpaqlarının 20%-i işğal edilib, 30 mindən çox şəhidimiz var, 350 milyard dollarlıq itkiyə məruz qalmışıq. Kataloniyada baş verən hadisələrdə polisin aşırı güc tətbiq etməsi nəticəsində 850 nəfərin ağır yaralanması, daha sonra isə AB nümayəndəsinin İspaniyada separatizmə yol verməyəcəklərini bəyan etməsi separatizm məsələsində Avropanın və digər qurumların prinsipial münasibətini ortaya qoydu. Özləri separatizmin əleyhinə olduqları halda, Azərbaycanda aqressiv separatizmə, özü də bir neçə dövlət tərəfindən himayədarlıq edilən separatizmə qiymət verməkdə ”çətinlik" çəkirlər. Bu, xristian təəssübkeşliyinin bir ifadəsidir.
Azərbaycanın 7 rayonunun işğalını həyata keçirən qüvvələrə qarşı niyə loyallıq var? Nəyə görə bu məsələlərdə prinsipiallıq nümayiş etdirmək istəmirlər? Dünyada baş qaldıran separatçılıq meyllərinin qarşısını yalnız o halda almaq mümkündür ki, bütün münaqişələrə eyni cür yanaşılsın. NATO-nun Varşava sammitində postsovet məkanındakı bütün münaqişələrə eyni cür yanaşılması barədə fikir səsləndirilib. Yəni burada Dnestryanı ərazi, Gürcüstanda Abxaziya, Cənubi Osetiya, bizdə Dağlıq Qarabağ problemindən söhbət gedir. Nə qədər ki, Qarabağdakı separatizmə qarşı əzmkarlıq nümayiş etdirilmir, bunun nəticəsini dünya öz üzərində daha ağır formada hiss edəcək. Ona görə də bu məsələlərin həllinə hər bir ölkənin ərazi bütövlüyü çərçivəsində yanaşılmalı və separatçı meyllərə yol verilməməlidir. Çox təəssüflər olsun ki, ATƏT-in fəaliyyətində biz bu prinsipiallığı görmürük. Miroslav Layçak bu səbəbdən də sualdan yayınır. Ancaq bu prinsipialsızlığı Layçakın özünün də təmsil olunduğu BMT-yə də aid edə bilərik. Onlar da ATƏT-dən fərqli davranış ortaya qoymurlar. Belə olmasaydı, Azərbaycanın ərazilərinin işğaldan azad olunması ilə bağlı BMT qətnamələrinin həllinə nail ola bilərdilər”.
Məhəmmədəli QƏRİBLİ