Fikrət Sadıqov: “Baş katibin bu niyyətini isə müsbət qarşılayıram”
Rusiya paytaxtında keçirilən VII Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edən ATƏT-in baş katibi, isveçrəli diplomat Tomas Qremingerin Azərbaycan mətbuatının suallarını cavablandırıb.
O bildirib ki, bu il Azərbaycan və Ermənistana səfər etməyi planlaşdırır: “Səfərin dəqiq vaxtını deyə bilmərəm. Çünki hələ dəqiqləşməyib. Azərbaycanın və Ermənistanın ATƏT-dəki daimi nümayəndələri, səfirləri ilə bu barədə danışmışam. Bu ilin ikinci yarısında Azərbaycan və Ermənistana səfərimi reallaşdırmağa çalışacağam”.
“Rusiyalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəksinizmi” sualına baş katib belə cavab verib: “Mən hər zaman Rusiya xarici işlər naziri ilə görüşlərimdə ATƏT məkanındakı münaqişələri müzakirə edirəm. Bugünkü görüşümüzdə də regional münaqişələrin həlli yolları ilə bağlı fikir mübadiləmiz olacaq”.
Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivi ilə bağlı isə baş katib bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin ötən ilin oktyabrında Cenevrədə keçirilən görüşündən sonra danışıqlar prosesində dinamiklik müşahidə olundu: “Ümid edirəm ki, Azərbaycanda keçirilən prezident seçkilərindən sonra danışıqlarda bu müsbət dinamikanı qoruyub saxlaya biləcəyik”.
ATƏT-in Bakı ofisinin yenidən açılmasının planlaşdırılması ilə bağlı suala isə baş katib maraqlı cavab verib: “Xeyr. Belə bir planımız yoxdur. Lakin biz Azərbaycan hakimiyyəti ilə Azərbaycanın marağında olan sahələrdə daha çox operativ əməkdaşlıq etmək üçün hazırda dialoqdayıq”.
Baş katibin ATƏT-Azərbaycan münasibətlərində nəzərdə tutduğu operativ əməkdaşlıq özündə nəyi ehtiva edir?
Politoloq Fikrət Sadıqov qəzetimizə bildirdi ki, Azərbaycan bütün demokratik təsisatlarla qarşılıqlı əməkdaşlıq etməkdə maraqlıdır: “Bizim davranışlarımız göstərir ki, hətta bu sahədə nümunəvi partnyor sayılırıq. Ancaq təəssüflər olsun ki, bəzi təsisatlar səlahiyyətini aşan davranışlar ortaya qoyurlar. Belə olan təqdirdə isə biz adekvat cavab verməyə məcburuq. ATƏT-lə bizim əməkdaşlığımızın böyük tarixçəsi var. Onların Bakıdakı ofisinin bağlanması heç də o anlama gəlmir ki, biz həmin qurumla əlaqələri birdəfəlik kəsmişik. Müxtəlif platformalarda bizim əməkdaşlığımız davam edir. Məsələn, hazırda ATƏT-in müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərinin monitorinqini həyata keçirir. Bizim üçün vacib olan Dağlıq Qarabağ probleminin nizama salınması ilə də ATƏT-in müəyyənləşdirdiyi Minsk Qrupu məşğul olur. Bu əməkdaşlıq sırasına başqa istiqamətləri də aid edə bilərik. Mən ən vaciblərini vurğuladım. ATƏT belə operativ əməkdaşlıqda həqiqətən maraqlıdırsa, onda bizimlə paritet əsaslarla, səlahiyyətlərini aşmadan əməkdaşlıq etsin. ATƏT-in Bakı ofisinin bağlanmasının da təqsirkarı özləri olub. Bizə nəyisə öyrətməyə, istədikləri istiqamətlərə yönəltməyə çalışırdılar. Bir növ, müəllim-şagird münasibəti bəsləməyə çalışırdılar. Rəsmi Bakı buna haqlı reaksiya verdi və nəticədə ofis bağlandı. ATƏT-in Lissabon Sammitindən sonra bizim maraqlarımıza uyğun çox qərarlar qəbul olunub. Hər halda, ATƏT-in Minsk Qrupu bir qədər də biganəliyini yerə qoysa, bizim əməkdaşlığımız daha operativ məzmun alar. Baş katibin bu niyyətini isə müsbət qarşılayıram”.
Məhəmmədəli QƏRİBLİ