İşğalçı Ermənistanın Rusiyanın Qafqazda forpostu olması, İrəvanın əsas etibarı ilə Kremldən gələn göstərişlər əsasında hərəkət etməsi heç kimə sirr deyil. Bunun nəticəsidir ki, Ermənistanın müstəqillyinin formal xarakter daşıması, ölkənin daha çox Rusiyanın quberniyalarından birini xatırlatması erməni cəmiyyətində də açıq etiraf olunur.
İndi Ermənistanda belə bir fikir hakimdir ki, Serj Sarkisyan ölkənin idarəçilyini davam etdirsə, İrəvanın Moskvadan asılılığı daha da güclənəcək. Elə bu səbəbdən xalq Serj Sarkisyana qarşı çıxır. Bunu Ermənistanda baş nazir seçkisindən öncə “Qallup” şirkətinin keçirdiyi sorğu da təsdiq edir. Sorğudan belə məlum olur ki, hazırkı prezident Serj Sarkisyanı ermənilər baş nazir postunda görmək istəmir. Ölkə əhalisinin cəmi 24,8%-i Sarkisyanı baş nazir kimi arzulayırsa, Karen Karapetyanı əhalinin 27,3%-i dəstəkləyib. Maraqlı məqam odur ki, Sarkisyan bu göstərici ilə heç ikinci yerdə belə qərarlaşmayıb. Onu, Karapetyanla bərabər, məşhur iş adamı Haqik Tsarukyan da üstələyib. Tsarukyanı əhalinin 26,5%-i baş nazir görmək istəyir. Qeyd edək ki, Ermənistanda baş nazirin adı aprelin 9-da bəlli olacaq. Baş nazir parlamentdə keçirilən səsvermə əsasında müəyyən ediləcək. Son vəziyyət göstərir ki, bu postda elə Sarkisyanın özü əyləşməyi düşünür.
Yuxarıda qeyd olunduğu kimi, belə vəziyyətdə Ermənistanın Rusiyadan asılılığının daha da artması gözlənir. Bunu “rosbalt.ru“ portalının təhlili məqaləsində yer alan fikirlər də təsdiq edir. Rusiyanın Ermənistana hərbi polis bölmələri adı altında yeni qüvvələr yeritməsi fonunda portalın yazdıqlarından belə məlum olur ki, həmin qüvvələr İrəvanda Moskvaya qarşı çıxan qüvvələrin susdurulması üçün də istifadə olunacaq. Belə görünür ki, erməni cəmiyyətində Rusiyadan artan narazılıq Moskvanı narahat edir. Serj Sarkisyan isə bu qüvvələrin qarşısını almaqda aciz olduğundan bölgəyə rus qüvvələri yeridilir və onlar Ermənistanda istənilən narazılığı, lazım olsa, güc yolu ilə yatıracaqlar. Serj Sarkisyan isə mövqelərinə xələl gəlməməsi və ona qarşı narazılığı yatırmaq üçün rus qüvvələrindən istifadə olunmasında maraqlı tərəf kimi çıxış edir. Bu fonda “rosbalt.ru“ portalı yazır: “Ermənistanda yeni qalmaqal qopub və yenə də “ruslar zəminində”. Belə ki, respublikaya ilkin rəsmi müqaviləsiz və ya sazişsiz Rusiya hərbi polisi bölmələri daxil edilib. Artıq Gümrünün küçələrində Rusiya hərbi polisinin uşaqları gəzişir, yerli reportyorlar onların fotoşəklini çəkib. Danışırlar ki, onlar İrəvanda da görünüblər. Əhali öz hiddətini gizlətmir. Rusiya Federasiyası Müdafiə Nazirliyinin (RF MN) məlumatına əsasən, bu bölmələr “hərbi intizamı, yol hərəkətinin təhlükəsizliyini təmin etmək və Gümrü hərbi qarnizonunda obyektləri qorumaq üçün” Ermənistana yollanıb.
Xatırladaq ki, Gümrüdə Rusiya hərbi bazası yerləşib. Rəsmi məlumata görə, polisin şəxsi heyəti özəl təchizat, ştat silahı, hərbi texnika və xüsusi vasitələr alacaq. Bazanın yeni sakinlərinin sayı dəqiqləşdirilmir. İndiki anda onun kontingenti tam beş min nəfər təşkil edir. Ermənilər bununla razıdırlar ki, Gümrüdəki baza artıq çoxdan “cinayət ocağı” olub. Qeyd edək ki, bazada “intizam”a indiyədək onun öz qüvvələri nəzarət edib. Bu halda sual yaranır: durum bu qədərmi pisləşib ki, hərbi polis bölmələrini bura atmaq lazım gəlib? İndi Ermənsitanda sual edirlər ki, bazada hərbi polis Rusiyanın gerçəkdən nəyinə gərək olub? “Respublikanın işğalı” daxil olmaqla versiyalar xeylidir. “Vne strok” internet portalının yazdığına görə, “Ermənistan cəmiyyətində Rusiyanın mahiyyətcə Ermənistana soxulmasını populyarlaşdırmağa çalışan müəyyən strukturlar var” ki, bu da respublika vətəndaşlarının “fiziki güvənliyini və dövlətçiliyi sarsıtmağa” işləyir: “kimsə çox güclü şəkildə istəyir ki, təpədən-dırnağa silahlı bu adamyeyənlər yığını onun əmrilə Ermənistan şəhərlərində patrulluq etsin”.
Habelə fikir var ki, Rusiya özünün Yaxın Şərq planlarından çıxış edərək Cənubi Qafqazda iştirakını gücləndirir. Amma çoxları əmindir ki, hərbi polis Rusiyaya Ermənistanda qüvvə toplayan antirusiya gücləri “boğmaq” üçün gərəkdir. “1in.am” internet portalı Rusiya hərbi polisinin respublikada yerləşməsinin bir neçə “görkəmli aspekti”ni sadalayıb: legitimliyin olmaması, bazanın mandatına uyğunluğa şübhə, olduqları ölkənin güvənliyini qorumaq imkanı, hərbi obyektdəki durum əlavə nəzarət və hüdudsuzluğun dayandırılmasını tələb edərsə. Məsələ belə qoyulur: “Hətta Rusiya mətbuatı yazır ki, RF ordusunda qeyri-nizamnamə münasibətləri effektsiz idarəçiliyin, kök atmış korrupsiyanın nəticəsidir. Zəmanət haradadır ki, bu köklü qüsurlar aradan qaldırılmadığı halda hərbi polis bölmələri sabitsizliyin yeni ocağı olmayacaq?”. Habelə bu xüsusda “təşviş” ifadə olunur ki, Rusiya hərbi polisi Ermənistanın “daxili-siyasi inkişafına” qarışa bilər: “Moskva sovetsonrası məkanda “rəngli” deyilən inqilabları boğmağı özünə borc bilərək … dəfələrlə eyham vurub. Moskva Rusiya-Qərb qarşıdurması fonunda müxtəlif formal və qeyri-formal bəhanələr altında ölkəmizi poliqona çevirərək Ermənistanda hərbi iştirakını gücləndirir. Heç kim iddia etmir ki, Ermənistan siyasi elitası düşünülməmiş siyasətlə ölkəsinin güvənliyi üçün yeni risqlər doğurmaqla Ermənistan-Rusiya münasibətlərini kəskinləşdirməlidir, amma başqa yandan, hökumət Rusiya hərbi bazasının xarici aləmdə Ermənistanın müstəmləkələşdirilməsinin rüsvayçı simvolu kimi qavranmasına yol vermədən Ermənistan-Rusiya münasibətlərində ölkəmizin subyektliyini maksimal dərəcədə təmin etməyə borcludur”. “Lragir” isə yazır ki, Rusiya hərbi polisin köməyi ilə Ermənistanda nə(lər)dənsə sığortalanır.
Burada yad etməyinə dəyər ki, Ermənistan parlamenti aprelin əvvəlində yeni Konstitusiyaya uyğun olaraq respublikanın birinci simasını – baş naziri seçəcək. O, demək olar, yüzdəyüz gedən prezident Serj Sarkisyan olacaq. Yəni o artıq seçilib, Ermənistan parlament respublikasına keçid etdiyindən ona faktiki olaraq “İngiltərə kraliçası” rolu ayrılıb. Yəni Sarkisyan ölkəni idarə etməkdə faktiki olaraq üçüncü müddətə gedir – hesab olunur ki, Əsas Qanun da buna uyğun dəyişdirilib.
Ermənilərin çoxu Sarkisyanın siyasi “uzunömürlülüyündən” narazıdır və üsyan mümkündür. Amma Rusiya ondan razıdır: O, Avropa Birliyi ilə assosiativlik sazişi imzalamaqdan imtina edərək Ermənistanı Avrasiya Birliyinə daxil edib; onun dönəmində Rusiya və Ermənistan birləşmiş qoşun qruplaşması yaradıb; bir sözlə, o, Moskvanın irili-xırdalı bütün tələblərini icra edib. Belə ki, Moskvanın respublikada onun baş nazirliyi ilə bağlı “yaz kəskinləşməsi”ndən ehtiyat edərək hazırda Sarkisyanı sığortalaması istisna deyil”.
NAHİD