Məhəmməd Əsədullazadə: “Biz iki ölkənin yaxınlaşmasının nəticə etibarilə Dağlıq Qarabağ münaqişəsinin həllində təkanverici rol oynayacağına ümid edirik”
Rusiya-Türkiyə münasibətləri son bir neçə ildə əhəmiyyətli dərəcədə inkişaf edib. İki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, Moskva ilə Ankara arasında müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması iki dövlətin münasibətlərinin xeyli yaxınlaşmasına səbəb olub.
Xüsusilə Türkiyə ilə Rusiya arasında strateji tərəfdaşlıq Suriyada özünü daha çox büruzə verir.
Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putin 3-4 aprel tarixlərində Ankarada səfərdə oldu. Səfərin iki məqsədi var idi. Birinci məqsəd Türkiyədə Atom Elektrik Stansiyasının tikintisinə start vermək, ikinci məqsədi Rusiya-Türkiyə-İran formatında Suriyadakı vəziyyəti müzakirə etmək idi. Vladimir Putin 18 mart prezident seçkisindən sonra ilk xarici səfərini Türkiyəyə reallaşdırdı. Bu, Rusiya-Türkiyə münasibətlərinin son illər artan inkişafından xəbər verir. Digər tərəfdən, Qərbin sərt sanksiyaları Putinə Qərb ölkələrinə səfər etməyə imkan vermir. Nəzərə almaq lazımdır ki, geniş iqtisadi münasibətlər siyasi münasibətlərin daha möhkəm qurulmasına öz təsirini göstərir.
O da məlumdur ki, Azərbaycan qonşu dövlət olaraq Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasında, iki ölkə arasında əlaqələrin genişlənməsində maraqlıdır. Eyni zamanda, bu yaxınlaşmanın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllində pozitiv rol oynamasını arzulayır. Onsuz da ATƏT-in Minsk Qrupu münaqişəni həll etmək istəmir. Qurumun ötən 25 ildə səmərəsiz fəaliyyəti göz qabağındadır. Rusiyanın Ermənistana böyük təzyiq imkanlarının olduğunu nəzərə alsaq, Ankara ilə Moskva arasında olan yaxınlaşma Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hansısa perspektivlər aça bilərmi?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bunu istisna etmədi: “Rusiya ilə Türkiyə arasında strateji əməkdaşlıq iki ölkə arasında regional münaqişələrin həllində ortaq mövqe nümayiş etdirə bilər. Biz bunu Suriya münaqişəsində görürük və iki dövlət Astana formatında əməkdaşlığı yüksək səviyyədə apararaq müəyyən problemlərin həllinə nail olublar. Qeyd edim ki, Qərbin Türkiyə və Rusiyaya qarşı müəyyən dərəcədə siyasi təzyiqləri iki ölkənin iqtisadi-siyasi yaxınlaşmasına səbəb olub. Hazırda iki ölkə arasında iqtisadi layihələrin həyata keçirilməsi, Ərdoğan və Putinin bir-birinə etimadı Türkiyənin Afrində keçirdiyi əməliyyatlara Rusiyanın dəstək verməsinə səbəb oldu. Ən yaxşı halda qarışmadı. Göründüyü kimi, iki ölkə çox ciddi iqtisadi əməkdaşlığı uğurla davam etdirir. Putinin Türkiyəyə səfəri, “Akkuyu” Atom Elektrik Stansiyasının təməlinin qoyulması, S-400 raketlərinin satışı ilə bağlı razılığın əldə olunması, göründüyü kimi, iki paytaxtın tarixi yaxınlaşmasına aparır. Biz iki ölkənin yaxınlaşmasının nəticə etibarilə Dağlıq Qarabağ münaqişəsinin həllində təkanverici rol oynayacağına ümid edirik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən il bir neçə dəfə Putinlə münaqişənin həllini müzakirə etdi. Ancaq müəyyən səbəblərdən bir nəticə hasil olmadı. Hesab edirəm ki, bundan sonra əməkdaşlıq yüksək səviyyədə davam etsə, Ankara yenidən Dağlıq Qarabağ münaqişəsinin həllini Moskva ilə müzakirə edəcək. Hazırda Rusiya münaqişənin həllini istəmir və Türkiyə ilə müzakirə aparmaqdan yayınır. Lakin iki ölkə formatı çərçivəsində, xüsusilə Putin istəyərsə, münaqişə həll edilə bilər. Bu format münaqişənin həllinə yaxındır”.
Vidadi ORDAHALLI