Yadigar Məmmədli: “İstənilən şəxs qəzeti vərəqləməklə seçki ilə bağlı ətraflı məlumatlar əldə edir”
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahı Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib. Seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib ki, hesabat 5 fevral - 6 aprel 2018-ci il dövrünü əhatə edir.
O bildirib ki, hesabatda “İctimai-siyasi mühit”, “Söz və mətbuat azadlığı”, “Sərbəst toplaşmaq azadlığı”, “Namizədlərin irəli sürülməsi, qeydə alınması”, “Seçici siyahıları, seçki administrasiyasının fəaliyyəti” və “Təbliğat və təşviqat kampaniyası”nın monitorinqinin nəticələri öz əksini tapıb.
M.Zülfüqarlı vurğulayıb ki, monitorinqin keçirildiyi dövrdə müstəqil qəzetlərdə seçki xəbərləri ümumi xəbərlərin 13,27%-ni, müstəqil teleqraf agentliklərində 13,65%-ni, iqtidar qəzetlərində 17,62%-ni, müxalifət qəzetlərində isə 9,84%-ni təşkil edib. Onun sözlərinə görə, müstəqil qəzetlər içərisində “Bakı-Xəbər” qəzeti (51,67%), müxalifət qəzetlərindən “Yeni Müsavat” qəzeti (50%), iqtidar qəzetlərindən isə “Azərbaycan” qəzeti (50,82%) öz səhifələrində seçki xəbərlərinə daha çox yer ayırıblar. “Trend” və APA informasiya agentliklərinin bu sahədə göstəriciləri eynidir (50%).
Hesabatda o da qeyd olunub ki, seçkilər ərəfəsində sərbəst toplaşmaq azadlığı, söz və mətbuat azadlığı sahəsində hər hansı problem müşahidə edilməyib. KİV-in və jurnalistlərin fəaliyyətinə hər hansı müdaxilə və təzyiq faktları qeydə alınmayıb. Vətəndaş cəmiyyəti institutlarının seçki maarifçiliyi, seçkilərin monitorinqi və müşahidəsinə hazırlıq fəaliyyətlərinə, paytaxt və regionlarda seçicilərlə görüşlərinə və tədbirlərin təşkilinə hər hansı müdaxilə və əngəllər müşahidə edilməyib.
Hesabatda qeyd edilən rəqəmlərdən məlum olur ki, seçki xəbərlərinin yayılmasında “Bakı-Xəbər” qəzeti üstün mövqeyə malikdir. Bütün bunların fonunda, 11 aprel seçkiləri ilə əlaqədar seçki xəbərlərinin yayılmasında çap mediasının rolu necədir?
Məsələyə münasibət bildirən Demokratik Jurnalistlər Liqasının rəhbəri, media eksperti Yadigar Məmmədlinin sözlərinə görə, seçki xəbərlərinin yayılmasında çap mediası mütərəqqi rol oynayır. O bunu bir sıra ciddi arqumentlərlə əsaslandırdı: “Əvvəla seçki xəbərlərinin yayılmasında ilk baxışdan belə görünür ki, elektron media çap mediasından öndədir. Əslində, bu heç də belə deyil. Baxmayaraq ki, onlayn medianın imkanları hər kəsə tez çatmaq baxımından daha böyükdür. Ancaq mən çap mediasının bu məsələdə özünəməxsus yei olduğu qənaətindəyəm. Reallıq ondan ibarətdir ki, bununla bağlı bir sıra imkanları özündə saxlayır. Ona görə ki, çap mediasında prezidentliyə namizədlər öz ideyalarını, platformalarını dərc edirlər. Daha sonra onu bir-bir seçicilərə paylayırlar. Seçicilər də bu minvalla namizədlərin fikirləri ilə ətraflı tanış olurlar. Bu yolla namizədlər öz fikirlərini seçiciyə daha geniş şəkildə çatdırırlar. Nəzərə almaq lazımdır ki, çap mediası həm də tarixi rola malikdir. Orada dərc olunan materiallar qalır və arxiv rolunu oynayır. Araşdırma aparılan zaman çap mediasından geniş istifadə olunur. İstənilən şəxs qəzeti vərəqləməklə seçki ilə bağlı ətraflı məlumatlar əldə edir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın ciddi mətbuatı var və çap mediası öncül yerə sahibdir. 11 aprel seçkiləri ilə bağlı bir sıra çap media orqanlarının gördüyü işlər böyükdür. O baxımdan seçki ilə bağlı məlumatların çap mediasında dərc olunması çox lazımlı bir haldır. Bütün bunlarla yanaşı, hesab edirəm ki, çap mediası seçki ilə bağlı xəbərlərin yayılmasında mütərəqqi rol oynayır”.
Vidadi ORDAHALLI