Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinin Moskvaya səfərinə münasibət bildirib. Trend-in məlumatına görə, E.Məmmədyarov jurnalistlərə bildirib ki, Azərbaycan tərəfi hər dəfə qondarma rejimin nümayəndələrinin hər hansı ölkəyə səfəri ilə bağlı həmin ölkəyə nota verir:
“Onlar ölkələrə səfər edən zaman rəsmi şəxslərlə görüşürlərsə, biz həmin ölkəyə nota veririk və cavab gözləyirik. Onlar heç də həmişə rəsmi şəxslər tərəfindən qəbul edilmirlər, diaspor nümayəndələri ilə görüşürlər. Biz baxacağıq, əgər qondarma rejmin nümayəndələri Moskvada rəsmi şəxslərlə görüşsələr, bununla bağlı bəyanat verəcəyik”.
İraqdakı azərbaycanlı uşaq və qadınların gətirilməsi ilə bağlı işlər davam etdirilir
E.Məmmədyarov deyib ki, İraqda olan azərbaycanlı uşaq və qadınların Azərbaycana gətirilməsi ilə bağlı işlər davam etdirilir. Nazir bildirib ki, bu məsələ təkcə Azərbaycandan asılı deyil: “İraq hökuməti də bu məsələ ilə bağlı istintaq aparmalıdır ki, onlar kimlərdir, hansı terror qruplaşmalarına qoşulublar və s. Yəni iş gedir. Düzdür, çətin və vaxt aparan prosesdir, amma bu istiqamətdə işlər davam etdirilir”.