Azər Həsrət: “Düşünürəm ki, bu addım Azərbaycanın və Rusiya ilə digər qonşu ölkələrin xeyrinədir”
“Facebook” şirkətinin banisi və hazırkı rəhbəri Mark Zukerberq Rusiya kəşfiyyat agentliklərinin dünya boyu demokratik seçkilərə müdaxiləsinin qarşısını almaq üçün tədbirlər görüldüyünü elan edib.
Öz “Facebook” hesabında yazdığı mesajda Zukerberq İnternet Tədqiqatlar Agentliyi adı altında fəaliyyət göstərən quruma məxsus 270 səhifə və hesabın qapadıldığını elan edib: “Biz müəyyən etdik ki, İnternet Tədqiqatlar Agentliyi (Rusiyanın troll fabriki) insanları yanıltmaq üçün saxta hesablardan ibarət mürəkkəb şəbəkələrdən istifadə edir. İnsanların və hökumətlərin “Facebook” vasitəsilə siyasi baxışlarını paylaşdıqlarına hörmət etməyimizə baxmayaraq, biz bunun saxta hesablar vasitəsilə edilməsinə imkan verə bilmərik. Hər hansı təşkilat bunu mütəmadi şəkildə edirsə, biz onların bütün səhifələrini, hətta saxta olmayan səhifələri silirik. Bu gün silinən səhifələr haqqında qərarımızı onların paylaşdığı məzmuna görə deyil, İnternet Tədqiqatlar Agentliyi ilə əlaqələrinə görə vermişik”.
Qapadılan səhifələr arasında Azərbaycan auditoriyasını qeyd edən Zukerberq rus kəşfiyyat orqanlarının mürəkkəb şəbəkələr və saxta hesablar vasitəsilə insanları azdırmağa çalışdıqlarını vurğulayıb. “Bu səhifələr və hesablar Rusiyada yaşayan və Rusiyanın qonşuluğundakı Azərbaycan, Özbəkistan və Ukrayna kimi ölkələrdə rusdilli əhalini hədəf almaq üçün istifadə edilirdi. Bu halda, bizim sildiyimiz səhifələrin bəziləri İnternet Tədqiqatlar Agentliyi tərəfindən idarə edilən Rusiya xəbər agentliyinə məxsus idi. Təxminən bir milyona yaxın insan bu “Facebook” səhifələrinin və təxminən 500,000 insan onların “Instagram” hesablarının azı birini izləyirdi. Növbəti həftələrdə biz sizlər üçün İnternet Tədqiqatlar Agentliyinin idarə etdiyi hesabları izləyib-izləmədiyinizi müəyyən etmək üçün alət təqdim edəcəyik” - Zukerberq yazıb.
“Facebook” rəhbəri ictimaiyyəti əmin edib ki, seçkilərin bütövlüyünə kölgə salmaq istəyən qüvvələrlə mübarizə davam edəcək.
Dünyanın ən məşhur sosial şəbəkəsi rəhbərinin bəyanatında Azərbaycanla da bağlı ciddi məqam var. Zukerberq iddia edir ki, onlar tərəfindən fəaliyyətinə xitam verilən səhifələrdən Rusiyanın qonşuluğundakı Azərbaycan, Özbəkistan və Ukrayna kimi ölkələrdə rusdilli əhalini hədəf almaq üçün istifadə edilirdi. Bu işlərin görülməsində Rusiya xüsusi xidmət orqanlarının əlinin olduğu bildirilir. Zukerberqin bəyanatı maraqlı sualın meydana çıxmasına əsas verir: bu işdə Azərbaycandakı rusdilli əhalinin hədəf seçilməsində məqsəd nə olub?
Media məsələləri üzrə ekspert Azər Həsrət qəzetimizə açıqlamasında bildirdi ki, Rusiya SSRİ dağılandan sonra da qonşu ölkələrdə öz təsirini qoruyub saxlamağa çalışır: “Rusiya bu yöndə əlindən gələn bütün imkanlardan istifadə edir. “Facebook” da yeni texnologiya olmaqla, Rusiyaya bu istəklərini reallaşdırmaq üçün əlavə imkanlar verir. Onlar bu vasitə ilə qonşu ölkələrdə ictimai rəyə təsir etməyi hədəfləyiblər. Rusiyada İnternet Araşdırma adı ilə fəaliyyət göstərən qurum, Azərbaycan da daxil olmaqla, rusdilli əhalini hədəfə alıb. Bu nə deməkdir? Onları daimi nəzarətdə saxlamaq, onlara təsir etmək, onları yönləndirmək. Bunlar bəzən açıq şəkildə, bəzən isə elə formada edilir ki, insanların özlərinin bundan xəbəri olmur. Bu kateqoriya insanlar dedikdə Azərbaycanda yaşayan rus icması və əhalinin rus dilində danışa bilən bəlli bir kəsimi nəzərdə tutulur. Azərbaycan SSRİ-dən qopmuş bir respublika olduğu üçün, burda rus dili geniş tədris edilib. İndinin özündə də ölkəmizdə rus dilində məktəblər fəaliyyət göstərir. Rusiya da bu imkandan öz faydası üçün istifadə etməyə çalışır. Bu vasitələrlə ümumi ictimai rəyi öz xeyrinə dəyişmək, ölkədəki proseslərə bu və ya digər formada təsir etmək üçün hədəf olaraq rusdilli əhalimiz seçilib. Zukerberq də bu məsələdən xəbərdar olduğu üçün, Rusiyadakı həmin şəbəkə ilə bağlı tədbirlər görür. Düşünürəm ki, bu addım Azərbaycanın və Rusiya ilə digər qonşu ölkələrin xeyrinədir”.
Məhəmmədəli QƏRİBLİ