Elşən Mustafayev: “Rusiyanın yeni nəzərdən keçirdiyi səfirinin ölkəmizdəki fəaliyyəti hər hansı bir narahatlığa və ya narazılığa səbəb olmayacaq”
Məlum olduğu kimi, Rusiya Dövlət Duması Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib. Bu, Mixail Boçarnikovdur. Adıçəkilən diplomat bundan əvvəl Rusiyanın Qazaxıstandakı səfiri olub. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı Azərbaycana səfir təyinatı ilə bağlı məsələni şərh etmək istəməyib: "Belə bir qayda var ki, Rusiya xarici siyasət idarəsi səfirlərin təyinatı məsələsini şərh etmir".
O bildirib ki, bu qayda 90-cı illərdən təsdiq olunub: "Təyinat haqqında danışmaq, cəmiyyətə təqdim etmək yalnız Rusiya prezidentinin səfirin təyinatı ilə bağlı sərəncamından sonra mümkündür”.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın Azərbaycana təyin etmək istədiyi səfirə rəsmi Bakı etiraz etdi. Çünki həmin diplomat Gürcüstanda separatçılara açıq dəstək vermişdi. Bu məntiqlə rəsmi Bakı iddia etdi ki, beləsi erməni separatçılarına da dəstək verə bilər. Sonda Bakı haqlı olaraq Moskvanın göndərmək istədiyi həmin diplomata aqreman vermədi. Namizədliyi qeydə alınan diplomatın həm də qatı anti-Qərb və anti-NATO-çu olduğu bildirilir. Məlumdur ki, Azərbaycan xarici siyasət kursunda balanslı davranış ortaya qoyur. Yəni biz həm Rusiya, həm də Qərblə eyni məsafədə dayanmağı bacarırıq. Belə olan təqdirdə, deyilən siyasi reputasiyaya malik olan səfirin Bakıda göstərəcəyi fəaliyyət hansısa problemlərin yaranmasına səbəb ola bilərmi?
Ekspert Elşən Mustafayevin sözlərinə görə, hələlik səfirin təyinatı tam reallaşmayıb: “Ancaq irəlidəki mərhələ formal xarakter daşıyır. Heç şübhə yoxdur ki, Putin Dumanın etimad göstərdiyi səfirin namizədliyini təsdiq edəcək. Ötən dəfəki səfir təyinatı Dumada müzakirə olunan andan Azərbaycan həmin namizədə haqlı əsaslarla etiraz etdi və buna görə də təyinat reallaşmadı. Boçarnikovla bağlı isə belə bir narazılığa rast gəlinmir. Rusiyanın təyin etdiyi diplomatlar öz dövlətinin yürütdüyü siyasətə uyğun davranış nümayiş etdirirlər. Bu, diplomatiyanın qaydasıdır və istənilən ölkə ilə bağlı belədir. Hazırda Rusiya ilə Qərbin münasibətləri gərgindir. Mən inanmıram ki, hansısa ölkədə akkreditasiya olunan rusiyalı səfir hazırkı məqamda Qərbə və ya NATO-ya olan simpatiyasını açıq büruzə versin. Bir sözlə, demək olar ki, indiki məqamda Rusiyanın bütün diplomatları anti-Qərb mövqeyindədir. Bundan əlavə, istənilən səfir təmsil olunduğu ölkənin qanunlarının imkan verdiyi hədlər daxilində fəaliyyət göstərməlidir. Bu qaydalara əməl olunmayanda onlara lazımi şəkildə xəbərdarlıq olunur. Hesab edirəm ki, Rusiyanın yeni nəzərdən keçirdiyi səfirinin ölkəmizdəki fəaliyyəti hər hansı bir narahatlığa və ya narazılığa səbəb olmayacaq. Ancaq məni bu təyinatla bağlı başqa bir detal narahat edir. Bildirilir ki, Azərbaycana göndərilməsi planlaşdırılan Mixail Boçarnikovu Dövlət Dumasında Rusiya parlamentinin MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulin təqdim edib. Bu o Zatulindir ki, erməni işğalını dəstəkləyir, hər dəfə fürsət düşən kimi Azərbaycan cəmiyyətini aşağılamağa çalışır. Bax, bizim üçün ən narahatedici məsələ bu ola bilər. Yeni səfirin Qərbə və NATO-ya bəslədiyi münasibət bizə heç bir problem yarada bilməz”.
Məhəmmədəli QƏRİBLİ