Aqşin Əliyev: “Artıq bu hal beynəlxalq təşkilatların da diqqətini cəlb edibsə, deməli, vəziyyət gülməli həddə çatıb”
Mərkəzi Seçki Komissiyası tərəfindən 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün dəvət edilmiş Azad və Demokratik Seçkilər üçün Vətəndaş Təşəbbüsü (GISDI) qeyri-hökumət təşkilatı bu günlərdə aralıq hesabatını açıqlayıb. Bu təşkilat seçkilərin müşahidə olunması sahəsində ixtisaslaşıb və yaradıldığı vaxtdan indiyədək Bolqarıstanda müşahidə missiyalarını həyata keçirib. GISDI bir sıra beynəlxalq seçki müşahidə missiyalarında iştirak edib, Azərbaycanda isə 2003-cü ildən etibarən seçkiləri müşahidə edir.
GISDI uzunmüddətli müşahidə missiyası təqdim etdiyi aralıq hesabatında hazırkı geosiyasi vəziyyəti Azərbaycan üçün 11 aprel 2018-ci ildə növbədənkənar prezident seçkilərinin keçirilməsini zəruri edən hal kimi qiymətləndirir, seçkilərin müşahidə olunmasını demokratik və ədalətli seçkilər üçün beynəlxalq standartlara uyğun olduğunu vurğulayır, Azərbaycanın siyasi, iqtisadi və mədəni xüsusiyyətlərini də nəzərdən keçirir, seçkiqabağı vəziyyəti və seçkilərin keçirilməsi üçün hüquqi çərçivəni qiymətləndirir, namizədlərin irəli sürülməsi və qeydiyyatı, təşviqat kampaniyası, onun KİV-də işıqlandırılması və s. kimi məsələlərə münasibət bildirir. Hesabat müəllifləri qeyd edirlər ki, "digər müxalifət partiya və birliklərini prezident seçkilərində iştirakdan çəkindirən əsas səbəb də onların şansızlığının əvvəlcədən bəlli olması ilə bağlıdır". Hesabatda "ənənəvi boykotçu olan iki müxalifət və onların satellit təşkilatlarının seçkilərdə namizəd irəli sürməkdən imtinasının səbəbləri ekspert rəyləri ilə izah edilir" və göstərilir ki, "əsas səbəb onların irəli sürəcəkləri namizədin əsas namizədlə rəqabət etmək imkanının olmaması ilə bağlıdır". Sənəd müəllifləri "həqiqi siyasi müxalifəti" (özlərinin dediyinə görə) təmsil edən bəzi müsahiblərin yuxarıda qeyd olunan partiyaları "kompromisə getməyən müxalifət" kimi xarakterizə etdiklərini diqqətə çatdırdılar. Müsahibləri onları "radikal müxalifət" adlandırırlar və "təkcə özlərinin qeyri-demokratik vasitələr üzərində təkid edərək, status-kvoya qarşı deyil, həm də "Azərbaycan müxalifəti" siyasi etiketinin monopoliyasına can ataraq, həqiqi müxalifətə qarşı hücum" etdiklərini bildirdilər. Hesabatda "həqiqi siyasi müxalifət"dən (özlərinin dediyinə görə) olan müsahiblərə istinad edilərək qeyd edilir ki, "bu partiyaların seçkiləri boykot etmək üçün motivləri ötən prezident və parlament seçkilərində əldə etdikləri nəticələrdən və həmin partiyaların eyni "seçki uğurları" ilə yenidən qarşılaşmaq istəməmələrindən qaynaqlanır".
Göründüyü kimi, müşahidəçi təşkilat seçkilərdə boykot yolunu tutan qüvvələrlə bağlı dəqiq rəyə gələrək qeyd edir ki, həmin təsisatlar bu üsulla müxalifətçi etiketini mənimsəməyə çalışırlar.
Hesabtda qeyd edilən bu məqamı necə dəyərləndirmək olar?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, deyilən məqamla bağlı olduqca dəqiq nəticəyə gəlinib: “Mən aralıq hesabatla tanış oldum. Olduqca doğru ifadə olunub ki, boykotçular bu addımları ilə hansısa adı öz monopoliyalarına almaq istəyirlər. Sanki seçkidən imtina bunlar üçün siyasi təşkilatların oriyentasiyasını müəyyənləşdirməkdə indiqator rolunu oynayır. Siyasi praktikada boykotla bağlı dəqiq tərif var. Bunu o qüvvələr edir ki, seçdikləri taktika ilə seçki prosesini pozurlar. Bizdə isə belə deyil. Həmin addımı atanlar məhdud elektorata mənsubdurlar. Mən buna daha çox seçkidən qaçmaq, məsuliyyətin altına girməmək kimi qiymət verərdim. Bolqarıstanda fəaliyyət göstərən təşkilatın aralıq hesabatında bu məqam da dəqiq ifadə olunur. Ancaq hesab edirəm ki, yanlış taktikadır. Çünki bu yolla kimin əsl müxalifət olduğunu müəyyənləşdirmək olmaz. Əsl müxalifət gəlib seçkidə iştirak edib, öz gücünü göstərər. Kənara qaçmaqla müxalifətçi etiketini qazanıb, onu monopoliyada saxlamaq mümkün deyil. Namizədliyi qeydə alınan siyasətçilərə fikir verin. Onların arasında uzun müddətdir müxalif cameədə olanlar var. İştirak etdiyi debatlarda hakimiyyəti sərt tənqid etdilər. Bəs müxalifət necə olmalıdır? Müxalifətçi etiketini özününküləşdirmək istəyən qüvvələr bu ərəfədə kütləvi aksiyalar keçirməyə cəhd edir, ancaq biabırçı mənzərə ortaya çıxır. Kütləviliyi təmin edə bilmirlər. Seçkidən imtina edənlərin müxalifətin kim olduğuna dair “lisenziya” vermək cəhdini gülməli sayıram. Artıq bu hal beynəlxalq təşkilatların da diqqətini cəlb edibsə, deməli, vəziyyət gülməli həddə çatıb. Ümumən isə aralıq hesabatın səlis və obyektiv hazırlandığı qənaətindəyəm”.
Məhəmmədəli QƏRİBLİ