Yeganə Hacıyeva: “Gələcək əməkdaşlığımız çərçivəsində bu dəstək daha da artacaq”
Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı ölkələrinin xarici işlər nazirlərinin konfransı öz işinə başlayıb.
Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, hazırda Qoşulmama Hərəkatına sədrlik edən Venesuelanın xarici işlər naziri Xorxe Arreasa Montserrat, Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov, BMT Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Layçak iştirak ediblər. İkigünlük konfrans zamanı Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin, hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatlar beynəlxalq sülh və təhlükəsizlik üzrə ən aktual məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar.
Aprelin 6-da, XİN başçılarının iclasının yekununda Bakı Bəyannaməsi qəbul olunacaq. Qeyd edək ki, Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir, 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir. Azərbaycan 2011-ci ildən hərəkata qoşulub və onunla aktiv əməkdaşlıq edir. Qoşulmama Hərəkatının gələcək fəaliyyətində Azərbaycanı nə gözləyir?
Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, bu suala cavab vermək üçün əvvəlcə Qoşulmama Hərəkatının məqsəd və məramlarına aydınlıq gətirməliyik: “Qoşulmama Hərəkatı hərbi ittifaqlara qoşulmayan dövlətlər tərəfindən 1961-ci ildə təsis edilib. Dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmama hərəkatın əsas prinsipləridir. Yarandığı dövrdə “soyuq müharibə” və bloklararası qarşıdurmanın doğurduğu gərginliyi azaltmağı əsas məqsəd kimi qarşısına qoymuş Qoşulmama Hərəkatı qısa müddət ərzində beynəlxalq sülh, təhlükəsizlik və inkişafa dair məsələlərin müzakirə edildiyi mühüm beynəlxalq foruma çevrilib. “Soyuq müharibə”nin başa çatmasına baxmayaraq, hərəkat öz aktuallığını qoruyub saxlayıb və öz sıralarını daha da genişləndirib. Son 27 il ərzində hərəkata üzv dövlətlərin sayı əhəmiyyətli dərəcədə artıb. Azərbaycan Respublikası Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olub. Bugünkü tədbirin ölkəmizdə keçirilməsi bir daha sübut edir ki, hərəkatla ölkəmiz arasındakı münasibətlər qənaətbəxşdir. Bundan əvvəl keçirilən tədbirlərdə qərara alınıb ki, 2019-2022-ci illərdə sədrlik Azərbaycana verilsin və 2019-cu ildə XVIII zirvə toplantısı Azərbaycanda keçirilsin. Ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində təsisata üzv olmağımıza baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə ölkəmizin sədrliyi dəstəklənib.
Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir və sədrliyi dövründə hərəkatın təməlini təşkil edən məqsəd və məramların inkişafı naminə çalışacaq. Bu əməkdaşlıq çərçivəsində Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycanın ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2018-ci ildən başlayaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycanın ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramı təsis edilir. Bütün bunlar bir daha sübut edir ki, bizim gələcək əməkdaşlığımız üçün prioritetlər indidən müəyyənləşib. Hərəkatın gələcək fəaliyyətində Azərbaycan yalnız müsbət çalarlarla rastlaşa bilər. Çünki qurumun əsas qayəsi dünyada sülhə, əminamanlığa xidmət göstərməkdir. Həmçinin, hərəkat Azərbaycanın haqq işi olan Dağlıq Qarabağ münaqişəsində bizim mövqeyimizi dəstəkləyir. Gələcək əməkdaşlığımız çərçivəsində bu dəstək daha da artacaq”.
Məhəmmədəli QƏRİBLİ