Məhəmməd Əsədullazadə: “Hələlik Türkiyənin bu məsələdə əsas hədəfi nüvə enerjisi hesabına ölkənin elektrik enerjisinə tələbatını ödəməkdir”
Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putinin Ankaraya səfəri zamanı Türkiyədə Atom Elektrik Stansiyasının tikilməsi barədə razılıq əldə olunub. Layihənin ümumi dəyəri 20 milyard dollardır. Məlumat üçün qeyd edək ki, Türkiyədə ilk dəfə qurulacaq atom elektrik stansiyasının tikintisi ilə bağlı Moskva və Ankara arasında saziş 2010-cu ildə imzalanıb. Saziş hər biri 1200 meqavatt gücündə olan 4 enerji blokunun tikilməsini nəzərdə tutur.
Rusiyanın layihəsi əsasında tikiləcək bu atom elektrik stansiyasının Türkiyənin enerji tələbatının 17 faizini ödəyəcəyi gözlənir. Stansiyanın ilk enerji blokunun 2020-ci ilə istismara verilməsi planlaşdırılır. Lakin, görünür, bu müddət daha da irəliyə çəkilməli olacaq.
Türkiyə hələ 1974-1976-cı illərdə öz AES-nin tikintisinə başlamaq istəyib. 1974-cü ildə sovet atomçuları Mersin vilayətində olaraq Atom Elektrik Stansiyasının tikiləcəyi yerləri tədqiq ediblər. Həmin vaxt stansiyanın tikintisi üçün “Akkuyu” platformasının hazırlanmasına qərar verilib. Bu platformanın tikintisi üçün isə çox iş görmək lazımdır. Atom Elektrik Stansiyası ilə bağlı ən vacib məsələ radioaktiv tullantıların yerləşdirilməsi ilə bağlıdır. Bu tullantıların mühafizəsi üçün xüsusi poliqon tikmək lazım gələcək.
Qeyd edək ki, Türkiyə dövləti hələ çox illər əvvəldən nüvə enerjisi əldə olunması üçün stansiyanın tikilməsi təklifini qaldırıb. Ankara hesab edir ki, enerji qaynaqlarını əsasən xaricdən idxal etdiyi üçün, elektrik enerjisinə tələbat yüksəkdir və qiymətlər xeyli baha olur. Bu səbəbdən də Türkiyə hakimiyyəti ölkə ərazisində daha ucuz qiymətə elektrik enerjisi təmin edəcək nüvə enerjisi stansiyalarının qurulmasını məqsədəuyğun sayır.
Bütün bunlarla yanaşı, maraq doğuran məqamlardan biri də Türkiyənin haçansa nüvə dövləti olmaq perspektividir. Nəzərə alsaq ki, bir sıra dövlətlər nüvə silahına yiyələnib, o zaman sözügedən stansiya inşa olunandan sonra Türkiyə üçün də belə bir imkan yarana bilər. Maraqlıdır, ekspertlər belə bir perspektivi necə görürlər?
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə ümumən bunu istisna etmədi: “Əvvəla nüvə enerjisi daha asan əldə olunur, ancaq silah əldə etmək üçün daha güclü texnologiya lazımdır. Bunun üçün pul və siyasi dəstək olmalıdır. Türkiyə NATO üzvü kimi təşkilatın nüvə çətiri altında qorunur. Ancaq İranın nüvə silahı əldə etməyə çalışdığı bir şəraitdə bu, Türkiyə üçün çox vacibdir. İsrailin də nüvə silahına malik olması nəzərə alınarsa, Türkiyə üçün bunun əhəmiyyəti daha aydın görünər. Haçansa bu baş verərsə, Türkiyə Pakistandan sonra ikinci müsəlman nüvə dövləti ola bilər. Ümumən, belə bir perspektivi istisna etmirəm. Hazırda Rusiya, ABŞ, Fransa, Böyük Britaniya, Çin, Pakistan, Hindistan, KXDR və İsrailin nüvə silahı var. Bundan savayı, Türkiyə daxil olmaqla, NATO üzvü olan bir neçə ölkənin ərazisində ABŞ-ın nüvə silahı var və bu ölkələr savaş vaxtı bundan istifadə edə bilər. Təbii ki, buna gərək nüvə silahının sahibi razılıq versin. Hələlik Türkiyənin bu məsələdə əsas hədəfi nüvə enerjisi hesabına ölkənin elektrik enerjisinə tələbatını ödəməkdir. Məsələ ondadır ki, Türkiyə enerjiyə tələbatını əsasən idxal hesabına təmin edir. Bu da baha başa gəldiyi üçün, AES tikmək zərurəti ortaya çıxıb. “Akkuyu” AES işə düşdükdən sonra ölkədə enerjiyə olan tələbatın bir hissəsi həmin stansiya hesabına təmin olunacaq. Bu da qardaş ölkəyə əlavə iqtisadi imkanlar yaradacaq”.
Vidadi ORDAHALLI