Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı başlayıb.
Aprelin 6-dək davam edəcək konfransda Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri - ümumilikdə 800-dən artıq şəxs iştirak edir.
Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Hərəkat yanında müşahidəçi statusuna malikdir.
Xatırladaq ki, aprelin 3-4-də Bakıda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransına hazırlıq məqsədilə yüksək vəzifəli məmurlar səviyyəsində iclas keçirilib.
Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçiriləcək 18-ci Sammitinin həm də böyük rəmzi mənası var. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi imkanı qazanacaq. Bu gün Avropa qitəsində cərəyan edən proseslər Hərəkatın prinsip, məqsəd və məramlarının Avropada da təşviq edilməsinin vacibliyini gündəmə gətirir.
Bir sıra dövlətlərin vaxtilə "Soyuq müharibə" dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilib. Qoşulmama Hərəkatı yarandığı tarixdən etibarən beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayır.
Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı, konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada öz aktuallığını daha da artırır və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Müstəmləkəçiliyin ləğv edilməsi və qlobal sosial inkişaf gündəliyinin yaradılması kimi XX əsrin ən mühüm nailiyyətlərindən bir çoxu Hərəkatın bu günədək dünyaya verdiyi önəmli töhfələr sırasındadır.
Elmar Məmmədyarov konfransda çıxışında deyib ki, biz inanırıq ki, bu görüş beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalət, rifah, sülh və təhlükəsizliyin mövcud olduğu dünyanı qurmağa yönəlik səylərimiz üçün növbəti addım olacaq, qarşıdan gələn üç il ərzində Azərbaycanın QH-na sədrliyi üçün körpü quracaq və gələn il Bakıda keçiriləcək növbəti zirvə toplantımız üçün əhəmiyyətli mərhələ olacaq.
E.Məmmədyarov bildirib ki, bu iki gün ərzində Bakı QH Nazirlər Konfransı mürəkkəb və dəyişən beynəlxalq təhlükəsizlik mühitini, regional və sub-regional siyasi məsələləri, eləcə də QH ölkələrinin inkişafı, sosial və insan hüquqları məsələlərini həll etməyə və gündəlikdə duran ümumi narahatlıq doğuran məsələrə QH-nın vahid, inteqrasiya olunmuş yanaşmasını hazırlamağa çalışacaq.
Nazirin sözlərinə görə, bugünkü görüş əhəmiyyətli bir dövrdə beynəlxalq birliyin, eyni zamanda QH ölkələrinin sülh, təhlükəsizlik və davamlı inkişaf üçün yeni ortaya çıxan çağırışlar və imkanlar ilə qarşılaşdığı bir dönəmdə baş tutur: "Gələcək keçmişdə olduğu kimi bir çox çətinlik və imkanlar yaradacaq və QH onları həll etmək üçün vahid qalmaqda davam etməlidir. Bütün bunlar QH daxilində inkişaf naminə birgə cəhdlərdə yeni vəzifələr ortaya qoyur və daha çox həmrəylik, dialoq və əməkdaşlıq qurmağın vacibliyini yenidən vurğulayır.
Əhəmiyyətli bir forum kimi QH bütün xalqların suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək, digər ölkələrin daxili işlərinə müdaxilə etməmək, hər hansı bir ölkənin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı təcavüz təhdidləri və ya hərəkərlərindən yayınmaq və güc tətbiq etməmək kimi öz əsas prinsip və məqsədləri ilə dünyada sülh və təhlükəsizliyə töhfə verməyə çalışır".
E.Məmmədyarov vurğulayıb ki, milli və beynəlxalq səviyyədə qanunun aliliyinə hörmət beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, iqtisadi və sosial inkişaf məqsədlərinə nail olmaq üçün vacibdir: "Beynəlxalq hüquqa qarşı seçimli yanaşmalar və ikili standartlardan çəkinməliyik. BMT-nin üzv dövlətləri, xüsusilə də BMT Təhlükəsizlik Şurasının üzv dövlətləri dövlətlərarası münasibətlərdə beynəlxalq hüquqa tam hörmətə nail olmaq naminə gələcək irəliləyişlər əldə etmək məqsədi ilə BMT Nizamnaməsini və beynəlxalq hüquqa hörmət, onu müdafiə etmək, qorumaq və təşviq etmək öhdəliyini yeniləməlidir.
Azərbaycan ilk növbədə beynəlxalq sülhün və təhlükəsizliyin qurulmasında və qorunub saxlanmasında, həmçinin davamlı inkişafında, sosial və insan hüquqları ilə bağlı məsələlərdə BMT-nin aparıcı rolunu təqdir edir. Bu məqsəqlə Azərbaycan BMT TŞ-da islahatların keçirilməsi ideyasını dəstəkləyir ki, bu da təşkilatın daha səmərəli və effektiv formada işləməsi, müasir dünyanın çağırış və problemlərini həll edə bilməsi deməkdir. Bunu rəhbər tutaraq, BMT-yə üzv dövlətlərinin 3/2-si QH ölkələri tərəfindən təmsil olunduğu üçün BMT-nin islahatına dair təkliflərin bu qrupdan gəlməsi əlbəttə ki nəzərə alınmalı, eşidilməli və hörmət edilməldir".
Xarici işlər naziri deyib ki, dünyanın müxtəlif yerlərində baş verən müharibələr və silahlı münaqişələr bəzi bölgələrdə siyasi qeyri-sabitliyə, geniş miqyaslı yerdəyişmələrə və gözlənilməz humanitar böhrana səbəb olur: "Biz əminik ki, regional və subregional məsələlərə dair Bakı QH nazirlərin aralıq toplantısının nəticələri təhlükəsizlik problemlərinin həllinə və beynəlxalq və regional səviyyələrdə sülh və təhlükəsizliyin gücləndirilməsinə kömək edəcək. QH-nin gələcək sədr dövləti kimi Azərbaycan bu funksiyanı QH ölkələrində beynəlxalq hüquqa və Hərəkatın möhkəm mövqeyinə əsaslanan münaqişələrin sülh yolu ilə həllinə yardım etmək üçün istifadə edəcək".
İqtisadi və sosial inkişaf sahəsinə gəldikdə isə E.Məmmədyarov bildirib ki, mövcud beynəlxalq iqtisadi vəziyyət inkişaf etməkdə olan ölkələr üçün fürsətlər, eyni zamanda çağırışlar və risklər təqdim etməyə davam edir: "Bir tərəfdən, mövcud liberallaşma dövründə inkişaf etməkdə olan ölkələr qloballaşma prosesindən faydalanır, lakin digər tərəfdən, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının dünya iqtisadiyyatı ilə sıx inteqrasiyası onları beynəlxalq iqtisadi vəziyyətin tendensiyasına həssas edir. Buna görə, inkişaf etməkdə olan bütün ölkələrin faydalanması üçün beynəlxalq iqtisadi mühitin müsbət elementlərini birlikdə istifadə edə bilərik.
Bu gün, qlobal iqtisadi tənəzzülün təsirləri ilə qarşılaşdığımız bir dönəmdə enerji, nəqliyyat və uzlaşmanın digər əlaqəli komponentləri ölkələrimizin iqtisadi və ticarət inkişafı üçün daha perspektivli amilə çevrilir. Buna görə, iqtisadi inkişaf üçün vacib bir şərt kimi, prioritet sahələr arasında ümumi olaraq nəqliyyat və uzalaşma məsələlərinin inkişafını vurğulamaq vacibdir.
Azərbaycan davamlı enerji layihələrinin təşəbbüsü və həyata keçirilməsi yolu ilə daha geniş regionun enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaş olmuşdur. Xəzər, Qara və Aralıq dənizlərini birləşdirərək müxtəlif boru kəmərləri infrastrukturunu yaratdıq. Bu enerji layihələrinin reallaşdırılması enerji mənbələrinin diversifikasiyasına, həmçinin regionda və daha da kənarda enerji təchizatı və nəqliyyatının təhlükəsizliyini artıracaq.
Ötən illər ərzində ölkəmiz regionda nəqliyyat əlaqələrinin inkişafı üçün genişmiqyaslı infrastruktur layihələri həyata keçirmişdir. Bununla yanaşı Azərbaycan hökuməti malların maneəsiz və təhlükəsiz hərəkətinə əsaslanan genişmiqyaslı iqtisadi əməkdaşlıq və ticarətin inkişafı üçün əlverişli şərait yaradacaq Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb axınları boyunca digər maraqlı və qonşu dövlətlərlə birgə regional və trans-regional çox modallı nəqliyyat dəhlizlərinin inkişafı üçün mühüm addımlar atır".
Nazir sonda keçirilən görüşlər və Bakı Nazirlər Konfransının qlobal və regional məsələlər, eləcə də inkişaf, sosial və insan hüquqları məsələləri ilə bağlı yekun sənədinin maddələri beynəlxalq təhlükəsizliyə, regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və QH ölkələrinin iqtisadi inteqrasiyasında praktiki addımlar atmağa töhfə verəcəyinə ümidvar olduğunu deyib.
E.Məmmədyarov qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi təkcə region üçün deyil, bütün dünya üçün bir təhdiddir.
Nazir vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi regionda sülhün təmin olunması və iqtisadi inkişaf üçün əsas maneədir.
O bildirib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnamə qəbul edib, lakin təəssüflər olsun ki, indiyə qədər bu qətnamələr yerinə yetirilməyib. BMT-dən əlavə çoxlu sayda beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul edib.
Nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo qəbuledilməzdir. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində və Azərbaycanın ərazi bütövlüyü əsasında öz həllini tapmalıdır.
E.Məmmədyarov əlavə edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə münaqişələrin beynəlxalq hüquq və ölkələrin ərazi bütövlüyü çərçivəsində həlli üçün əlindən gələni edəcək.
Xəbər xidməti