“Münaqişələrin qarşısının alınması dayanıqlı inkişafın əsas prinsiplərindən biridir”. “Trend”-in məlumatına görə, bunu Bakıda Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin aralıq nazirlər konfransı zamanı BMT Baş Assambleyasının prezidenti Miroslav Layçak deyib.
O qeyd edib ki, dünyada münaqişələr davam edənədək əhali sosial və iqtisadi inkişafa nail ola bilməyəcək: “Biz dayanıqlı inkişafa nail olmaq üçün səyləri gücləndirməliyik. Bu gün zənginlərlə yoxsullar arasında fərq böyüyür, insanların müharibələri bitirmək çağırışları diqqətə alınmır. Gözəgörünməz müharibə gedir. Bu çətinliklərlə mübarizə aparmaq üçün birləşməliyik”.
M.Layçakın sözlərinə görə, dayanıqlı inkişafa nail olmağın vacib prinsiplərindən biri də inkişafla sülh arasındakı əlaqədir: “Bu gün bütün dünyada gənclər ekstremist qüvvələrin təsirinə məruz qalır. Hesab edirəm ki, bizim burada keçirdiyimiz və keçirəcəyimiz danışıqlar bunun qarşısına almağa kömək edəcək. Biz təhlükəsizlik, sülh və dayanıqlı inkişaf arasında əlaqə yaratmalıyıq”.
Çavuşoğlu…
"Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqları və Qarabağ problemini Azərbaycan beynəlxalq aləmdə çox yaxşı anladır. Ərdoğan başda olmaqla, bizlər də hər yerdə bunu çox yaxşı anladırıq". APA-nın məlumatına görə, bunu Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında iştirak edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, bütün sənədlərdə bu problemlə bağlı qəti şəkildə qərarlar əksini tapsa da, tətbiqi ilə bağlı heç nə edilmir: "Ermənistan hələ də Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Bu münaqişə sülh, barışıq yolu ilə tezliklə həll edilməlidir. Azərbaycan ehtiyac duyduğu hər an Türkiyə onun yanındadır".
M. Çavuşoğlu Azərbaycanın haqlı davasının çatdırılması baxımından bu cür beynəlxalq tədbirlərin əhəmiyyətli olduğunu bildirib: "Amma istər bu hərəkat, istər BMT, ATƏT və digərləri münaqişənin Minsk Qrupu çərçivəsində barışıq yolu ilə həllinə çalışmalıdır. Bunu Rusiyaya, ABŞ-a, Minsk Qrupuna da deyirik.
Biz hər zaman, hər şərtdə Azərbaycanın yanındayıq. Azərbaycan da eyni şəkildə Türkiyənin yanındadır".
Venesuela XİN rəhbəri…
Bəzi dövlətlər tərəfindən digər ölkələrin ərazi bütövlüyünə qarşı aparılan siyasət sabitliyə təhdiddir və eqoizmə əsaslanır. Venesuelanın xarici işlər naziri Xorxe Arreasa Monserrat Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı belə deyib.
Nazir qeyd edib ki, bugünkü görüşün əsas mövzusu inkişaf naminə beynəlxalq təhlükəsizlik və sabitliyin qorunması olacaq ki, bu da bütün dünya üçün vacibdir: "Biz mütəmadi olaraq ölkədə vəziyyəti destabilləşdirməyə, sülhə və demokratiyaya təhdid yaratmağa davam etməyə çalışan xarici qüvvələrin qurbanına çevrilirik. Onlar ölkənin iqtisadi inkişafına təsir edən qanunsuz sanksiyalar tətbiq edirlər. Lakin bu cür təhdidlər bizi yalnız birləşdirir".
X.A.Monserrat əlavə edib ki, bu gün, XXI əsrdə ölkələr yenidən "soyuq müharibə"nin nəticələri ilə qarşılaşırlar: "Dövlətlərin daxili işlərinə müdaxilə davam edir. Qoşulmama Hərəkatı isə problemin həllində müsbət rol oynamaq istəyir. Biz dünyada sosial ədalətə xidmət etmək üçün təşkilatı inkişaf etdirmək niyyətindəyik. Biz ölkələrin daxili siyasətinə müdaxilənin qarşısını almalıyıq. Biz bütün mədəniyyətlərə, dinlərə, ərazi bütövlüyü prinsipinə və sülh və inkişaf daxil olmaqla, insan hüquqlarına hörmətlə yanaşmalıyıq".
Lesotolu nazir…
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq sülhə təhdid törədir. Bunu isə Lesotonun beynəlxalq əməkdaşlıq və xarci işlər naziri Leseqo Makqhoti Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələr qəbul etdiyini bildirən L.Makqhoti münaqişənin həllinin uzanmasından təəssüf hissi keçirdiyini diqqətə çatdırıb.
Lesotolu nazir dünyada münaqişələrin həlli istiqamətində BMT-nın səylərini artırmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, dünyada sülhün və sabitliyin təmin edilməsi üçün əməkdaşlığa ehtiyac var.
İran hücumda - Vaşinqtonun nüvə silahları ilə bağlı planları yeni silahlanma yarışına gətirib çıxaracaq
Nüvə silahlarının müasirləşdirilməsi ilə bağlı Vaşinqtonun 1,2 trilyon dollar xərcləmək planları yeni silahlanma yarışına gətirib çıxaracaq. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin aralıq konfransında belə deyib.
O bildirib ki, ABŞ hökumətinin artmaqda olan etinasızlığı da silahlanmanı gücləndirəcək.
Nazir əlavə ediib ki, Qoşulmama Hərəkatı silahsızlaşdırılma üzrə səyləri davam etdirməlidir.
İsrailin dinc fələstinlilərə hücumlarını araşdırın…
"Qoşulmama Hərəkatı dünyada sülh və təhlükəsizliyin qorunmasında fundamental rol oynayır". APA-nın məlumatına görə, bunu Fələstin xarici işlər naziri Riyad Maliki Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib.
Qoşulmama Hərəkatının həm də dünyada insanların hüquqlarının qorunmasını dəstəkləməsini vacib sayan Fələstin xarici işlər naziri Hərəkatın dünyada meydana çıxan çağırışlara qarşı birləşməli, beynəlxalq hüquq prinsiplərinin tətbiqinə nail olmaq istiqamətində imkanlarını artırmalı olduğunu bildirib.
Fələstin xarici işlər naziri qeyd edib ki, İsrail özünün müstəmləkə işğalının davam etməsi üçün əlindən gələni edir və ABŞ bu sahədə İsrailə ideoloji dəstək verir.
Ötən həftə İsrailin snayper və digər silahlardan istifadə edərək Qəzzada dinc fələstinli aksiyaçıları hədəf aldığını xatırladan R. Maliki BMT Təhlükəsizlik Şurasının belə hadisələrə reaksiya verməkdə uğursuzluğa düçar olduğunu, Fələstinin BMT-ni bu olayla bağlı müstəqil araşdırma aparmağa çağırdığını nəzərə çatdırıb: "Fələstin növbəti dəfə BMT-ni İsrailin hücumlarını araşdırmağa çağırır".
Ədalət olmasa, dayanıqlı inkişaf mümkünsüzdür…
Beynəlxalq ədalət olmadan beynəlxalq sülh və sabitliyə, dayanıqlı inkişafa nail olmaq mümkünsüzdür. Bunu dünən Şimali Koreya xarici işlər naziri Li Yonq Ho Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında bildirib.
Nazir qeyd edib ki, suverenlik, ərazi bütövlüyü, bərabərlik prinsipi və digər ölkələrin işlərinə qarışmamaqdan məqsədli şəkildə imtina edilir: “Kiçik ölkələrin müstəqilliyinin böyük ölkələr tərəfindən pozulması müxtəlif formalarda baş verir".
Şimali Koreya xarici işlər naziri bu tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürünü bildirib: “Azərbaycan xarixi işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə keçirilən bu beynəlxalq konfransın səmərəli olacağına inanıram. Ədalətlə bağlı müxtəlif çağırışlar eşidirik. Bu gün dünyada böyük ölkələr kiçik ölkələri sıxışdırır. Hesab edirəm ki, bu konfrans beynəlxalq sülhə və dayanıqlı inkişafa töhfə verəcək".
Şimali Koreya xarici işlər naziri deyib ki, Suriya, Yəmən, Əfqanıstan kimi ölkələrdə, Yaxın Şərqdə münaqişələrdə beynəlxalq ədalət böyük güclər tərəfindən pozulur.
Li Yonq Ho bildirib ki, dünyanın bir çox yerlərində kiçik ölkələr böyük güclərin hərbi qarşıdurmalarının qurbanı olur: "Əgər beynəlxalq ədalət yoxdursa, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin heç bir dəyəri yoxdur və kiçik ölkələrin suverenliyi və mövcudluğuna heç zaman zəmanət verilə bilməz. Beynəlxalq ədalətin bərpa olunması üçün birgə səylər göstərilməlidir. Beynəlxalq aləmdə ikili standartlardan və ədalətsizlikdən imtina olunmalıdır. İqtisadi əməkdaşlıq, ətraf mühitin qorunması kimi mühüm beynəlxalq məsələlər ətrafında əməkdaşlığa can atılmalıdır".