Elçin Mirzəbəyli: “Müşahidəçilərin sayının artması beynəlxalq ictimaiyyətin Azərbaycana diqqətindən xəbər verir”
Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 871 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar 58 beynəlxalq təşkilatı təmsil etməklə 59 ölkənin vətəndaşlarıdır. İndiyədək akkreditasiyadan keçən yerli müşahidəçilərin sayı 56 864-dir.
Onlardan 1962-si MSK-da akkreditasiyadan keçərək bütün ölkə ərazisində, 54 902-si isə dairə seçki komissiyalarında akkreditasiyadan keçərək müvafiq dairənin hüdudları daxilində müşahidə aparmaq hüququ qazanıb. Həmçinin, siyasi partiyalar tərəfindən aşağı seçki komissiyalarına 5099 məşvərətçi səs hüquqlu üzv təyin olunub.
Məlumdur ki, seçkilərdə şəffaflığın təmin olunmasında müşahidəçilərin rolu xüsusi qeyd olunur. Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün beynəlxalq müşahidəçilərin sayı artaraq 900-ə çatıb.
Siyasi şərhçi Elçin Mirzəbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, seçkilərin şəffaflığının təmin olunmasında müşahidəçilərin rolu əvəzsizdir: “Müşahidəçilərin sayının artması beynəlxalq ictimaiyyətin Azərbaycana marağından xəbər verir. Azərbaycanda keçiriləcək seçkilər nüfuzlu beynəlxalq təşkilatların da diqqət mərkəzindədir”.
E.Mirzəbəyli onu da əlavə etdi ki, prezident seçkilərini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin də sayı yetərincədir: “Seçkilərə qatılan siyasi partiyalar və onların müşahidəçiləri dairə və məntəqə seçki komissiyalarına təyin olunublar. Həmçinin, 11 aprel tarixində keçiriləcək prezident seçkiləri ilə bağlı ayrı-ayrı qeyri-hökumət təşkilatlarının da müşahidəçiləri bu prosesdə fəal iştirak edirlər: “Şübhəsiz ki, bütün bunlar seçkilərdə şəffaflığın təmin olunması üçün geniş imkanlar yaradır”.
Günel CƏLİLOVA