Əli Əliyev: “Onlar etdikləri çıxışlarla təhtəlşüurda özlərini alternativ kimi duymurdular” Vüqar Qədirov: “Hətta onlara efirdən səslənmək üçün saatlarla vaxt verilsəydi belə, yenə də xalqı öz ətraflarına toplamağı bacarmazdılar”
Aprelin 11-nə təyin edilmiş prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən qeydə alınmış namizədlər üçün ödənişsiz efir vaxtı yekunlaşıb. Təşviqat kampaniyası çərçivəsində namizədlər üçün 9 debat təşkil olunub. Onlar üçün 22:00-da İctimai Televiziyada hər dəfə 1 saat olmaqla həftədə 3 dəfə debat təşkil olunub. Həftədə 3 saat isə İctimai Radioda debatlar keçirilib. Radiodakı debatlar isə saat 19:00-da başlayıb.
Qeyd edək ki, bu il efirdə təşviqat zamanının vaxtı dəyişdirilib. Əvvəl televiziyada çıxışlar saat 19:00-da başlayırdısa, indi bu vaxt saat 22:00 olub. Sosial şəbəkələrdə gedən müzakirələrdən məlum olur ki, əhali arasında daha çox namizədlərin iştirakı ilə keçirilən teledebatlar böyük maraqla izlənib. İctimai Televiziyada təşkil olunan teledebatlarda namizədlərə çıxış etmək üçün hər gün yeni bir mövzu təklif edilib. Məsələn, milli təhlükəsizlik, ərzaq təhlükəsizliyi, iqtisadi islahatlar, aqrar sektordakı proseslər, xarici siyasət, Dağlıq Qarabağ münaqişəsi və sair kimi real mövzular ətrafında müzakirələr gedib. Hakimiyyətə alternativ sayılan namizədlər verilən bu imkandan necə yararlana biliblər? Onlar bu imkandan istifadə edib xalqı öz ətraflarına toplamaq üçün sistemli bir fəaliyyət konsepsiyası təqdim edə bildilərmi?
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qəzetimizə bildirdi ki, yaradılan imkandan istifadə edib, deyilən istiqamətdə nailiyyət əldə etmək üçün bir neçə namizəd tərəfindən yalnız belə bir təşəbbüsün olduğunu gördük: “Məsələyə obyektiv yanaşılsa, hesab edirəm ki, 7 dəqiqə 30 saniyə ərzində hakimiyyətə alternativ olan hansısa namizədin öz proqramından ətraflı danışması mümkün deyil. Debatlarda konkret mövzuların müəyyənləşməsi isə namizədlər tərəfindən sanki normal dərk edilməmişdi. Əksər hallarda onlar debat mövzusundan kənara çıxırdılar. Çünki onlar etdikləri çıxışlarla təhtəlşüurda özlərini sanki alternativ kimi duymurdular. Həmin çıxışlarda özlərini müxalif sayanların hakimiyyətə münasibətdə bir qədər loyallığı nəzərə çarpırdı. Sistemli çıxış edənlər də oldu. Bu xüsusda Fərəc Quliyev və Sərdar Cəlaloğlunun təqdimatı bir qədər inandırıcı kimi görünə bilirdi. Hesab edirəm ki, real şəraitdə hakimiyyətə alternativ sayılan namizədlər üçün xalqı öz ətrafına toplamaqda bir debatın verdiyi imkan kifayət etmir”.
Politoloq Vüqar Qədirov isə hesab edir ki, təşkil olunan debatlarda mövzu seçimləri çox təqdirəlayiq idi: “Mən, demək olar ki, bütün debatları diqqətlə izlədim. Müzakirə olunmaq üçün təqdim olunan mövzular sırf Azərbaycanın milli, dövləti maraqları kontekstindən seçilmişdi. Ancaq təəssüflər olsun ki, bəzi namizədlər mövzudan kənara çıxaraq, kimlərinsə onlara etdikləri şikayətlərdən ibarət siyahıları oxuyurdular. Elə namizədlər də oldu ki, qeyri-mümkün olan vədlər verməklə yadda qaldılar. Bəlkə də onlar bilirlər ki, seçilə bilməyəcəklər, ona görə də həmin populist fikirləri səsləndirirlər. Müxalifətçi kimi təqdim olunan namizədlər debatlarda xalqa ödəyəcəkləri müavinətlər və başqa vədlərlə bağlı astronimik rəqəmlər səsləndirdilər. Hiss olunurdu ki, həmin istiqamətdə dərin araşdırmalar aparmayıblar. Bəzi namizədlər isə mövzudan kənara çıxaraq, ittihamları konkret məmurların üstünə fokslayırdılar. Hesab edirəm ki, hakimiyyətin gördüyü işlər, əldə etdiyi nailiyyətlər həmin namizədlərin bütün arqumentlərini əsassız saymaq üçün kifayət edən gücdədir. Buna görə də hətta onlara efirdən xalqa səslənmək üçün saatlarla vaxt verilsəydi belə, yenə də xalqı öz ətraflarına toplamağı bacarmazdılar. Çünki Azərbaycanda hakimiyyətlə xalqın birliyi daha möhkəm bağlarla bir-birinə bağlanıb”.
Məhəmmədəli QƏRİBLİ